Məhkəmə qərarları › İş №2(105)-1123/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1123/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1123/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 İnqlab oğluna və Zamin2 qarşı borc tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsində göstərilən tələblər qanunsuz olduğundan rədd edilməsi və İddiaçı ASC-yə ödədiyi 7000 manat əlavə pulun ona qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(034)-32/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli 896954/14-AZN nömrəli kredit müqaviləsinə əsasən 1.968,45 manat əsas, 425.84 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 2444,29 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı Ləğv prosesindən olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Zamin1 ilə Zamin2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 896954/14/ZM nömrəli zaminlik müqaviləsinə və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişlərə xitam verilməsi, Cavabdeh 130 manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə köçürülməsi, ekspertiza xərcinin qalan 139 manat hissəsi iddiaçıdan tutularaq Dövlət Büdcəsinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 101.09 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabehlər Cavabdeh və Zamin1 İnqlab oğlu və Zamin2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2642.38 manat əsas, 2256.92 manat faiz, 2818.55 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 390.35 manat faiz borcu olmaqla, cəmi 8108.20 manat məbləğində borcun və ödənilmiş 101.09 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 896954/14-AZN nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin2 və Zamin1 ilə bank arasında ZM- 896954/14 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 896954/14-AZN nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3749.82 (üç min yeddi yüz qırx doqquz manat 82 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixədək təşkil edir. ZM- 896954/14-AZN nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmış və zaminlər bu əlavə sazişi imzalamaqla 896954/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********383 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 8108.20 (səkkiz min bir yüz səkkiz manat 20 qəpik) manat təşkil edir. Bundan 2642.38 (iki min altı yüz qırx iki manat 38 qəpik) manat əsas, 2256.92 (iki min iki yüz əlli altı manat 92 qəpik) manat faiz, 2818.55 (iki min səkkiz yüz on səkkiz manat 55 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 390.35 (üç yüz doxsan manat 35 qəpik) manat faiz borcu təşkil edir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsində göstərilən tələblər qanunsuz olduğundan rədd edilməsi və İddiaçı ASC-yə ödədiyi 7000 manat əlavə pulun ona qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi və 7000 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı idda ərizəsi onunla əsaslandırılmışdır ki, o, yəni Cavabdeh 1991-1994-cü illər ərzində Vətəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə iştirak edərək fədakarcasına döyüşmüşdür. Məlum olan Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının müdafiəsi zamanı, gedən ağır döyüşlərdə 7 dəfə ağır yaralanmış, güllə və qəlpə yaraları almışdır. Demək olar ki, sağlamlığını itirmiş, ona yetirilən həmin xəsarətlərin ağırlıq dərəcəsinə görə o, İİ qrup Qarabağ əlili olmuşdur. Azərbaycan Bayraq Ordeninə layiq görülmüş, igidliyə və Qubadlı, Zəngilanın azad olunması və digər 1-ci Qarabağ Müharibəsi iştirakçısı medallarına layiq görülmüşdür. Azerbaycan Respublikası "Şəhid Ailələri, Əliilləri və X1 İctimai Birliyinin" sədridir və dövlətə dəstək üçün pandemiya dövründə aztəminatlı ailələr (X5) maddi və mənəvi dəstək olmuşdur. Bu haqda rəsmi videogörüntüləri var. Əlavə olaraq X8 cənab Vilayət Eyvazova rəsmi məktub göndərmişdir. Azərbaycan Respublikasının qurtuluş günü 28 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xəzər markalı avtomobil ilə təmin olunmuşdur. O, 17.11.2.014-cü il tarixində İddiaçı-dan 9000 (doqquz min) manat məbləğində nəğd pul götürmüşdür. Həmin məbləği aylıq ödənişindən artıq olaraq İddiaçı plastik kart vasitəsi ilə 490 manat hər ay onun hesabından ödəniş edilmişdir. Bu haqda İddiaçı ASC-nin Nərimanov rayon filialının müdiri adını bilmədiyi xanım plastik kartının bankda qalmaq şərti ilə hər ay 489 manat ödəniş edilərək 5 ay plastik kartından çıxarılmış və kartı isə Dəmirbankın nümayəndəsində qalmışdır. 36 ay müddətində həmin pul tam şəkildə ödənilmiş və plastik kartı mənimsənmişdir. Səbəb əlaqəsini bildirmişlər ki, onun plastik kartı bank ödənişləri üçün qaytarılması mümkün deyildir, çünki həmin kreditoru işdən azad etmişlər və kartı həmin kreditorda qalmış, yeni kart hazırlayıb ona təqdim enəcəklər. Lakin, bu məsələlərlə bağlı artıq onun ödənişləri köhnə plastik kartından tam şəkildə ödənildiyi üçün yeni kartı ona təqdim edərək Dəmirbankdan ayrılmışdır. 2021-ci il tarixdə onun zaminləri Zamin2 və Zamin1 Dəmirbankın dələduzları tərəfindən **********383 saylı 29 sentyabr 2021-ci il tarixli yazılı surətdə zamin kimi onlara borc bildirişini ünvanlarına göndərmişlər. O, xx.xx.2014-cü il tarixində Dəmirbankdan 9000 (doqquz min) manat məbləğində nəğd pul götürmüş və həmin pulu plastik kartından tam şəkildə ödəyib borcunu bağlamışdır. Zəngilan Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli 896954/14-AZN №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 27% dərəcəsi ilə 9000 (doqquz min) manat kredit götürmüş, faizi ilə birlikdə kreditin məbləği müqaviləyə əsasən 13.238 manat təşkil etmişdir. Onda olan pul ödənişi qəbzlərinə əsasən 21.043 manat pul Dəmirbanka ödəmişdir. Bütün bunlardan belə bir nəticə çıxır ki, o, müqavilədə göstrəilən məbləğdən 7000 manatdan çox pul Dəmirbanka ödəmişdir. Qanun ilə həmin pul ona qaytarılmalıdır. Bütün bunlardan belə bir nəticə çıxır ki, onun Dəmirbanka heç bir borcu olmadığı halda 8108 manat 20 qəpik məbləğində pulun ödənilməsi barəsində ona qarşı iddia qaldırılmışdır. İşin faktiki halları və qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi pul qəbzləri ilə sübut olunur ki, əksinə Dəmirbankın ona 7000 manat borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Məmmədov X4 Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri barədə ona hər hansı bildiriş gəlməmiş, proseslər barədə maraqlandıqdan sonra prosesdə iştirak etmişdir. Hətta iddia ərizəsi ona verilmədiyinə görə iddiaya etirazı da təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə prosesi zamanı prosesə sədrlik edən onun məhkəmədə çıxış etmək, suallar vermək hüququnu tamamilə məhdudlaşdırmışdır. İş üzrə iki ayrı ekspertiza təyin edilmiş və iki ziddiyyətli rəy verilmişdir. Lakin nədənsə məhkəmə yalnız qarşı tərəfin xeyrinə olan ekspertiza rəyinə əsasən iddianı təmin etmişdir, Halbuki, iş üzrə verilmiş ilkin ekspertiza rəyi onun xeyrinə idi. Məhkəmə ekspetiza təyin edərkən tərəfindən məhkəməyə vəsatət verilmiş və xahiş etmişdir ki, ekspertiza onun təqdim etdiyi qəbzlər əsasında və onun iştirakı ilə keçirilsin. Lakin məhkəmə əsassız olaraq vəsatətini təyin etmədi. Onun bank qarşısında ödənilməyən hər hansı bir borc öhdəliyi yoxdur. İlkin ekspertiza rəyindən də tam bəlli olur ki, onun banka deyil, bankın ona borcu var. Lakin məhkəmə işin bu hallarını araşdırmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və qarşılıqlı iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qeyd etdiyi hallara dair sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehin ilkin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, tərəflər arasında bağlanmış 896954/14-AZN nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 27 faiz hesablanmaqla 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmiş, cavabdehin 4.09.2021-ci il tarixə kredit üzrə cəmi borcu 8108.20 (səkkiz min bir yüz səkkiz manat 20 qəpik) manat təşkil edir. Bundan 2642.38 (iki min altı yüz qırx iki manat 38 qəpik) manat əsas, 2256.92 (iki min iki yüz əlli altı manat 92 qəpik) manat faiz, 2818.55 (iki min səkkiz yüz on səkkiz manat 55 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 390.35 (üç yüz doxsan manat 35 qəpik) manat faiz borcu yaranmış və ilkin iddiaçı bunu əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/5869 № 17 avqust 2023-cü il tarixli ekspertiza rəyi ilə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 1968,45 manat, faiz borcu üzə 425,84 manat, ümumilikdə 2394,29 manat müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh banka borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 000000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidir. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və sair faizlər nəzərdə tutulmuş, qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunmuşdur. Qeyd olunan Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. İşdən görünür ki, Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüşdür. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin 425.84 manat faiz borcunun tutulması hissəsində gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, MPM-nin 385.2. maddəsinin tələbi baxımından məhkəmə aktının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh X3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 425,84 manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Cavabdeh ekspertiza xərci 145 (yüz qırx beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar