Məhkəmə qərarları › İş №2(105)-1115/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1115/2024

10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1115/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(060)-2548/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.087,57 manat borcun (abonent kodu: **********020) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil İddiaçı ASC-nə qarşı mənəvi zərərin və vəkil xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.087,57 manat borcun (abonent kodu: **********020) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, cəmi 1000 (min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2548/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı ASC-nə qarşı mənəvi zərərin və vəkil xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2548/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edilməsini, Cavabdeh İddiaçı ASC-nə qarşı mənəvi zərərin və vəkil xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2548/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə tərəfindən göndərilən iddia ərizəsinin surətini xəbərnaməli bildirişlə xx.xx.2024-cü il tarixdə imza edib qəbul etməsinə, vəkili və nümayəndəsi Vəkil ilə 22 noyabr 2023-cü il tarixdə onu nümayəndə olaraq təmsil etmək üçün etibarnamə ilə etibar etməsinə baxmayaraq, qarşılıqlı iddia ərizəsini məhkəməyə 02 may 2024-cü il tarixdə, yəni 1 ay 14 gün sonra təqdim etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim edilməsini mümkünsüz edən halları əsaslandıra bilməmiş, həmçinin onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə həmçinin onu da qeyd edib ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək, sorğu verildiyini və həmin sorğuya cavab verildikdən sonra qarşılıqlı iddia ərizəsinin verilməsinə zərurət yarandığını bildirmişdir. Lakin bildirilən bu halın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edib ki, göstərilən müddət ərzində qarşılıqlı iddia ərizəsi verilə və daha sonra sorğulara gəlmiş cavablar nəticəsində həmin iddianın əsası və ya predmeti dəyişdirilə, iddia tələbinin həcmi artırıla və ya azaldıla bilərdi. Yəni nümayəndə və vəkil tərəfindən göstərilən hal məhkəmə tərəfindən məqbul hesab olunmur. Məhkəmə həmçinin onu da qeyd edib ki, qarşılıqlı iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən, eləcə də ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və qarşılıqlı əlaqəsi olmadığından onun məhkəmə icraatı mümkün deyildir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 154.1, 155.1, 155.2, 155.3, 156.1-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə öz qərardadında prosessual qanunvericiliyin tələblərinə zidd olaraq göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və qarşılıqlı əlaqəsi olmadığından onun məhkəmə icraatı mümkün deyildir. Məhkəmənin qeyd olunan mövqeyi əsassızdır. Belə ki, iddiaçı cavabdehə qarşı eyni əsaslarla ayrı-ayrılıqda Sumqayıt Şəhər Məhkəməsində 7 (yeddi) iddia qaldırmışdır. Həmin iddialardan ilk 3-dən biri hakim Aynur Behbudovanın sədirliyi ilə keçirilmiş və iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Digər iddialar da müvafiq məhkəmə aktlarına əsasən rədd edilmişdir. Hər 3 iddiada iddiaçı cavabdeh tərəfindən imzalanmamış və başqa bir şəxsin adına yazılmış müqaviləyə əsaslanmışdır. Bu hal hər 3 məhkəmə işində müəyyən edilmişdir. İddiaçı bu halları, yəni Cavabdeh ilə aralarında müqavilə olmamasını bildiyi halda ona qarşı Sumqayıt Şəhər Məhkəməsində yenidən 4-cü dəfə iddia qaldırmışdır. Bu zaman Cavabdeh öz hüquqlarını bərpa etmək üçün vəkil xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır ki, buda ona maddi ziyan vurulması ilə nəticələnmişdir. Həmçinin onun evinə dəfələrlə məhkəmə bildirişlərinin gəlməsi və dəfələrlə məhkəmə mübahisələrinə cəlb edilməsi onda psixoloji gərginliyə və mənəvi sarsıntıya gətirib çıxarmışdır. Əgər iddiaçının əsassız iddiaları olmasaydı, sonuncu vəkillə müqavilə bağlamaq məcburiyyətində qalmaz və maddi itkiylə üzləşməzdi. Göründüyü kimi cavabdehin qarşılıqlı iddiası ilə ilk iddia arasında bir başa qarşılıqlı əlaqə vardır, cavabdehin sonradan dəymiş ziyanla bağlı iddiaçıya qarşı iddia qaldırması daha uzun bir müddət davam edəcəkdir ki, hal-hazırda onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün baxılması ilə nəticələnəkdir. Göründüyü kimi qarşılıqlı iddianın ilk tələblə qarşılıqlı əlaqəsi olmaması ilə bağlı məhkəmənin gətirdiyi dəlillər tamamilə əsassızdır və qərəzlidir. Məhkəmənin qarşılıqlı iddia ərizəsinin müddətin ötürülməsi ilə bağlı əsaslandırması da təəssüf hissi doğurmaqla yanaşı, hakimin qərəzsiz olmasına dair əsaslı şübhələr yaratmışdır. Belə ki, iş materiallarına əsasən qarşılıqlı iddia verilməsi üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmişdir. Mülki işin materiallarından göründüyü kimi Abşeron Vəkil Bürosunun vəkili Vəkil ilə Cavabdeh ilə 30 aprel 2024-cü il tarixdə hüquqi yardım göstərilməsi haqqında 442 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən hüquqi yardıma görə haqq 500 (beş yüz) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən Abşeron rayon Vəkil Bürosunun hesabına 500 (beş yüz)manat pul ödənilmişdir. X1 xx.xx.2024-cü il tarixdə hüquqi yardıma görə 500 manat ödəməklə maddi ziyan çəkmişdir, həmin ziyan isə məhkəmənin gedişində meydana gəlmişdir ki, bu hal iddia ərizəsi verildiyindən 20 gün ərzində deyil, 1 ay 14 gündən sonra qarşılıqlı iddianın verilməsi üçün əsasların yarandığını təstiq edir. Lakin məhkəmə nədənsə bu halları nəzərə almamış, yaxud qərəzli mövqe sərgiləyərək, işin obyektiv araşdırılmasında maraqlı olmadığını bəyan etmişdir. Göstərilən hallar nəzərə alınmalı və nəticədə qəbul edilmiş əsassız qərardad ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 155.1-ci maddəsinin 2-ci cümləsinin tələbinə görə qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2548/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2548/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-in “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır.

17. Bu məcəllənin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

18. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə ilk iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Yenə işdən görünür ki, Cavabdeh məhkəmə tərəfindən göndərilən iddia ərizəsinin surətini xəbərnaməli bildirişlə xx.xx.2024cü il tarixdə imza edib qəbul etmişdir. Habelə sonuncu tərəfindən onun vəkili və nümayəndəsi Vəkil 22 noyabr 2023-cü il tarixdə onu nümayəndə olaraq təmsil etmək üçün etibarnamə verilmişdir. Belə olan halda qarşılıqlı iddia ərizəsinin məhkəməyə 02 may 2024-cü il tarixdə, yəni 1 ay 14 gün sonra təqdim edilməsi, (qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddət ərzində təqdim edilməməsi) qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini mümkünsüz edir ki, işə baxan məhkəmənin bu barədə mövqeyi əsaslı və işin hallarına uyğun hesab edilməlidir.

20. Qarşılıqlı iddia ərizəsini icraata götürməyən birinci instansiya məhkəməsi ərizənin məhz prosessual qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində deyil, nəzərdə tutulan müddət keçdikdən sonra verilməsi, habelə bunun üçün yaranma əsaslarının mövcud olmadığını göstərmişdir.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

22. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarından göründüyü kimi cavabdeh tərəfindən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin məhkəmə baxışı başlanana kimi, o cümlədən də işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilə bilər. Həmçinin məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və işi qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia işin məhkəmədə baxılmasına başlanana kimi verilməlidir.

23. Lakin araşdırılan işdən görünür ki, bütün bunların əksinə olaraq Cavabdeh qarşılıqlı iddia ərizəsini, birinci hazırlıq iclasından (xx.xx.2024-cü il tarixdə) təxminən 20 gün sonra, yəni 02 may 2024-cü il tarixdə, onun verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmədiyi halda vermişdir. Konkret halda müəyyən edilmiş müddət əhəmiyyətli dərəcədə keçdikdən sonra qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır, əksinə ziddiyyət təşkil edir.

24. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında qarşılıqlı iddia ərizsəsinin verilməsinə dair tələblər, o cümlədən də MPM-in 155.2-ci maddəsinə əsasən həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməsinə riayət olunması tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.

25. Qeyd edilməlidir ki, qarşılıqlı iddianın qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, tərəfin (qarşılıqlı iddiaçının) öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.

26. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarması barədə mövqeyi əsaslıdır.

27. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2548/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar