Məhkəmə qərarları › İş №2(105)-1118/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1118/2024

31.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1118/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış 2427,84 manat borcun silinməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixdə ******* saylı, 31 mart 2022-ci il tarixdə ******* saylı, 30 dekabr 2022ci il tarixdə ******* saylı, 31 yanvar 2023-cü il tarixdə ******* saylı, 28 fevral 2023-cü il tarixdə ******* saylı və 31 mart 2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktlara əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacdankənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Ümumiyyətlə, o, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə “Azəriqaz İB” tərəfindən qanunsuz aktlar tərtib edilmiş və ona dəymiş ziyan kimi ümumi olaraq 2427,84 manat məbləğində borc hesablanmışdır. Sözügedən aktlar qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən bununla bağlı heç bir məlumatı olmamışdır. “Azərqaz” İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda, aktların yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Onun tərəfindən sayğaca heç vaxt müdaxilə olunmamış, sayğacdankənar xətt qoşulmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq aktlar tərtib edilmiş, iş üzrə lazımi hallar araşdırılmamışdır. Sonradan məlum olmuşdur ki, onun adına əsassız olaraq 2474,84 manat məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış 6924,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh İB-nin nümayəndəsi iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, 2022-ci və 2023-cü illərdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyri-qanuni kənar xətlə istifadə olunması aşkar olmuşdur. Faktla bağlı akt tərtib edilərək foto şəkillər çəkilmişdir. Əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir.

5. Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı (abonent kodu: **********00280) Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 5846,4 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə 78,46 manat pulun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Abonentin gün ərzində qaz qurğularından orta hesabla yayyaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə 28 fevral 2022-ci il tarixli ******* saylı akt əsasında 211,68 manat (5,88 x 10 x 30 = 1764 kub.metr), 31 mart 2022-ci il tarixli ******* saylı akt əsasında 162 manat (7,5 x 6 x 30 = 1350 kub.metr), 30 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), 31 yanvar 2023-cü il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), 28 fevral 2023-cü il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr) və 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında 110,16 manat (5,1 x 6 x 30 = 918 kub.metr) olmaqla, cəmi 1077,84 manat ziyan vurması məlum olur. Buna görə də iddia qismən təmin edilməli, 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 5846,4 (6924,24-1077,84) manat borc abonentin hesabından silinməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 442, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarına istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azəriqaz” İB apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı aid olan **********00280 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanuna zidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə qanuna zidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, evdə yaşamadıqları halda cavabdeh tərəfindən 6 dəfə akt tərtib olunmuşdur. Həmin evə yalnız yay aylarında gəlib yaşayırlar, qışda isə Lökbatan qəsəbəsinə gedirlər. Evdə qaz xətti və smart tipli sayğac var. Qaz sərfiyyatı etdikcə qeydə alınmış kommunal ödənişi həyata keçirmişdir. Bir dəfə ödənişi həyata keçirdikdə hesabından pulu yarısı silindi. O zaman Cavabdehnə zəng etmiş, kənar xətdən istifadə olunduğunun aşkarlandığını bildirdilər. Qarşı tərəfə 2820 manat cərimə ödənişi həyata keçirməmişdir. Evi 2012-ci ildə almışdır, evə köçəndən sayğac quraşdırılıb. Bir dəfə gəlib sayğacı dəyişiblər. Bundan şikayəti olmamışdır. Qazdan istifadə edir, nə qədər kommunal ödəniş qeydə alınarsa, onu ödəyib. Aktlar tərtib olunan tarixlərdə evdə yaşayış olmamışdır. Birinci instansiya məhkəməsində iddianın tam təmin olunmasını tələb etmişdir. İddia qismən təmin olunsa da apellyasiya şikayəti verməmişdir. Belə ki, vəkili olmadığından başa düşməmişdir. Lakin, kənar xətdən istifadəni qəbul etmir. Qanunsuz qoşulma halı mövcud olmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsiin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlardan görünür ki, həmin tarixlərdə abonent İddiaçı Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00280) baxış keçirilən zaman qaz xəttinə kənar qoşulma halları məyyən olunmuşdur.

14. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2022-ci il tarixli, 31 mart 2022-ci il tarixli, 30 dekabr 2022-ci il tarixli, 31 yanvar 2023-cü il tarixli, 28 fevral 2023-cü il tarixli və 31 mart 2023-cü il tarixli tələbnamələrdən görünür ki, İddiaçı 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il arixli ******* saylı aktlara əsasən ümumilikdə 57702 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir.

15. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00280 olan abonentin saldosundan görünür ki, 2022-ci ilin fevral, mart, dekabr, 2023-cü ilin yanvar, fevral və mart ayları üçün qeyd edilən aktlara əsasən qaz sərfiyyatı müvafiq olaraq 12702, 10800, 22608, 3960, 3672, 3960 (cəmi 57702) kub metr həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 1524.24, 1296, 2712.96, 475.20, 475.20, 440.64 manat olmaqla, cəmi 6924.24 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq

16. 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. 25 iyun 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

18. 25 iyun 2023-cü il tarixədən sonra qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən, yəni iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış zərər məbləğlərinin silinməsi tələb edilmişdir ki, həmin aktlardan 28 fevral 2022-ci il tarixli ******* saylı və 31 mart 2022-ci il tarixli ******* saylı aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin qüvvəyə minməsindən, yəni 01 may 2022ci il tarixdən əvvəl, digər aktlar isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin qüvvəyə minməsindən sonra tərtib edilmişdir. Həmçinin, buna müvafiq olaraq 25 iyun 2023-cü il tarixdən etibarən “Qazdan istifadə qaydalarının 6.5-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin maddələrin tələbinə görə isə qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar üzrə isə iddiaçının qazın talanmasında təqsirli olması bardə inzibati xəta haqqında iş üzrə və ya əməlində cinayət tərkibinin olmasına dair müvafiq orqanın və ya məhkəmə qərarının olması müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsini tətbiq etmədən 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış zərər məbləğini qismən təmin etmişdir. Lakin iddianın təmin edilmiş həmin hissədən apellyasiya şikayəti verilməmişdir. Buna görə də məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin tələbi baxımından cavabdeh qaz təchizatı müəssisəsinin 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

23. 28 fevral 2022-ci il tarixli ******* saylı və 31 mart 2022-ci il tarixli ******* saylı aktlara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olmuş “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma halları ilə bağlı vurulmuş zərərin həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmamış, yalnız həmin tarixədək qüvvədə olan Qaydaların 6.5-ci maddəsində qanunsuz qoşulma hallarında qaz paylayıcısının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb edə bilməsi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, yuxarıda qeyd edilən həmin norma ilə sayğaca edilmiş müdaxilə nəticəsində itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən zərər məbləği 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğuları nəzərə alınmaqla 5,88 kubmetr saat olmaqla, 90 gün müddəti üçün 24 saat vaxt hesabı ilə, 31 mart 2022-ci il tarixli ******* saylı akt üzrə isə qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğuları nəzərə alınmaqla 7,5 kubmetr saat olmaqla, 60 gün müddəti üçün 24 saat vaxt hesabı ilə müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğuları nəzərə alınmaqla 5,88 kubmetr saat olmaqla, 90 gün müddəti üçün 24 saat vaxt hesabı ilə, 31 mart 2022-ci il tarixli ******* saylı akt üzrə isə qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğuları nəzərə alınmaqla 7,5 kubmetr saat olmaqla, 60 gün müddəti üçün 24 saat vaxt hesabı ilə zərər məbləğini hesablamasında qüsurlar mövcud olmuşdur. Belə ki, ******* saylı akt 28 fevral 2022-ci il tarixdə, ******* saylı akt isə 31 mart 2022-ci il tarixdə tərtib edilmişdir ki, həmin tarixədək 30 gün müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən 60 gün hesabı ilə zərər məbləği müəyyən edilmişdir. Bundan başqa 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğularının sərfiyyatı 5,88 kubmetr saat müəyyən edilsə də, 31 mart 2022-ci il tarixli ******* saylı akt üzrə bu sərfiyyatı 7,5 kubmetr saat müəyyən edilmişdir ki, bu artımın hansı səbəbdən olması, o cümlədən ******* saylı akt üzrə zərər məbləğini 90 günə münasibətdə müəyyən edilməsi anlaşılan olmamışdır. Bundan başqa iddiaçının bütün qaz qurğularında günün 24 saat fasiləsiz istifadə etməsi də ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur.

25. 28 fevral 2022-ci il tarixli ******* saylı və 31 mart 2022-ci il tarixli ******* saylı aktlara münasibətdə birnci instansiya məhkəməsi müvafiq olaraq 211,68 və 162 manatlıq zərər məbləği müəyyən edərək cavabdehdən tutmuşdur ki, məhkəmə kollegiyası ayrıayrılıqda bir aylıq müddət üzrə həmin zərər məbləğini əsaslandırılmış, ağlabatan və inandırıcı zərər məbləği kimi qəbul etmişdir.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsi dəyişdirilməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(012)-1645/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar