Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1104/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-109/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-109/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evi və daş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, SOCAR-ın Qaz İxrac İdarəsinin istismarında olan Qaradağ-Sumqayıt yerüstü magistral qaz kəmərinin 32-ci kilometrliyində, kəmərdən 8 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu, Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsi ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Qaz İxrac” İdarəsi iddia ilə məhkəməyə müraciət edərək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli Qaradağ-Sumqayıt yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, həmin magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yaşayış evinin boşaldılaraq onun hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın Qaz İxrac İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli Qaradağ-Sumqayıt yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu Quşçuluq massivi Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında, magistral qaz kəmərindən 8 metr məsafədə fərdi yaşayış evi və daş hasar inşa edilmişdir. xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisində 530 mm diametrli Qaradağ- Sumqayıt yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən magistral qaz kəmərindən 8 metr məsafədə fərdi yaşayış evi və daş hasarın inşa edilməsi barədə SOCAR-ın Qaz İxrac İdarəsi Abşeron Magistral X4 5 saylı Xətti İstismar Xidmətinin məsul əməkdaşları tərəfindən akt və xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu tərtib edilmiş, elə həmin tarixdə də özbaşına inşa edilmiş fərdi yaşayış evi və daş hasarın ləğv edilərək magistral qaz kəmərindən 50 metr məsafə aralıya kənarlaşdırılması barədə müvafiq xəbərdarlıq məktubunu iş üzrə Cavabdeh təqdim etsələr də, cavabdeh xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdeh inşa etdiyi tikili birbaşa qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdehin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda İdarənin qanuni istifadəsindədir. Cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Qanunun tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunun Dilağarda kəndindən məcburi köçkündür, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və hazırda İ qrup müharibə əlilidir. Qeydiyyatda olduğu Fizuli rayonunun Dilağarda kəndi bir ilə əvvələdək erməni işğalı altında olduğundan və oradakı evi tamamilə dağıdıldığından məcburən Abşeron rayonu, Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsində 4 nəfərlik ailəsinin yaşaması üçün öz hesabına ev tikmişdir. O, ailəsi ilə hazırki yaşadığı evdən çıxarılarsa, yaşamağa digər evləri yoxdur və küçələrdə qalmağa məcburdurlar. Digər tərəfdən, Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsi Dövlətin prioritet məsələlərindən biridir və indiyədək müharibə əlillərinin mənzillə təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin bir sıra Fərman və Sərancamları verilmişdir. Məhkəmə cüzi ailə gəlirləri hesabına tikdiyi evi öz hesabına sökdükdən sonra 4 nəfərdən ibarət ailəsi ilə harada yaşaması məsələsini nəinki həll etməmiş, buna heç səy də göstərməmişdir. Məhkəmə iş üzrə araşdırma apararkən bu hallara əhəmiyyət verməmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə qanunsuz qətnamə qəbul etmişdir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralandıqdan sonra Füzuli rayonunun Dilağarda kəndindən məcburi köçkün olmuş və sonra məcburiyyət qarşısında öz vəsaitləri hesabına Abşeron rayonunun Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsində hazırda yaşadığı fərdi yaşayış evini tikmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsindən və evdən uzun müddətdir istifadə edir və bu əmlaklar sahiblik edir. Ona görə də onun sahiblik və istifadə etdiyi torpaq sahəsi və tikili onun əmlakı hesab edilir və onun əmlakına edilən hər hansı müdaxilə maddi hüquq normalarının pozulmasıdır. Bununla yanaşı, o, işə məhkəmədə baxılarkən bildirmişdir ki, bu vaxtadək heç kim ona həmin torpaq sahəsindən və tikilidən qanunsuz istifadə ilə bağlı heç bir etiraz bildirməmişdir. Onun tikdiyi ev Qaradağ-Sumqayıt yerüstü magistral qaz kəmərinindən təxminən 20 metr məsafədə yerləşir və həmin kəmərin 5 metrliyində yerləşən xeyli sayda fərdi yaşayış evləri vardır. Lakin həmin evlərlə bağlı heç bir etiraz və məhkəmə iddiası irəli sürülmür, yalnız İ qrup müharibə əlili kimi ona qarşı bu cür iddia tələbi irəli sürülür. Məhkəmə qeyd edilən məsələləri də araşdırıb hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işi iddiaçının xeyrinə birtərəfli qaydada aparmışdır. Belə ki, məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını və sübutları digər sübutlarla yoxlamadan birmənalı şəkildə mötəbər məlumatlar və sübutlar kimi qəbul etmişdir. Bununla yanaşı, məhkəmə iclasında həmin əraziyə hərtərəfli və geniş şəkildə baxış keçirilməsinin zəruriliyini bildirsə də, buna əhəmiyyət verilməmişdir. Həmçinin, məhkəmə niyə iddiaçı tərəfindən həmin ərazidə Qaradağ-Sumqayıt kəmərinə daha yaxın ərazilərdə yerləşən tikililiərə münasibətdə eyni iddialarla çıxış edilməməsini və bu cür iddianın yalnız ona yönəlməsini də araşdırmamışdır. Halbuki bu halın da işə dolayısı ilə aidiyyatı vardır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən yaşayan Cavabdeh tərəfindən 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 8 metr məsafədə yaşayış evi və daş hasar inşa olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Abşeron MQKS-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, təcili olaraq inşa etdiyi yaşayış evi və daş hasarı ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 10 noyabr .2020-ci il tarixli, 10/1676 saylı rəyindən görünür ki, Abşeron rayonu Quşçuluq massivi Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində inşa edilmiş fərdi yaşayış evi və daş hasardan mülki iş materiallarında olan Abşeron MQKS-nin nümayəndələri tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən 8 metr məsafədə, baxış zamanı 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər olan məsafənin 8.0 metr, fərdi yaşayış evi arasında olan məsafənin 19.0 metr müəyyən edildiyini nəzərə alsaq, həmin daş hasar və fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 14 aprel 2021-ci il tarixli, 10/1239 saylı rəyindən görünür ki, Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində inşa edilmiş fərdi yaşayış evi və daş hasardan mülki iş materiallarında olan Abşeron MQKS-nin nümayəndələri tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən 8 metr məsafədə, baxış zamanı 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər olan məsafənin 8.0 metr, fərdi yaşayış evi arasında olan məsafənin 19.0 metr müəyyən edildiyini nəzərə alsaq, həmin daş hasar və fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. “Qaz təchizatı haqqında” qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” yarımbəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmin Qaydaların 2.13-cü bəndinə görə boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, sökülməsi tələb edilən tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə Cavabdeh hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) yoxdur, həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayılır. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2021-ci il tarixli, 10/1239 saylı rəyindən görünür ki, Abşeron rayonu Quşçuluq massivi Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində inşa edilmiş fərdi yaşayış evi və daş hasardan mülki iş materiallarında olan Abşeron MQKS-nin nümayəndələri tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən 8 metr məsafədə, baxış zamanı 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər olan məsafənin 8.0 metr, fərdi yaşayış evi arasında olan məsafənin 19.0 metr müəyyən edildiyini nəzərə alsaq, həmin daş hasar və fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu qeyd etsə də, bunların nədə ifadə olunmasını konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, həmin normalar düzgün tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-109/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1104/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1104/2022
28.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver