Məhkəmə qərarları › İş №2(105)-1106/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1106/2022

19.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1106/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız borc olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(060)-429/2022 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(060)-429/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə (abunə kodu: **********02560) hesablanmış 2289.60 manat borcun silinməsi qət edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən cavabdeh “Azəriqaz” İB apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(060)-429/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi ev 2, mənzil 256-da yerləşən bağ evinə borc kimi yazılmış olan 2289.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi ev 2, mənzil 256-da yerləşən bağ evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Bağ evindən yalnız yay mövsümündə iyun-avqust aylarında istifadə edirlər. İlin digər aylarında isə həftənin şənbə-bazar günlərində təssərrüfat işləri görmək üçün bağda olur. Evdə kombi, su qızdırıcı (Pitiminutka) və dörd göz qaz piltəsindən istifadə olunur. Çox zaman kombi sistemindən istifadə olunmur. Həmin ünvanda Abonent kodu olmaqla cavabdeh Sumqayıt Qaz İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2018-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın dəyişdirilməli olduğunu bildirmişlər. Buna görə də sayğac dəyişdirilmişdir, sayğac dəyişdirilən zaman sayğaca müdaxilə ilə bağlı akt tərtib olunmuş və hesabat aparılmışdır. Onların hesabatına əsasən 11448 m qaz məsrəfi hesablanmış və 2289.60 manat cərimə yazılmışdır. Sayğac həyətdən bayırda olduğu və o, bağ evində daimi yaşamadığı üçün sayğaca heç bir müdaxilə etməmişdir və ən nəhayət akt onun iştirakı ilə tərtib olunubsa, sayğaca müdaxilə aşkar edilibsə, akta imza etməkdən necə imtina edə bilər. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 2289.60 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 2289.60 manatın “Azəriqaz» İB tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********02560 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, xətalar təyin edilməmiş, deformasiya aradan qaldırılmışdır. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğacın klapanı tam bağlanmadığından, yivli birləşmələri deformasiyaya və korroziyaya uğradığından bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, ******* saylı Akt tərtib olunmuşdur. Sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, yivli birləşmələrinin korroziyaya uğraması aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan keçən təbii qazın dəyərini tam ödəməmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli Tələbnamədə də öz əksin tapan 11448 m3 qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 2289,60 manat dəymiş ziyan məbləğinə 1-ci instansiya məhkəməsi “CƏRİMƏ" kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul etmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi MM-nin 462.1, 463.1, 467-ci maddələri düzgün tətbiq etməmişdir. Qeyd olunan maddi hüquq normalarını 1-c instansiya məhkəməsi qətnaməsində qeyd etməmiş, cərimə ilə dəymiş maddi ziyanı səhv salaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin iddiaçıya aid olan **********02560 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara düzgün hüquqi qiymət verilməmiş və maddi hüquq normalarının pozulması yolu ilə əsassız qətnamə qəbul edilmişdir. Sadalanan hallar nəzərə alınmaqla qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya baxışı zamanı apelyasiya şikayətini qəbul etmədiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən hazırki məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin tələb və etirazı iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə məxsus sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın klapanının tam bağlanmadığı, yivli birləşmələrin deformasiyaya və korroziyaya uğradığı müəyyən edilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Yenə iş materiallarında olan 23 sentyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə 11448 m qaz məsrəfi hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə 2289.60 manat borc hesablanmışdır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, qüsurlar aşkar edildiyindən, sayğac yoxlanışdan keçirilmiş onun sadəcə zədələndiyi deyil, yivli birləşmələrinin korroziyaya uğraması da aşkar edilmiş, lakin kənar təsir izləri aşkar edilməmiş və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 2289,60 manat dəymiş məbləğində pul abonentdən tələb edilmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Göründüyü kimi cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən sayğacın sərfiyyatı düzgün hesablamamasını əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, laboratoriyada baxış zamanı sayğaca kənar təsir izləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 21,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə cavabdeh “Azəriqaz” İB-nin apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(060)- 429/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 21,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar