Məhkəmə qərarları › İş №2(105)-1101/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1101/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1101/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulu, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayətləri vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 03 iyul 2013cü il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz-yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulu, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ünvan 1 ünvanında yerləşən və əvvəllər onun istifadəsində olan torpaq sahəsini 2013-cü ildə 25000 ABŞ dollarına almışdır. Həmin vaxt Cavabdeh Canmirə qızının torpaq sahəsinə aid heç bir sənədi olmadığına görə alğı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Onun əvəzinə notarial qaydada 03 iyul 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən o, 06 (altı) ay ərzində Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dolları və ya 19650 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin kredit müqavilə faktiki münasibətlərə uyğun olmamışdır. Faktiki münasibətlər alğı-satqı münasibətləri olsa da, yalan əqd olaraq kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə əlavə olaraq 3 sot torpaq sahəsinə 3000 (üç min) ABŞ dolları pul ödəmişdir. Cavabdeh 2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia qaldırmış, həmin 25000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etmişdir. Abşeron rayon məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bundan başqa Abşeron rayon Masazır Bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddia qaldırmış, Abşeron rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-101/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının müddəti ötürməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən göründüyü kimi 03 iyul 2013-cü il tarixdə tərəflər arasında 06 ay müddətinə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin icra müddəti 03 yanvar 2014-cü il tarixdə bitdiyindən və həmin andan iddia müddətinin axımı başlamış, lakin iddiaçı həmin müqavilə üzrə borcu 13 mart 2020-ci il tarixdə tələb etmişdir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1., 354.2. maddələri) İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əqdi mübahisələndirmək üçün müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar