Məhkəmə qərarları › İş №2(105)-1111/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1111/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1111/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(060)-1761/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(060)-1761/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(060)-1761/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1535 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil 14.05.2016-cı ildən 13.05.2017-ci ilədək "Xalq Sığorta” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 13.05.2016-cı il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2016-cı il noyabrın 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, 5O-CJ-878 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində köməkçi yolla, Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Şərq Bazarı” istiqamətində hərəkətdə olarkən yolun H.Əliyev adına parkın qarşısında piyada X3 vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Hərbi Məhkəməsinin 21.08.2017-ci il tarixli, 1(093)-85/2017 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 25.01.2017-ci il tarixli, 111 nömrəli ekspert rəyinə əsasən X2 aldığı xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda- 30 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). İddiaçı 10.06.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X2 yoldaşı Xasməmmədova Güllü Əmir qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddia tələbinin hüquqi əsası olaraq İcbari Sığortalar haqqında Qanunun 63.1-ci maddəsinə istinad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "xxxx" ASC verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 03 mart 2022-ci il tarixli qətnaməni qəbul edərkən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3, 25.2-ci maddələrinin tələbinə və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “VAZ 21074” markalı, 50–CJ– 878 dövlət nömrə nişanlı avtomobil 14.05.2016-cı ildən 13.05.2017-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 13.05.2016-cı il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2016-cı il noyabrın 20-də Cavabdehetibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, 50–CJ–878 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində köməkçi yolla, Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Şərq Bazarı” istiqamətində hərəkətdə olarkən yolun H.Əliyev adına parkın qarşısında piyada X3 vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Hərbi Məhkəməsinin 21.08.2017-ci il tarixli, 1(093)-85/2017 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 25.01.2017-ci il tarixli, 111 nömrəli ekspert rəyinə əsasən X2 aldığı xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda–30 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). İddiaçı 10.06.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X2 yoldaşı Xasməmmədova Güllü Əmir qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AKTİ PXA 48230 saylı sığorta aktından görünür ki, 20.11.2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi **-CJ- *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 14.05.2016-13.05.2017-ci illər müddətinə sığortalanmış, 20.11.2016-cı il tarixdə “VAZ 21074” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində piyada X4 ağır dərəcədə xəsarət almış, nəticədə sığortalıya 1500 manat həcmində zərər dəymiş, 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Hərbi Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 1-(093)-85/2017 nömrəli hökmü Cavabdeh avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir şəxsin ağır zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan cinayət əməli törətmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə l (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 1 il müddətinəd çınay müddəti təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının 21.11.2018-ci il tarixli, 1- 1(105)-26/20218 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin. 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 21 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş. Hökmdən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəa çıxarılmış, Cavabdeh hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermış sığortaçının istifadə etmək hüququdur. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta muqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsının sığortaliya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Oanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbarı siğorta müqaviləsi 1 il müddətinə bağlanılır. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.8-ci maddəsində nəzərdə tutulmuş hallardır. Belə ki, həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəyə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tuta bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, iddiaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranması barədə iddiası əsaslı deyildir. Belə ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 25ci maddəsinin əsasları, yəni sürücünun hadisə yerindən yayınması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iddianın qiyməti 1500 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(060)-1761/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar