Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1115/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X4, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polad” kollektiv-bağçılıq cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən iddiaçı «Qaz İxrac» İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2318/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədən iddiaçı «Qaz İxrac» İdarəsi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2318/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2318/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni baxışa qaytarılmışdır. İŞİNHALLARİ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının Abşeron Magistral X8 istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Abşeron Magistral X8 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında kəmərdən «6» metr məsafədə daş hasar və 8 metr məsafədə yaşayış evi inşa edilmişdir. Müvafiq kəmərin mühafizə zonasında aparılan tikinti işlərinin qarşısının alınaraq sökülməsi və torpaq sahəsinə, eləcə də aparılan tikinti işlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olubolmamasının müəyyən edilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün iddiaçı tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Müraciətə Agentliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, sözügedən ərazidə gedən qanunsuz tikinti işləri ilə bağlı təqdim etdiyiniz faktlar, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Lakin, bu günədək qeyd edilən həmin tikili ilə bağlı heç bir tədbir görülmədiyindən yaşayış evinin tikintisi başa çatdırılmışdır. Qeyd olunan tikinti işlərinin qarşısının alınaraq sökülməsi istiqamətində müvafiq köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə məlumat verilməsi məqsədilə iddiaçı tərəfindən 14 noyabr 1219-cu il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin, bununla bağlı hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələn əsassız qətnamə qəbul etmişdir. İş üzrə hərtərəfli araşdırma aparılmamış, iddianın hüquqi əsasını təşkil edən dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən diametri 530 mm olan yüksək təzyiqli “Sumqayıt QPS-Yaşma QPS” qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin və tikinti işlərinin aparılmasına əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almaqdan və ya şəhərsalma və ya tikinti normalarını və qaydalarını cidid surətdə pozmaqla tikilmiş və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin müddəalarından görünür ki, sökülməsi tələb edilən tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan tikinti işləri aparmış, həmin tikinti saxlanılmaqla “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətmişdir. Lakin bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də təhlükəsizliyin təmin olunmasının zəruruliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və digər qanunvericilik normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfindən yüksək təzyiqli qaz kəmərinin təhlükəsiz istifadəsinə mane olmağına və bununla da vətəndaşların həyatını təhlükə altında saxlamağına düzgün qiymət verməmişdir. İşin hallarından görünür ki, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini nəzərə almayaraq qaz kəmərinin təhlükəsizlik istifadəsinə mane olmasına razılq vermiş və vətəndaşların həyatını təhlükə altında saxlamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, iş üzrə ekspert rəyindən də, cavabdehə məxsus evin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyi məlum olur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, əlavə olaraq bildirdi ki, iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla hal-hazırda onun xüsusi mülkiyyətindədir. Həmin ev magistral qaz kəmərinin mühafizə zonasından təxminən 8 metr aralıda yerləşir, həmçinin evin hündürlüyü 5 metrdən hündür deyil. Belə olan halda iddiada qeyd olunanların heç bir hüquqi əsası olmadığı aşkar olunur. Sadalananlar əsasında apellyasiya şikayətinin rədd edilməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polad” kollektiv-bağçılıq cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli ərazidə qaz kəməri borusu 1988-ci ildə çəkilmişdir. Hazırda həmin ərazidə yüzlərlə ev vardır. Belə olan halda yalnız cavabdehə qarşı belə bir iddianın irəli sürülməsi əsassız və absurddur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 5 saylı XİK-in rəisi İ.Nuriyev, 5 saylı XİK-in mühəndisi M.Mirzəyev və 5 saylı XİK-in xətt baxıcısı S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış aktlarda göstərilmişdir ki, iş üzrə Cavabdeh «Sumqayıt-Yaşma» magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatı üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə yerləşən ev və daş hasar inşa etmişdir. Yenə iş materiallarında olan iddiaçı tərəfindən X1 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktuba cavab olaraq Agentliyin xx.xx.2019-cu il tarixli, **********19 saylı cavab məktubunda qanunsuz tikinti işləri ilə bağlı təqdim edilmiş faktların qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərildiyi qeyd edilmişdir. Yenə də iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində 521 kv.metrlik 305 nömrəli bağ sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixində qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2021-cil tarixli, 10/6335 nömrəli ekspert rəyindən, Sumqayıt şəhəri, Yaşma Bağlar massivi, “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən cavabdehə məxsus yaşayış evinin tikinti altı sahəsinin 25 m2-nin, mülkiyyətdə olan 521 m2 torpaq sahəsinin daxilində olduğu, həmin evinin 17 m2-nin qaz kəmərinin mühafizə zolağında inşa edildiyi və Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisindən keçən qaz kəmərinin diametrinin 500 mm olduğu müəyyən olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə Ali Məhkəmənin mövqeyini əsas tutub, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən, sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,0521 ha olan yaşayış məntəqəsinin torpaq sahəsinə dair Cavabdeh adına Reyestr Xidməti tərəfindən 18 sentyabr 2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib və həmin sənədin verilməsinə əsas kimi 20 aprel 2008-ci il tarixli “Polad” BY, Bağçılıq, 305 saylı qərarı göstərilmişdir. Bundan sonra 18 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, 0,0521 ha yaşayış məntəqəsinin torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. Həmin evin bir hissəsi Sumqayıt şəhəri, Yaşma bağları ərazisindən keçən Abşeron Magistral X8 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.9, 238.1, 238.2, 240.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin həmin ərazidən keçən “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsinə dair işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Yenə qeyd edilən Qaydaların 2.7-ci bəndinin tələblərinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) üzrə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın 63-cü bəndində göstərilir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Birinci instansiya məhkəməsi fərdi yaşayış evinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən "xxxx"ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedici sənəd olsa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, tamamilə formal əsaslara görə “Qaz İxrac İdarəsi”nin qanuni tələbini təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə göstərilən halları tam araşdırmamış, mübahisəli torpaq sahəsində tikili inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, yüksək təhlükə mənbəyi olan həmin tilkilinin sökülməməsi barədə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddiasına, istərsə də apelyasiya şikayətinə dair dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən qətnamə ləğv olunmalı, iddia qismən, yəni Qaz İxrac İdarəsinin Abşeron Magistral X8 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasına daxil olan cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş fərdi yaşayış evinin 17 m2 hissəsi cavabdehin hesabına sökülməsinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin, həmçinin apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30,20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 50 manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin Qaz İxrac İdarəsinin Abşeron Magistral X8 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasına daxil olan cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş fərdi yaşayış evinin 17 m2 hissəsi cavabdehin öz vəsaiti hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30.20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq “Qaz İxrac” İdarəsinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1115/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1115/2022
27.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver