Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1120/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-117/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-117/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********00248 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, həmin aktlar üzrə hesablanmış uyğun olaraq 863,40 manat və 219,60 manat məbləğində cərimənin silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı X5 Departamentinin qazdan istifadəyə görə ona hesablanmış 1082,10 manat borcun əsassız hesab edilməsinə və 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsinə dair qətnamə və həmin saxta aktla bağlı xüsusi qərardad çıxarılaraq tədbir görülməsi üçün prokurora məlumat verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 3nvanda yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla 30 aprel 2001-ci ildən həmin ünvan qazla təmin olunmamışdır. Bu ünvanda, ümumiyyətlə, yaşayış yoxdur və olmamışdır. Bakı X5 Departamentinin əməkdaşlarının 30 aprel 2020-ci il tarixdə quraşdırdığı “SMART KART” sayğac üzrə və 23 fevral 2018-ci il tarixli, ******* nömrəli akt üzrə onun heç bir borcu yoxdur. Belə ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və ünvan 3nvanda yerləşən fərdi yaşayış evində nə o, nə də başqa bir şəxs yaşamamışdır. Bakı X5 Departamentinin əməkdaşları tərəfindən 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta akt tərtib edilən zaman guya onun həmin akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Həmin aktın nə vaxt və kimlər tərəfindən tərtib edilməsindən onun xəbəri olmamışdır. ünvan 3nvanında yerləşən fərdi yaşayış evində 30 aprel 2001-ci ildən, ümumiyyətlə, yaşayış olmamasını təsdiq edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İƏDÜ nümayəndəsinin 12 yanvar 2021-ci il tarixli, 49/1 saylı arayışının əslini sübut olaraq iddia ərizəsinə əlavə edir. Onun qazdan istifadəyə görə heç bir borcu yoxdur və Bakı X5 Departamentinin 23 fevral 2018-ci il tarixli, ******* nömrəli saxta aktlarının onun evinə heç bir aidiyyəti yoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 863,40 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 219,60 manat cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib olunmuş, müvafiq komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4317 m3, xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi isə 1098 m3 təşkil etmişdir. Hesablanmış müvafiq olaraq 863,40 manat və 219,60 manat məbləğində dəymiş ziyan 2018-ci ilin yanvar ayından könüllü ödəməsi üçün abonentin **********00248 saylı koduna yerləşdirilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Bu barədə məhkəmə iclası zamanı izahatlarında, suallara cavab olaraq da dəfərlərlə qeyd etmişlər. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnaməni qəbul edərkən iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlara istinad etmişdir. Halbuki həmin aktlar abonent kodu verilmiş ünvanda iddiaçı tərəfindən qaz borusuna özbaşına qoşulma hallarının (faktların) aşkar edilməsi əsası ilə tərtib edilmiş, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələr isə təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını özündə əks etdirmişdir. Məhkəmə həm də Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə istinad edərək sayğacdan kənar qoşulma halının, eləcə də qoşulmaya xarakterik əlamətlərin aşkar edilməməsini göstərmişdir. Bu rəylə bağlı qeyd edilməlidir ki, qeyri qanuni qoşulma 2018-ci ilin yanvar və fevral aylarında aşkar edilmiş, ekspert tədqiqatı isə 3 ildən sonra keçirilmişdir. Belə olan halda, qanunsuz qoşulmanın aşkar edilməsi mümkün deyildir. Digər tərəfdən, həmin ünvanda olan qaz borularının yenisi (diametrı böyük və əksinə) ilə əvəzlənməsi, rənglənməsi və s. dəyişikliklərə məruz qalması ehtimalı 100 faizdir. İş materiallarında olan sübutların hamısı iddiaçının təbii qazdan qeyriqanuni istifadə etməsini göstərir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatları nəzərə almamışdır. İş materiallarında olan, mübahisələndirilən qətnamədə öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın təmin edilməsinə yox, iddia tələbinin təmin edilməməsinə əsasdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən Cavabdehnə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətləri dəyişdirilməmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacından kənar qazdan istifadə edilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 49/1 saylı arayışından görünür ki, İddiaçı yaşadığı K.Qasımov küçəsi ev 42 ünvanında 30 aprel 2001-ci ildən hal-hazırki günə kimi yaşayış olmamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə (abonent kodu **********00248) itirilmiş qazın sərfiyyatı 4317 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 28 fevral 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə (abonent kodu **********00248) itirilmiş qazın sərfiyyatı 1098 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə akta görə borc 1082,10 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qaz xətti üzərində qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə keçirilmiş ekspertizanın 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı rəyini əsas sübut kimi nəzərə alaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının, eləcə də qaz xətti üzərində qoşulmaya xarakterik əlamətlərin aşkar edilməməsinə istinad etmişdir. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertizanın 25 noyabr 2021-ci il tarixli, 10/5250 saylı rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qaz xətti üzərində qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspert iddiaçının və Cavabdeh İB-nin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvana baxış keçirmiş, baxış zamanı daşıyıcı qaz xəttinin diametrinin 89 mm, daşıyıcı qaz xəttindən budaqlanma verilməklə sayğaca diametri 15 mm olan polad boru ilə qaz xəttinin çəkildiyi, sayğacdan evə isə diametri 20 mm-lik polad boru ilə qaz xəttinin çəkildiyi müəyyən edilmiş, baxış zamanı həmin ünvanda sayğacdan kənar qoşulmaqla istifadə halı aşkar edilməmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən olundu ki, evin qaz təchizatı yoxdur və evdə qaz avadanlıqları mövcud deyildir. Məhkəmə kollegiasının iclasında cavabdehin nümayəndəsi X3 iddiaçıya məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən Cavabdehnə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətlərinin sonradan dəyişdirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-117/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1120/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1120/2022
28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver