Məhkəmə qərarları › İş №2(105)-1117/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1117/2021

05.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1117/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Şıxmirzə oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı protokolun etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı Şıxmirzə oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 191175 saylı protokolun etibarsız hesab edilməsi və ona əsassız hesablanmış 229,19 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Şıxmirzə oğlunun “xxxx” ASC-yə qarşı protokolun etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim R.Kazımov) Qeyd olunan qərardadla razı olmayan İddiaçı Şıxmirzə oğlu ondan şikayət verərək, Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İ Ş İ N H A L L A R İ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində ona cavabdeh “xxxx” ASC-nin Qusar rayonu üzrə elektrik təchizatçısı olan X2 xx xxxxxx 2020ci il tarixli, **********00 saylı xəbərdarlığı verilmişdir. Həmin xəbərdarlıqda cavabdeh “xxxx” ASC-yə 229,19 manat borcunun olduğu və borcun 3 gün müddətində ödənilməli olduğu göstərilmişdir. Qusar EŞ-dən borcun nəyə əsasən yaradığını öyrənmək üçün həmin borcun yazılmasına əsas olmuş sənədlərin surətlərini almaq istəmiş, Qusar EŞ tərəfindən ona sənədlərin surətləri verilməmiş və borcun evinə quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü qeyd etməməsi nəticəsində yarandığı izah edilmişdir. Bu borcun hesablanmasını əsassız hesab edərək onun silinməsi üçün cavabdeh “xxxx” ASC-nin sədrinə xx.xx.2020-ci il tarixində şikayətlə müraciət etmişdir. Onun şikayəti təmin edilməmişdir və xx.xx.2020-ci il tarixli, 0199/M-606/3077 saylı cavabda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixində cavabdehin X3 əməkdaşları tərəfindən NDM 019265 saylı akt tərtib edilmiş, elektrik sayğacının dövrədən keçən yükü qeyd etməməsi səbəbi ilə 2419 kvt/s (237,19 manat dəyərində) əlavə sərfiyyat hesablanmışdır. Sayğac quraşdırma uçota nəzarət idarəsinin xx.xx.2020-ci il tarixli, 191175 saylı protokolu və abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi EEİQ-na uyğundur. Lakin cavabdeh tərəfindən sayğacın dövrədən keçən yükün qeyd etməməsi səbəbindən ona bu məbləğdə borcun yazılması əsassızdır. Onun evinə gələn elektrik xəttinə quraşdırılmış sayğac küçədə yerləşir və sayğacın saz vəziyyətdə olmasına cavbdehlik elektrik enerjitəchizatçısı (cavabdehin yerli enerji təchizatı təşkilatları) həyata keçirirməlidir. Azərbaycan Respublikasnm Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 olan Qərarı ilə müəyyən edilmiş qaydalara əsasən elektrik sayğacı onun təqsirindən yararsız vəziyyətə düşərsə abonent məsuliyyət daşımalıdır. Elektrik sayğacına onun tərəfindən hər hansı müdaxilə edilməmişdir və onun nasaz işləməsinə görə məsuliyyət daşımır. Elektrik sayğacına baxış keçirilməsinə dair NDM 019265 saylı aktın tərtib edilməsindən xəbəri olmamışdır və bu akt onun iştirakı olmadan tərtib edilmişdir. Nə həmin aktın, nə də sağac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2020-ci il tarixli, 191175 saylı protokolunun surətləri, Qusar EŞ-dən tələb edilməsinə baxmayaraq, ona verilməmişdir. Buna görə də göstərilən sənədlərin surətlərini iddia ərizəsinə əlavə edə bilməmişdir. Həmin sənədlərin mövcud olması ona, surətini iddia ərizəsinə əlavə etdiyi, cavabdehin onun şikayətinə verdiyi cavabdan məlum olmuşdur. Onun tərəfimdən hər ay orta hesabla 20 manata yaxın dəyərdə elektrik enerjisindən istifadə edilmiş və həmin məbləğ ödənilmişdir, cavabdehə borcu yoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul olunmuşdur. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİ N İZAHATLARİ : İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin qərardadı qanunsuzdur. Belə ki, onun iddia ərizəsi qüvvədə olan mülki-prosessual qnunvericiliyin tələblərinə uyğun tərib edilmişdir. İşə baxan hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmadan, əsassız olaraq iddiaya mahiyyəti üzrə baxılmaqdan imtina etmişdir. Mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli, 191175 saylı protokolun surəti cavabdeh tərəfindən ona verilməmişdir. Həmin protokulun mövcud olması ona cavabdehə yazdığı şikayətinə verilmiş xx.xx.2020-ci il tarixli, 0199/M- 606/3077 saylı cavabdan məlum olmuşdur. Həqiqətən də iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməsi üçün əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin hamısının əsilləri cavabdehdədir. MPM-nin 150.0.5-ci maddəsinə əsasən onun tərəfindən iddia ərizəsinə əlavə edilmiş, cavabdehdə olmayan sənədlərin surətləri, ona təqdim edilməsi üçün əlavə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərinin surətləri ona görə cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinə əlavə edilməmişdir ki, həmin qəbzlərlə cavabdehə ödənişlər edilmişdir və bu barədə cavabdehdə rəsmi məlumat vardır. İddia ərizəsində Azərbaycan Respublikasının MPM-nin 78.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDM 019265 saylı aktın və xx xxxxxx 2020-si il tarixli, 191175 saylı protokolun surətlərinin məhkəmə qaydasında cavabdehdən tələb edilməsini xahiş etmişdir. Belə ki, qüvvədə olan mülkiprosessual qnunvericiliyinə əsasən bu tipli vəsatət iddia ərizəsinin tərkibində və ya ayrıca verilə bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Qusar Rayon Məhkəməsi sübutları düzgün qiymətləndirməmiş və nəticədə Azərbaycan Respublikası MPM-nin tələblərini pozaraq tam ədalətsiz qərar qəbul edərək iddia ərizəsini geri qaytarmışdır. Bu isə həmin qərardadın ləğv edilməsi üçün tam əsasdır və iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “xxxx” ASC-ninxx.xx.2020-ci il tarixli, 0199/M-606/3077 saylı məktubundan görünür ki, abonent İddiaçı ASC-yə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Bununla əlaqədar ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində cavabdehin X3 əməkdaşları tərəfindən NDM 019265 saylı akt tərtib edilmiş, elektrik sayğacının dövrədən keçən yükün qeyd etməməsi səbəbi ilə 2419 kvt/s (237,19 manat dəyərində) əlavə sərfiyyat hesablanmışdır. Sayğac quraşdırma uçota nəzarət idarəsinin xx.xx.2020-ci il tarixli, 191175 saylı protokolu və abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi EEİQ-na uyğundur. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli, 726 saylı arayışdan görünür ki, Mikayılov X1 rayonunun Quxuroba kəndində yaşayır. Yenə işdə olan xəbərdarlıqdan görünür ki, abonent İddiaçı Şıxmirzə oğlunun elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2020-ci il tarixə 229,19 manat borcu vardır. Yenə də işdə olan ödəmə qəbzlərindən görünür ki, abonent İddiaçı Şıxmirzə oğlu elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 30 manat xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 40 manat ödəniş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)- 1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmasını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020ci il tarixli, 191175 saylı protokolunun etibarsız hesab edilməsini xahiş etsə də, həmin protokol iddia ərizəsinə əlavə olunmamışdır. Bundan da əlavə, iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri işdə tərəf olan şəxsə verilməsi üçün müvafiq sayda əlavə edilməmişdir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş sənədlər natamamdır və MPM-in 89.3, 150.0.5 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdeh və üçüncü şəxslərdə yoxdursa, onlara vermək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, İddiaçı “xxxx” ASC-yə qarşı tələblə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 191175 saylı protokolun etibarsız hesab edilməsi və ona əsassız hesablanmış 229,19 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bu protokol ona təqdim edilməmişdir, lakin onun mövcudluğundan cavabdeh quruma şikayət ərizəsi yazdıqdan və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona cavabından sonra məlumatlı olmuşdur. Bundan başqa, işdən görünür ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən protokol məhz cavabdehin əməkdaşları tərəfindən tərtib edilmişdir, belə olan halda isə, həmin protokolun surətinin MPM-nin 150.0.5-ci maddəsinə əsasən cavabdehə göndərilməli olması şərti öz qüvvəsini itirir. İddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən ərizə MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmaqla tərtib edilmişdir və məhkəmənin hazırki iddia ərizəsini yuxarıda göstərilən əsaslarla geri qaytarması barədə nəticəsi işin faktiki hallarına və MPM-in normalarına ziddir, işdə olan sənədlərlə tamamilə təkzib olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Şıxmirzə oğlunun şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Şıxmirzə oğlunun şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-1027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar