Məhkəmə qərarları › İş №2(105)-1108/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1108/2022

01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1108/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X22 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin nümayəndəsi: X8, Üçüncü şəxs: X11 və X12 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxslər X5 və X14 qarşı vərəsəlik hüququ çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxslər X5 və X14 qarşı vərəsəlik hüququ çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, üçüncü şəxslər X5 və X15 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Sumqayıt səhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən X4 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2v-193 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair X9 adına xx.xx.2020-ci il tarixli, 2v- 208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli, 2v-193 reyestr nömrəli şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində X4 , 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılması barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1985-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində və 0,05094 ha torpaq sahəsində onun mirası qəbulu etməsi faktının tanınması, miras əmlaka- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə onun vərəsə kimi pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. X1 ilə X18 xx.xx.1940-cı il tarixdə nikaha daxil olmuşlar. Anası - X18 1981-ci ildə, atası-X16 xx.xx.1985-ci ildə ölmüşdür. Valideynləri ölən günə kimi o, miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışdır. Atası miras qoyan Dadaş Hacıağa oğlu öldükdən sonra da o, 1990-ci ilə kimi miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışdır. Onun göstərilən mənzildə yaşamasını yaxın qohumları təsdiq edə bilərlər. Bu barədə işə əlavə edilən Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin arayışı da bu faktı təsdiq edir. Üçüncü şəxs Z.X.Hacıyeva onun məhrum qardaşı X6 həyat yoldaşıdır. Atasının ölümündən sonra mərhum qardaşı miras əmlaka evi olmadığı üçün onun icazəsi ilə buraxılmışdır. Onun mərhum qardaşı 07 avqust 1991-ci ildə Qlıcova (Hacıyeva) Zeynəb Xanalı qızı ilə ikinci dəfə ailə həyatı qurmuş və evə onun şifahi icazəsi əsasında köçərək X19 ilə birlikdə orada yaşamışdır. H.D.Hacıyev 1985-ci il tarixdə atası öləndən sonra mirasa sahiblik etməmiş, miras həmin vaxtlar onun tərəfindən faktiki qəbul edilmişdir. Sonradan o mərhum qardaşının ailəsinin sərbəst yaşaması üçün miras əmlakı müvəqqəti olaraq tərk etmişdir. Onlar isə orada yaşamışlar. Lakin, o və adlarına vərəsəlik şəhadətnamələri verilmiş bacıları miras əmlakda atalarına daimi sağlığında baş çəkmişlər. 12 noyabr 2014-cü il tarixdə qardaşları öldükdən sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində ancaq Z.X.Hacıyeva yaşamış və onları miras əmlaka buraxmaqdan imtina etmişdir. Onun qardaşı H.Hacıyev ölən günə 2014-cü ilə kimi o və bacıları ata evi olan miras əmlaka gəlibgetmişlər. Onun mərhum qardaşı H.Hacıyev sağlığında ata evinin bütün vərəsələrin adına sənədləşdirilməsinə maddi imkanı olmadığını bidirərək bir müddət gözləmələrini xahiş etmişdir. 12 noyabr 2014-cü il tarixdə qardaşı öldükdən sonra üçüncü şəxs Z.X.Hacıyeva ilə onun arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin miras əmlak kimi bölünməsi ilə əlaqədar mübahisə düşdüyündən o, onu və bacılarını ata evinə buraxmaqdan imtina etmiş və Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini (texniki pasportu və s) götürərək gizlətmişdir. Məhz bu səbəbdən yəni 12 noyabr 2014-cü il tarixdə qardaşı öldükdən sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini (texniki pasportu və s) əldə etmək üçün ona məcbur olub dəfələrlə məhkəmələrə əmlakın atasına məxsus olması barədə müraciətlər etmişdir. İddia ərizəsinə əlavə olunan Məhkəmə qətnamələri ilə də müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Dadaş Hacıağa oğlunun adına 18 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu tarixə kimi miras əmlakın hüquqmüəyyənedici sənədləri onlardan oğurlandığı üçün miras əmlaka hüquqları həyata keçirə bilmədikləri üçün məcbur olub məhkəmələrə müraciət etmişlər. Həmin vaxtlarda onlar vərəsələr Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi olan miras əmlakın hansı hüquqda mərhum atalarına məxsus olmasından da xəbərsiz olmuşlar. Üçüncü şəxs qardaşları öləndən sonra onların miras əmlaka vərəsə olması ilə bağlı aralarında onun və bacısı ilə mübahisə yaradaraq daimi olaraq ata evini miras kimi qəbul etməkdə manelər yaratmışdır. Eyni vaxtda fərdi yaşayış evinin ancaq sənədi texniki pasport olmuşdur ki, həmin vaxt qüvvədə olan qanuvericiliyə əsasən texniki pasportlar hüquqmüəyyənedici sənədlər hesab olunmurdu və bu sənədlər əsasında vərəsəliyin qəbul edilməsi mümkün deyildi. Buna görədə o fərdi yaşayış evinin atasının adına qeydiyyata alınması üçün məhkəmələrə müraciət etmişdir. Sonda da atasının evini qeydiyyata aldırdıqdan sonra vərəsəliyin notariatda qəbulu üçün müraciət etmişdir. Göstərilən səbəblərdən mirası vaxtında qəbul edə bilmək üçün real imkanları olmamışdır. Miras əmlak hüquqi cəhətdən 2017-ci ildə miras əmlak kimi qeydiyyata alınmışdır. Nə atası ölən vaxt 1985-ci ildə, nə də qardaşı ölən vaxt 2014-cü ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamışdır ki, onlar da vərəsələr kimi ata evini miras aktivi kimi qəbul edə bilsinlər. Bu səbəblərdən də nə onlar 1ci növbə vərəsələr, nə də mərhum qardaşı 2014-cü ilə mirası qəbul etmək üçün notariat orqanına müraciət edə bilməmişlər. Müraciət etmiş olsalarda notarius fərdi yaşayış evinin və torpaq sahəsinin həmin vaxt üçün hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbi ilə vərəsəliyi sənədləşdirməkdən imtina edəcəkdi. Bu baxımdan da onların mirası vaxtında qəbul etməmələri üzürlü səbəblərdən olmuşdur. Bu səbəbdən də Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən verilmiş 24 oktyabr 2017-ci il tarixli vərəsəliyin yaranması üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1985-ci ildə ölmüş D.Hacıağa oğlunun vərəsəsi İddiaçı, miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsinin 1/5 hissədə, Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən verilmiş 24 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Əzizə Dadaş qızına mirasın 1/5 hissəsinə, X10 miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsinin 1/5 hissəsinə 24 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Dadaş Hacıağa oğlunun vərəsəsi Firuzə Dadaş qızına vərəsəlik şəhadətnaməsi verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)-12854/2015 saylı qətnaməsinin surətindən də görünür ki, onun hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin onun mərhum atası Dadaş Hacıağa oğluna məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bu gündə qüvvədədir. Ali Məhkəmə isə tərəflər arasında mübahisə ilə əlaqədar son qərarında mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzürlü hesab edilməsi üçün məhkəməyə müraciət edilibedilməməsini, həmin müddətin məhkəmə tərəfindən uzadılıb-uzadılmamasını və s araşdırmağı zəruri saymışdır. Bu halların notariat orqanı tərəfindən araşdırılmaması və ya bu hallara məhkəmələrin qiymət verməli olması baxımından Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Ancaq göstərilən hallar müəyyən edilmədən Ali məhkəmənin qətnaməsi əsasında Sumqayıt şəhər 3 saylı Notariat Ofisi üçüncü şəxs Z.X.Hacıyevaya, A.Hacıyevə, B.H.Hacıyevaya miras əmlakın 1/3 hissəsinə pay hüququ ilə qanunauyğun olmayan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Hansı ki, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlunun 1-ci növbə vərəsələri miras qoyan öldüyü gündə onlar olmuşlar. Mirasın açılma vaxtı bu tarixdən götürülməlidir. Həmin tarixdə isə yəni mirasın açıldığı vaxt mərhum qardaşı H.Hacıyev və hazırda adlarına vərəsəlik şəhadətnamələri verilmiş şəxslər miras əmlakda yaşamamışlar. Onlar 1985-ci il tarixdə atası Dadaş Hacıağa oğlu öləndən-miras açılandan 4 il sonra 1990-cı ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə köçmüşlər. Onun mərhum qardaşı H.Hacıyevin 12 noyabr 2014-cü il tarixdə vəfat etməsi mirasın açılması günü kimi qəbul edilməməlidir. Mirasın açılma vaxtı- xx.xx.1985-ci il tarixdən hesablanmalıdır. Notariat ofisi isə miras qoyanı yanlış olaraq H.Hacıyev kimi qəbul etmişdir. Notariat ofisi bu halları nəzərə almayaraq və davam edən mübahisənin mahiyyətini dərk etmədən qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Bunun əsasında isə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə və topaq sahəsinə düzgün olmayan mülkiyyət hüququna dair qeydiyyat aparılaraq çıxarışlar verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini hər hansı bir maddi və prosessual normalarının pozulmamasını göstərməyərək, onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə atasına məxsus olan hərbi bileti və atasından qalmış xalça onun istifadəsində olmasını nəzərə almamışdır. Miras kütləsinə daxil olmuş xalça bu günə kimi onun istifadəsindədir. Cavabdeh üçüncü şəxslərə Çıxarış verərkən Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uygun tərəfin digər vərəsələrin olub-olmadıgını mübahisənin davam etdiyini aydınlaşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(060)-419/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uygun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxslər Z.X.Hacıyeva və A.H.Hacıyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnaməni dəyişdirilmədən saxlanılması məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı DNKnun notariusu məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının tələblərinin əsassız oldugunu və digər qətnamə ilə iddiaçının vaxtında mirasın qəbul edilməməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçının atası Dadaş Hacıağa oğlu 01 yanvar 1985-ci ildə ölmüşdür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-2551/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair ilk və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiaları təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı, Firuzə Dadaş qızının, X7 və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə verilərək müvafiq olaraq 2v-239, 2v-240, 2v- 241 və 2v-242 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən İddiaçı, Firuzə Dadaş qızının, X7 və Əzizə Dadaş qızının adlarına verilmiş 26 oktyabr 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(102)-313/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsində məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, vərəsəliklə bağlı hüquq münasibətləri 1985-ci ildə əmələ gəldiyindən, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş, yəni Azərbaycan SSR-nin 1964-ci il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan SSR-nin 1964-ci il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələri hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsində həmçinin göstərilmişdir ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, miras qoyan Dadaş Hacıağa oğlu 1985-ci ildə vəfat edərkən qanun üzrə vərəsələrindən olan İddiaçı miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamamış, Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi 10 saylı evin, 10 saylı mənzilində yaşamış, digər vərəsələrdən X20 1962-ci il ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamış, 1974-cü ildən isə Bakı şəhərində yaşayır, Əzizə Dadaş qızı 1972-ci ildə ailə quraraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evindən köçmüş, ərinin evində yaşamışdır, Firuzə Dadaş qızı da 1973-cü ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamışdır. Göründüyü kimi qeyd edilən şəxslər mirası faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində də mirasın qəbulu üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iddia tələbi üzrə iddiaçının xx.xx.1985-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində və 0,05094 ha torpaq sahəsində mirası qəbul etməsi faktının tanınması məsələsinə qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)2507/2018 saylı qətnaməsi ilə qiymət verildiyindən iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı atasına məxsus olan hərbi biletinin və miras kütləsinə daxil olmuş xalça hazırda onda olduğu üçüniddia təmin edilməsi barədə dəlili qəbul etmir. Belə ki, həmin əşyalar miras kütləsinə daxil deyil və bu iddianın təmin olunmasına əsas vermir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 fevral 2022-ci il tarixli 2(060)-419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar