Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1106/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X5, Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3n və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X6 və Cavabdeh2 qarşı vərəsəliyin ləğv olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2560/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2560/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. (hakim E.Məmmədov) Qətnamədən iddiaçı İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2011-ci il tarixli, V/- 45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, onun atası 2007-ci ildə vəfat etmişdir. Atası ilə münasibətləri yaxşı olmuşdur. Atasından miras qalmış Saray qəsəbəsi, Nəbiyev küçəsi, 46 saylı evin və torpaq sahəsinin vərəsələr arasında bölünməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, o cümlədən məhkəmədən vərəsəliyin müəyyən edilməsini xahiş etmişdir. Lakin hakim vərəsəliyi müəyyən etsə də, atasından qalmış miras əmlakı tam şəkildə bölməmişdir. Belə ki, atası X7 adına olan JN 3890 saylı, 30800086 kodlu dövlət aktına əsasən Saray qəsəbəsində yerləşən 13,5 sot (0,135 ha) torpaq sahəsini miras əmlak kimi bölməmiş və həmin torpaq sahəsini paylara daxil etməmişdir. Məhkəmənin gedişində o, həmin torpaq sahəsinin bölünməsinə dair vəsatət vermişdir ki, həmin torpaq sahəsinin də bölünməsi barədə qərar çıxarılsın. Lakin vəsatət təmin edilməmişdir. Bundan sonra, onun özü DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Ona deyilmişdir ki, 18 mart 2011-ci ildə 1 saylı Dövlət Notariat Kontorunda V/-45 saylı müqavilə ilə onun xəbəri olmadan saxta vərəsəlik şəhadətnaməsi çıxararaq Cavabdeh5 təşkilatçılığı ilə atasından miras qalmış torpaq sahəsini sənədləşdirərək satmışlar. Miras əmlak üzrə digər vərəsələr bu işləri görərkən ona bildirməmiş, cavabdehlər bütün bu işləri gizli şəkildə görmüşlər. Atasından miras qalmış torpaqdan ona çatan miras payı saxta yolla sənədəşdirib satmışlar. Onun 1 otaqlı evi var idi, növbəyə duraraq Ceyranbatan ərazisindən almışdır. 2011-ci ildə 1 saylı notariat kontorunda qeyri-qanuni vərəsəlik işi açılmışdır. Pay torpaqlarından o, istifadə etməmişdir. Atası öldükdən sonra, torpağı ondan gizlətmişlər. Atasının ev sənədi onda, torpaq isə digər bacıq-ardaşlarında olmuşdur. Hal-hazırda Cavabdeh5 yoldaşı ata evini satmaq istəyir, halbuki o evdə onun xəstə bacısı qalır. Göstərilənlərə əsasən, iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, mərhum atası X14 2007-ci il tarixdə vəfat etmişdir. Atasının ölümümdən sonra Abşeron rayonu, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsində yerləşən 46 saylı fərdi yaşayış evini və evin yerləşdiyi 13,5 sot torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Hətta torpağa və evə dair mirası faktiki qəbul etməsi və miras payın bölgüsü tələbi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən iddia tələbinə əsasən fərdi yaşayış evinə dair mirası qəbul etməsi faktı öz təsdiqini tapmış və miras əmlakda 1/6 hissədə payı müəyyən edilmişdir. Məhkəmə zamanı həmin evin yerləşdiyi torpaq sahəsinin də bölünməsinə dair vəsatət təqdim etsə də, vəsatəti təmin olunmamışdır. Daha sonra, özü DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, bu torpaq sahəsinə dair 18 mart 2011-ci il tarixdə 1 saylı Dövlət Notariat Kontorunda V/-45 saylı müqavilə üzrə onun məlumatı olmadan saxta vərəsəlik hüququna dair şəhadətnamə verilərək torpaq sahəsinin sənədləşdirilməsi və satılması məlum olmuşdur. Göründüyü kimi, mərhum atasından miras qalan daşınmaz əmlaklardan birinə faktiki olaraq sahiblik edərək onu miras əmlak kimi qəbul etmiş, daha sonra rəsmi şəkildə notariusa müraciət etdikdə cavabdehlər arasında miras əmlaka dair mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur və o, məhkəmə qaydasında fərdi yaşayış evinə dair mirası qəbul etmə faktının müəyyən edilməsinə nail olmuşdur. O, mərhum atasının birinci növbə vərəsəsi kimi bir miras əmlakı qəbul etdiyindən digərlərini də qəbul etmiş sayılır. Bu səbəbdən də, cavabdehlərin onun razılıq ərizəsi və iştirakı olmadan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması və onu özgəninkiləşdirmələri tamamilə qanunsuzdur. Həmin torpaq sahəsi üzərində Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşağı qismində onun məcburi pay hüququ vardır. Hazırki mübahisələndirilən qətnamənin əsaslandırma hissəsinə əsasən vərəslik hüququna dair şəhadətnamənin mübahisələndirilməsindən müddətin ötürülməsinə görə imtina olunması əsaslı deyildir. Belə ki, cavabdehlər özləri belə mirasın açıldığı vaxtdan, yəni mərhum atası vəfat etdikdən 4 il sonra notariusda vərəsəlik hüququna dair şəhadətnamə almışlar. Digər tərəfdən isə o, həmin şəhadətnamənin mövcudluğundan başqa məhkəmə prosesi zamanı bilavasitə öz təşəbbüsü ilə məlumatı olmuşdur. Bu şəbəbdən də, hakim kifayət qədər araşdırma aparmamış, vərəslik hüququ haqqında şəhadətnamənin qanunsuz yolla alınmasına düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsi 0,1642 ha olmaqla 4 nəfərin-onun, atası Mirqələm Davudovun, bacıları Nargilə və Sarıtelin paylı mülkiyyətində olmuşdur. Ataları 2007-ci ildə vəfat etmişdir. 2011-ci ildə qeyd edilən pay torpağında atalarından miras qalan 0,04105 ha paya dair vərəsəlik şəhadətnaməsi almışdır. Digər iki bacı miras payından imtina etdiyi üçün miras əmlaka dair şəhadətnamə onun adına verilmişdir. 2011-ci ildə torpağı sənədləşdirəndə bundan iddiaçının məlumatı olmuşdur. Onlar hətta torpağa görə iddiaçıya pul da təklif etmişlər, lakin iddiaçı bununla razılaşmamışdır. Hazırda həmin torpaq sahəsindən müəyyən hissə satılsa da, 0,07 ha hissəsi qalır. Onlar 4 bacı, 4 qardaş olmuşlar. Böyük qardaşları Qubad vəfat etmişdir. Bütün vərəsələr nəzərə alınsa miras əmlakdan Ağakərimə 0,0051 ha torpaq düşür. Lakin biz sülh tərəfdarıyıq, indi də təklif edirik ki, iddiaçı həmin torpaq sahəsindən neçə sot istəyir götürsün, təki biz biabır olmayaq. Məhkəmə kollegiyasının iclasında digər cavabdehlər Cavabdeh5, Cavabdeh4 və X8 da Cavabdeh3 izahatını təsdiq etdiklərini bildirdilər. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X15 isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 28.06.2005-ci il tarixli, JN 63890 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 hektar olan torpaq sahəsi X7, Cavabdeh4, Cavabdeh3 və X2 paylı mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 18 mart 2011-ci il tarixli, 2V/-45 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 sentyabr 2007-ci ildə vəfat etmiş X7 vərəsəsi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, yataqxana, ev, mənzil 15-də yaşayan Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin mərhum X7 payına düşən 0,04105 ha torpaq sahəsini miras almalıdır. Yenə də iş materiallarında olan 18 mart 2011-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsindəki 46 saylı evdə yaşamış və 16 avqust 2007-ci ildə vəfat edən vaxt Cavabdeh4 Miqələm qızı və X4 ilə bir yerdə yaşamışdır. İşdə olan Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 269061 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 avqust 2007-ci il tarixdə vəfat etmişdir. Yenə işdə olan Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)- 317/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum Mirqələm Miri oğlunun adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, 46 saylı miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi tanınmış və həmin əmlakda onun 1/6 payı müəyyən edilmişdir. Yenə də işdə olan Cavabdeh3 notariat kontoruna yazdığı 18 mart 2011-ci il tarixli ərizəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin mərhum X9 düşən payından 0,04105 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, bu zaman özündən başqa vərəsələrin olmamasını göstərmişdir. İşə əlavə edilmiş Cavabdeh4 və X2 notariat kontoruna verdikləri ərizələrindən görünür ki, onlar atalarından miras qalmış mübahisəli torpaq sahəsini miras kimi qəbul etməmişlər və gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə iddia qaldırmayacaqlar. Yenə işə əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yenə də işə əlavə edilmiş AR Ali Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(102)- 2670/2021 saylı qərardadından görünür ki, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2560/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qənamə qəbul edilməli, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının atası X14 16.08.2007-ci ildə vəfat etmiş, ondan miras kimi Abşeron rayonu, Saray qəsəbəsində İ.Nəsimi küçəsindəki 0,878 ha torpaq sahəsi, onun üzərində yerləşən 46 saylı fərdi yaşayış evi, habelə JN 3890 saylı, 30800086 kodlu dövlət aktına əsasən Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin 0,04105 ha hissəsi qalmışdır. Abşeron rayonu, Saray qəsəbəsində İ.Nəsimi küçəsindəki 0,878 ha torpaq sahəsi, onun üzərində yerləşən 46 saylı fərdi yaşayış evinə dair artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, həmin qətnamə ilə mərhum X7 adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsindəki 46 saylı miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi tanınmış və həmin əmlakda onun 1/6 payı müəyyən edilmişdir. Mirasın digər hissəsinə dair isə Cavabdeh3 Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən 18 mart 2011-ci il tarixli, 2V/-45 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə ilə verilən miras əmlak Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsindən mərhum X7 payına düşən 0,04105 ha torpaq sahəsi olmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2011-ci il tarixli, 2V/-45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, işə baxan məhkəmə isə iddianı təmin etməmişdir. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının iddia ərizəsində və məhkəmədə göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, iddiaçı göstərmişdir ki, 16 avqust 2007-ci il tarixdə atası X14 vəfat etdikdən sonra atasından miras qalmış mübahisəli Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsini onun xəbəri olmadan cavabdehlər sənədləşdirərək satmışlar. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, miras əmlakı nə faktiki, nə də qanun üzrə qəbul etməmişdir. Bundan başqa, məhkəmə belə hesab etmişdir ki, vərəsəliyin açılma müddətindən 13 ilə yaxın bir müddət keçdikdən sonra iddiaçının 18 mart 2011-ci il tarixli, V/-45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunması tələbini irəli sürməsi formal mülahizə olduğundan və iddianın təmini üçün hüquqi əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır və mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Yenə həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Həmin Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin tədqiq olunan faktiki hallarından görünür ki, mirasqoyan X14 16 avqust 2007ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra yuxarıda qeyd edilmiş daşınmaz əmlaklar miras qalmışdır. Eləcə də onun birinci dərəcəli vərəsələri kimi övladları, hazırkı iş üzrə tərəflər (6 nəfər) qalmışlar. AR Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yenə həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcələnin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin faktiki hallarından göründüyü kimi mirasın bir hissəsi iddiaçı tərəfindən faktiki qəbul edilmişdir, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. AR Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarında əksini tapmış mövqeyinə görə yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd olunduğu kimi, artıq qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsilə ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum X7 adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, 46 saylı miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi tanınmış və həmin əmlaka onun 1/6 payı müəyyən edilmişdir. Başqa sözlə, mirasın bir hissəsi İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Bu isə Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən o mənaya gəlir ki, İddiaçı atasından miras qalmış bütün əmlakı miras kimi faktiki qəbul etmişdir, halbuki bu hissədə miras onun iştirakı olmadan başqa vərəsə tərəfindən (Cavabdeh3) 2011-ci ildə rəsmiləşdirilmişdir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli torpaq sahəsi paylı mülkiyyətdə olmaqla X9 və onun üç qızına məxsus olmuş, M.M.Davudov vəfat etdikdən 4 il sonra isə Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin mərhum X9 düşən payından 0,04105 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat kontoruna müraciət etmiş, bu əməliyyata dövlət aktında adı keçən Nargilə və Sarıtel Davudovalar razılıq vermiş, bununla belə notariat kontoruna ərizə yazarkən Cavabdeh3 özündən başqa vərəsələrin olmamasını göstərmişdir. Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, notariusda mirasqoyanın digər vərəsələri barədə məlumat olub-olmamasına əhəmiyyət verilməmişdir. Halbuki, bu onun vəzifə borcu olmuşdur. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Daha öncə qeyd olunduğu kimi, Cavabdeh3 notariusa müraciət edərkən digər vərəsələr, o cümlədən İddiaçı olmasını notariusdan gizlətmiş, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib vərəsələrin dairəsinin dəqiq müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Notariat orqanı yalnız dövlət aktında adları qeyd edilən şəxsləri icraata cəlb etmiş, bunun nəticəsində mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mirası faktiki qəbul etmiş İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki bu şəhadətnamənin ləğv edilməsilə bağlı İddiaçı tərəfindən qaldırılmış iddia əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, hazırki iş üzrə bütün vərəsələrə aid olan əmlakla bağlı qanunsuz əsaslarla verilmiş 18 mart 2011-ci il tarixli, V/-45 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə iddianı rədd etmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2560/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 18 mart 2011-ci il tarixli, V/-45 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödədiyi ümumilikdə 15,80 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq idiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2560/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin mərhum X7 payına düşən 0,04105 ha torpaq sahəsinə dair Cavabdeh3 adına Abşeron rayon 1 saylı Notariat Kontorunda verilmiş 18 mart 2011-ci il tarixli, 2V/-45 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. İddiaçının iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödədiyi cəmi 15,80 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X6 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1106/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1106/2021
07.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver