Məhkəmə qərarları › İş №2(105)-1128/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1128/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1128/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1i ünvanına aid qaz sayğacına (abonent kodu **********00384) dair hesablanmış 626,40 manat cərimə borcunun silinməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi, şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzunun ləkələnməsinə yol verdikləri hərəkətlərə görə 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00384 olan təbii qazın istehlakçısıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuş, həmin aktda guya onun sayğacdan kənar qaz borusuna qoşularaq qazdan qanunsuz istifadə etdiyi qeyd olunmuş və akta foto şəkillər əlavə edilmişdir. Həmin sənədlərdə olan şəkillər və qaz borusuna qoşulma başqa bir şəxsin fərdi yaşayış evinə məxsus olduğu aydın şəkildə görünür. Cavabdeh İB-nin əməkdaşları ona məxsus olmayan fərdi yaşayış evinə baxış keçirmiş və protokol tərtib etmişlər. Protokolda onun adı qeyd olunmuş və onun adından imza edilmişdir. Bundan sonra o, “Azərqaz” İB-yə müraciət etmiş, yenidən Birliyin əməkdaşları ilə ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilmiş və onun qaz sayğacından kənar qaz borusuna qoşulmadığı müəyyən olunmuşdur. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq ona məxsus **********00384 abonent kodu üzərinə yazılmış 628,9 manat borc silinməmişdir. O, rəsmi qurumlara müraciət etmiş, Bakı Regional Qaz Satışı Departamenti ona təkrar olaraq sayğacdan kənar qoşulması barədə məktub göndərmişdir. Azəriqaz” İB-nin əməkdaşları vəzifə səlahiyyətlərindən sui istifadə və saxtakarlıq etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********00384 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etmişdir. Halbuki iddiaçı tərəfindən qaz borusuna özbaşına qoşulma faktının aşkar edilməsi əsası ilə həmin akt tərtib edilmişdir. Həmçinin də məhkəmə dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etmişdir. Bu tələbnamədə isə iddiaçının qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanması qeyd edilmişdir. Qeyd edilən bu sübutlar iddia tələbinin əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatları nəzərə almamış, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən, məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, saldoya nəzər salınsa abonentin ödənişlərinin, demək olar ki, olmadığı görünür. Məhkəmənin istinad etdiyi sübutlar iddianın qismən təmin edilməsinə yox, iddia tələbinin rədd edilməsinə əsasdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü bəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Məhkəmə iddiaçının və şahidin izahatlarından belə nəticəyə gəlmişdir ki, akt əslində Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edilmişdir. Lakin məhkəmə qeyd olunan izahatı yoxlamamış və bu izahata ən azından yerli baxış keçirdikdən sonra qiymət verməmişdir. İddiaçıya aid olan **********00384 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacından kənar qazdan istifadə edilməmişdir, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktda olan imza da ona məxsus deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən təbii qazdan sayğacdan əvvəl qeydiyyatsız istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 may 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə (abonent kodu **********00384) itirilmiş qazın sərfiyyatı 6264 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə akta görə borc 626,40 manat təşkil edir, 2020-ci ilin sentyabrına kimi 2,50 manat məbləğində təbii qazdan istifadəyə görə debitor borcu vardır. İş üzrə keçirilmiş ekspertizanın 27 avqust 2021-ci il tarixli, 4/1124 saylı rəyindən görünür ki, İddiaçı adına olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı aktın aşağı sağ tərəfində “Murtuzayev R” yazısı qarşısında “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh Bakı X5 Departamentində mühəndis işləyir. 2020-ci ilin may ayında isə Cavabdeh Xırdalan şəhəri, Hökməli və Qobu qəsəbələri üzrə qrup rəhbəri işləmişdir. 15 may 2020-ci il tarixli, ******* nömrəli akt onun rəhbərlik etdiyi qrupun əməkdaşları tərəfindən tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Həmin akt səhv tərtib edilmişdir. Belə ki, akt Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edilmiş, lakin aktda texniki yanlışlıq olaraq İddiaçı adı qeyd olunmuş, İddiaçı məxsus abonent kodu və evə məxsus ünvan yazılmışdır. İşə əlavə edilmiş fotoşəkillər də iddiaçıya məxsus evin fotoşəkilləri deyildir, Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evin fotoşəkilləridir. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi 626,40 manat borc “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. İş üzrə keçirilmiş ekspertizanın 27 avqust 2021-ci il tarixli, 4/1124 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı aktın aşağı sağ tərəfində “Murtuzayev R” yazısı qarşısında “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Cavabdeh Bakı X5 Departamentində mühəndisi X3 2020-ci ilin may ayında Cavabdeh Xırdalan şəhəri, Hökməli və Qobu qəsəbələri üzrə qrup rəhbəri işlədiyini, 15 may 2020-ci il tarixli, ******* nömrəli aktın səhv tərtib edildiyini, aktın Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edildiyini, lakin aktda texniki yanlışlıq olaraq İddiaçı adı qeyd olunduğunu, İddiaçı məxsus abonent kodu və evə məxsus ünvan yazıldığını, işə əlavə edilmiş fotoşəkillərin də iddiaçıya məxsus evin fotoşəkilləri olmadığını göstərmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar