Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1102/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-789/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. **********470/30677580 saylı abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1149.40 manat borcu yaranmışdır.
2. Tərəflər arasında mübahisə 1149.40 manat məbləğində borcun hesablanması ilə bağlı olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/12, mənzil 27-yə əssasız olaraq hesablanmış 1149.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/12, mənzil 27 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan mənzildə xidmətlərdən istifadəyə görə 1149.40 manat borcu olduğu bildirilmişdir. Mənzildə xidmətlərə görə xx.xx.2002-ci il tarixdə kod açılmış və 5 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün olmaqları barədə sənədlər idarəyə təqdim olunmuşdur. Sumqayıt Sukanal İdarəsinə həmin mənzildə yaşayış olmaması barədə ərizə ilə müraciət etmişdir. Lakin ərizə təqdim etməklərinə baxmayaraq idarənin əməkdaşları təqdim olunan ərizəni nəzərə almayaraq əsassız olaraq ona məxsus mənzilə illər üzrə 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparmışdır. Ona görə də hesablanmış borc məbləği ilə razı deyildir.
5. 17 fevral 2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASCnin nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddiaçının mənzilinə 2022-ci ildə kod açılmış və 5 nəfər ailə üzvünə görə normativ qaydada hesabat aparılmışdır. 2017-ci ilə qədər qaçqın limitindən istifadə olunmuş və həmin vaxta qədər borc olmamışdır. İddiaçının silinməsini tələb etdiyi borc məbləği güzəşt ləğv olunandan hazırki vaxta qədər hesablanmış borcdur. Həmin borc üzrə ödəniş olmamışdır. 2017-ci ildən yaranmış borcdur. 2017-ci il üçün 144 manat, 2018-ci il üçün 151,50 manat, 2019-cu il üçün 150,50 manat, 2020-ci il üçün 152 manat, 2021-ci il üçün 279,40 manat, 2022-ci il üçün 296 manat , cəmi 1173 manat 40 qəpik borcu vardır. Borc metodik hesablamaya əsasən 5 nəfərə görə hesablanmışdır.Ona görə də iddia tələbini əsassız hesab edir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-789/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına mənzilə sudan istifadəyə görə 2017-2022-ci illər üzrə hesablanmış 1149.40 (bir min yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində borcun abonentin hesabından (abonent kodu **********470) silinməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 59.1, 59.3, 61,2, Mülki Məcəllənin 372, 375, 551.2.4, 551, 560, 385, 448-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü il üzrə 70 manat ödəmə etmişdir. Qeyd olunan faktlar məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh ödəmə etməklə müddət axımını kəsmişdir. Digər tərəfdən borc 2017-ci ilin yanvarın 1-dən məhkəməyə iddia ərizəsi verilən günədək yaranmış borc məbləğidir. Məhkəmədə bu halı öz qətnaməsində qeyd etmişdir. Borc qeyd edilən müddətlərdə yarandığı üçün məhkəmə tərəfindən 551-ci maddə tətbiq edilə bilməzdi. Çünki borc son beş ildə yaranmışdır. Bundan əlavə, iddiaçı həmin ünvanda 2016-cı ildən yaşamadığını qeyd etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Qanunun tələbindən göründüyü kimi iddiaçı tərəf 4 iş günü müddətində mənzildə xidmətlərdən istifadə etməyəcəyi barədə su təchizatı müəssisəsinə müraciət edərək su təchizatının dayandırılmasını xahiş etməli idi. Lakin iş materiallarında belə bir müraciət mövcud deyildir. Həmçinin belə bir məktubla cavabdehə də müraciət etməmişdir. Məhkəmədə bu halı öz növbəsində araşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının ailə üzvləri ilə birlikdə göstərilən dövr ərzində hansı ünvanda yaşadığı, həmin ünvan üzrə hesabatın hansı qaydada aparıldığı (ailə tərkibi və ya sayğac üzrə) araşdırılmamış, qətnamə qəbul edərkən bu kimi hallara qiymət verməmiş, nəticədə maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
16. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
20. İşdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda istifadədə olan 0.071995 ha torpaq sahəsində yerləşən 4A/30 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 41.99 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır.
21. İddiaçı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 928 saylı arayışı məhkəməyə təqdim edərək, ünvan 1 mənzildə xx.xx.2022-ci ildə yazılmış akta əsasən 2016-cı ildən göstərilən ünvanda yaşamadığını qeyd etmiş və sudan istifadəyə görə ona əsassız olaraq borc hesablandığını qeyd etmişdir.
22. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyinə istinad edərək, iddianı təmin etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan mənzildə suölçən cihaz quraşdırılmamışdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndində göstərilmişdir ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
25. İddiaçı isə “Sudan istifadə Qaydaları”nın qeyd olunan bəndinə əməl etməyərək, ailə üzvlərinin tərkibi və qeyd olunan mənzildə yaşamaması barədə məlumatı cavabdeh ASC-yə təqdim etməmiş və su təchizatının dayandırılmasını xahiş etməmişdir.
26. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
29. Hazırkı işdən görünür ki, mübahisələndirilən borc məbləği 2017-ci ildən sonrakı dövrü əhatə edir və borcun siliməsi barədə tələbi iddiaçı irəli sürmüşdür. İddia müddəti isə cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcminin iddiaçıya (istehlakçıya) məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanması əsassız olmamışdır.
31. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
32. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-789/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-789/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.