Məhkəmə qərarları › İş №2(105)-1119/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1119/2021

19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1119/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(029)-853/2020 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh Xaçmaz X7 İdarəsinin Qusar X6 əməkdaşları tərəfindən tərtib olunmuş 29.08.2019-cu il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilməsi, həmin akt əsasında qəbul edilmiş dəymiş ziyanın bərpasına dair 30.09.2019-cu il tarixli qərarın ləğv edilməsi və əsassız hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əsassız hesablanmış 529 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Fərdi istehlakçı kimi o, cavabdeh “Cavabdeh” X2 X7 İdarəsinin X9 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdikləri təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza görə borcu olmamışdır. Qaz sayğacı küçədə yerləşir. 2019-cu ilin avqust ayının 29-da Qusar X6 əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş və cihazın sayğacının daxilindəki plastmas boruda deşik aşkar olunmasını bildirmişlər. O, isə həmin şəxslərə bildirmişdir ki, sayğaca əl vurmamışdır. Buna baxmayaraq, Qusar X6 əməkdaşları həmin gün ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər və orada qeyd etmişlər ki, qaz sayğacının daxilindəki plastmas boruda deşik aşkar edilmişdir. O, həmin aktı imzalasa da, bildirmişdir ki, sayğacın tamlığının pozulmasında və ya hər hansı şəkildə ona müdaxilə olunmasında onun təqsiri yoxdur. Bundan sonra isə 30 sentyabr 2019-cu il tarixdə ona 5292 kub.metr-yəni 529 manat məbləğində ziyan hesablanmışdır. Hal-hazırda isə Qusar X6 əməkdaşları onun mənzilinə qaz təchizatını dayandıracaqları ilə onu hədələyirlər. Aşağıda göstərilən hallara görə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməli, dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə ona əsassız hesablanmış 529 manat borc silinməlidir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi aktda qaz sayğacının plastmas borusunda deşik aşkar olunduğu göstərilsə də, həmin sayğaca məhz onun tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Həmçinin, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində onun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməyi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.08.2019-cu il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, ona 529 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair 30 sentyabr 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə əsassız hesablanmış 529 manat məbləğində borc silinməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab olunması, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsi hissəsində iddia tələbindən imtina barədə ərizəsinin təmin edilməsi, Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab olunması, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsi hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Cavabdeh” X4 rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsi, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməməsi, iddia tələbinə qarşı müdafiə hüquqlarını təşkil etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan “Cavabdeh” İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək əsassız hesablanmış borcun silinməsini xahiş edir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul qaz sayğacının dəyəri abonentdən tələb edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, əsassız hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzilə əsassız hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat məbləğində borc silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar