Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-426/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(059)-773/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********41 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 (doxsan səkkiz manat 84 qəpik) manat borc, 08 aprel 2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə isə 2453,31 (iki min dörd yüz əlli üç manat 31 qəpik) manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 (iki min beş yüz əlli iki manat 15 qəpik) manat pul tutulması, iddia tələbi üzrə çəkilmiş 45,93 (qırx beş manat 93 qəpik) manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********41 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 manat borc, 08 aprel 2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə isə 2453,31 manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 manat pulun və ödənilmiş 45,53 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Siyəzən şöbəsi ilə X4 arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz olmaqla, 500 manat məbləğində bərpa olunan kredit limiti, 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə, illik 24 faiz olmaqla, 2600 manat məbləğində kredit verilmişdir. Bundan sonra, Feyruz Balayev 31 iyul 2021-ci il tarixdə ölmüş, nəticədə mərhumun vəfatından sonra ondan qalmış mirasa görə vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Beləliklə, mərhum X2 adına Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, sonuncunun öldüyü tarixə 11 sentyabr 2020-ci il tarixli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 manat borc, 08 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə isə 2453,31 manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 manat borcu qalmışdır. Cavabdeh isə mərhum X1 qalmış mirası qəbul etməsinə, habelə bu barədə edilən xəbərdarlıqlara baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir. Belə ki, səhhəti buna imkan vermir. Uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. xx.xx.2024-cü il tarixdə “M.A.Topçubaşov adına X5” publik hüquqi şəxsində stenokardiya, ürəyin hipertenziv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdir. Belə ki, ürəyin aorta damarına gedən damarları tamamilə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə süni qan dövranı şəraitində aorta-koronar şuntlama əməliyyatı olunmuşdur. xx.xx.2024-cü il tarixdə xəstəxanadan çıxmış, həmin tarixdən səhhəti yaxşı deyil, əmək qabiliyyətini itirmişdir. İşləmək iqtidarında deyil. Xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi də ala bilmir. Ona görə də yuxarıda qeyd olunan borcu ödəmək iqtidarında deyil. Ümumiyyətlə bu borcdan xəbəri olmamış, heç bir zaminliyi yoxdur. Bank mərhum həyat yoldaşı kredit alarkən həyat sığortası etməmişdir. Həmçinin onun adına vərəsəlik işi xx.xx.2024-cü il tarixdə açılsa da, onunla bərabər mərhumun anası da vərəsəsidir. Onunla münaqişəli durumdadır. O vərəsəliyini qəbul etməyinə razı deyil. Bu səbəbdən də vərəsəliyi - ev və avtomobili adına keçirib, sata bilmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni mərhum X2 qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilməsi ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, mərhum X2 "xxxx" ASC-nin "Siyəzən" şöbəsi ilə bağlamış olduğu 11 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, Feyruz Balayev 31 iyul 2021-ci il tarixdə ölmüş, 28 sentyabr 2021-ci il tarixli vərəsəlik işi açılmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş və iddianı rədd edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Siyəzən rayon dövlət notariat ofisinin 20 fevral 2024-cü il tarixli, 52 nömrəli məktubundan, eləcə də, texniki pasportun, çıxarışın və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, vəfat etmiş X2 adından 28 sentyabr 2021-ci il tarixli, 8V-146 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsəsi arvadı Cavabdeh tanınmışdır. Həmçinin, mərhumun vərəsəsi kimi Cavabdeh tanınsa da, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Miras əmlakı isə ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 10 mart 2017-ci il tarixdə Feyruz Balayevə verilmiş **********21-05101- 093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət üzrə ümumi sahəsi 64,3 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən, eləcə də, 2014-cü il buraxılışlı, **-NF- *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobiindən ibarətdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-426/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-426/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver