Məhkəmə qərarları › İş №2(105)-113/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-113/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-113/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X19 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs X11 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-791/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1, 17 saylı mənzil X2 xüsusi mülkiyyətində olmuşdur.

2. İddiaçıların nənəsi - X6 xx.xx.2011-ci il tarixində ölmüşdür. Sonuncunun bir oğlu - Elşən Cəfərov və 3 qızı - Cəfərova Leyla, Cəfərova Gülçöhrə, Məmmədova (Cəfərova) Vəfa olmuşdur.

3. İddiaçıların atası - X12 xx.xx.2019-cu il tarixində ölmüşdür.

4. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 2V-98 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş - X2 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır.

5. Şəhadətnamədə verilən miras əmlak - Abşeron Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 verilmiş reyestr kitabın 4930-cu səhifəsində qeyd edilmiş, qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 5 nömrəli evin ümumi sahəsi 71,8 kv.m olan yaşayış otaqlı 17 nömrəli mənzilindən ibarətdir.

6. xx.xx.2021-ci il tarixli 2V-98 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən mənzil Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Sözügedən mənzil üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 093042 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

7. xx.xx.2021-ci il tarixli 4Ə-1808 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil X7 adına özgəninkiləşdirilmişdir. Mənzil üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101-093042 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

8. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 248 nömrəli sərəncamına əsasən mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

9. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-789 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi X11 adına özgəninkiləşdirilmişdir. Qeyri-yaşayış sahəsi üzərində X11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 17-ə X8 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, ünvan 1, mənzil 17-ə Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 17 X3 məxsus olmuş, 4930 reyestr nömrəli mənzilin xüsusi mülkiyyət hüququ verən qeydiyyat vəsiqəsi (çıxarış) olmuşdur. X6 iddiaçıların atası X9 anasıdır. İddiaçıların nənəsi X6 xx.xx.2011-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. İddiaçıların nənəsinin 1 oğlu, yəni Elşən Cəfərov və 3 qızı Cəfərova Leyla, Cəfərova Gülçöhrə və Məmmədova (Cəfərova) Vəfa qızları olmuşdur. Məlahət Cəfərova vəfat edərkən qızları Leyla, Gülşən və Vəfa ailə həyatı qurmuş və köçüb başqa ünvanlarda yaşamışlar. Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlikdə yaşamışdır. Elşən Cəfərov iddiaçılara hüquqşünaslarla məsləhətləşdiyini və evə faktiki sahiblik edib, orada yaşadığından istədiyi vaxt vərəsəlik şəhadətnaməsi ala biləcəyini bildirmişdir. Elşən Cəfərov xx.xx.2019-cu ildə qəfil ürək çatışmamazlığından vəfat etdikdən sonra, hazırki Cavabdeh1 iddiaçılara yaxınlaşıb “ata ocağıdır, buranı qoruyun, satmayın” demişdir. Sonra məlum olmuşdur ki, iddiaçıların atası nənələrindən miras qalmış mənzildən istifadə edib, qəbul etsə də, vərəsəlik şəhadətnaməsi alıb öz adına rəsmiləşdirməmişdir. Cavabdeh1 bu hallardan istifadə edib, Abşeron rayonu 2 saylı notariat ofisinin notariusunu aldadaraq, vərəsələrin dairəsini bəyan etmədən, Elşən Cəfərovun ölüm şəhadətnaməsini, Gülşən və Leyla Cəfərovanın payının verməsi ərizəsini alaraq, yaşamadığı və heç vaxt sahiblik etmədiyi miras əmlakı 11 ildən sonra vərəsəlik şəhadətnaməsi alaraq öz adına rəsmişləşdirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı notariat ofisi tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Mülki Məcəlləsinin 1133-cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsəlik işinə aid olan sənədlərdən görünür ki, Cavabdeh1 notariusa xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Qanun üzrə vərəsələr vərəsəlik açıldığı gündən 3 ay müddətinə miras əmlak qəbul edə bilərlər. Cavabdeh 10 ildən sonra notariusa ərizə verərək vərəsəlik şəhadətnaməsi almış, Mülki Məcəllənin 1246-cı maddəsinin tələbi pozulmuşdur. Bundan başqa cavabdeh Elşən Cəfərovun ölüm şəhadətnaməsini təqdim edərək, mərhumun vərəsələrinin olmasını gizlədərək, miras əmlaka tam sahib çıxmaq istəmişdir. Mülki Məcəllənin 1157-ci maddəsində göstərilir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1270.3-cü maddəsinə görə ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Qanunun tələbindən göründüyü kimi Elşən Cəfərov miras əmlakı qəbul edib, həmin mənzildə yaşadığından vərəsəliyi qəbul etmiş sayılır və ölümümdən sonra həmin vərəsəlik hüququ mərhumun vərəsələrinə çatır. Vərəsələr həmin özünə çatan paydan imtina etməyibsə, miras pay üzrə vərəsə kimi çağrılmalıdır.

13. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında və etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir və tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlkdə yaşamışdır. Bu yalandır. X24 burada yaşamamışdır. Əlavə olaraq, miras söhbəti gedərkən bacı və qardaşlar Elşən Cəfərov üçün öz adına bir otaqlı mənzil almışlar və Elşən Cəfərov heç vaxt miras iddiasında olmayacağını bəyan etmişdir. Elşən Cəfərov indi haqq dünyasındadır və bəlkə də ruhu adından haram iddiasında olan qızının düşüncələrinə görə əziyyət çəkir. Onu da qeyd edir ki, bu əmlak artıq satılmışdır, başqa şəxslərin mülkiyyətinə keçmişdir və orada vəkil ofisi fəaliyyət göstərir. İddiaçı1 iddiası onlara toxunduğu kimi hazırki mülkiyyətçilərin də əsəblərinə toxunacaqdır. Əlavə olaraq düşünür ki, iddia qaldırmaq üçün müəyyən olunmuş müddət də keçmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının müqavilənin etibarsızlığı ilə bağlı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Ona görə də iddia rədd olunmalıdır. Qeyd edilən faktlara və hüquq normalarına əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasında izahatında bildirmişdir ki, sözügedən ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil xx.xx.2022-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Hazırda o, evin faktiki sahibidir. O, hesab edir ki, vərəsələr arasındakı mübahisənin ona aidiyyatı yoxdur. O, vicdanlı alıcıdır.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-791/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfin istinad etdiyi, yəni Elşən Cəfərovun miras əmlaka sahiblik etməsi,miras əmlakı idarə etməsi və ya miras əmlakın qəbul edildiyini şəksiz nümayiş etdirən hallarla bağlı izahatdan başqa hər hansı bir sübut müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

18. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir.

19. Bundan başqa işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan daşınmaz əmlakın hüquqi statusu yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilmiş və hal-hazırda qeyri-yaşayış sahəsi üzərində X11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən mənzil vicdanlı alıcı olan X11 mülkiyyətindədir, məhkəmədə sonuncunun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmiş və bu xüsusat da iddianın rədd edilməsinə əsas verir.

20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 347.1, 354.1, 354.2, 1243, 1255-ci maddələrinin, “B.Mürsəlovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 12 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 14 oktyabr 2022-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi iddia müddətinin keçməsi tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmənin heç bir mövqeyin sübutlarını araşdırmadan bu cür asan mövqedə durması, Mülki Məcəllənin 375.1-ci maddəsinin tələbinə ziddir. Mülki Məcələnin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddənin tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini pozulmuş hüquqlarını müdafiəsi tələbidir. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qanunun tələbindən göründüyü kimi daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir. İddiaçılar hazırki iddia üzrə miras əmlak olan daşınmaz əmlaka olan hüquqlarının notarius tərəfindən pozulmasını mübahisələndirdiyindən, məhkəmənin hansı iddia müddətinin ötürülməsinin göstərə bilməməsi qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə qətnamədə əqdlərin etibarsızlıq üzrə iddia müddətinin 1 il olmasını göstərərək yanlış nəticəyə gəlmişdir. MM-in 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qanunun tələbindən göründüyü kimi əhəmiyyətsiz əqdlərin etibarsızlılığı nəticəsində iddia müddəti 1 ildir. İddiaçılar ataları Elşən Cəfərova anasından miras qalmış ünvan 1, mənzil 17-nin ofis kimi istifadə olunması üçün təmir edildiyini görəndən sonra həmin miras əmlakın atalarının bacısı Cavabdeh1 tərəfindən başqa adama satılmasını və həmin şəxs də başqasına satmasını öyrəndikdən sonra xx.xx.2022-ci il tarixdə Abşeron 2 saylı notariat ofisinə sorğu ilə müraciət etmiş və vərəsəlik şəhadətnaməsi və onun verilməsi üçün təqdim olunmuş sənədləri əldə etmiş və sonra məhkəməyə məlum iddia üzrə müraciət edilmişdir. İşdə toplanmış sənədlərdən görünür ki, X13 mübahisəli əmlakı xx.xx.2022-ci ildə Cavabdeh1 almış, özü isə xx.xx.2022-ci ildə X1. İddiaçılar atalarına məxsus miras əmlakını ofis kimi təmir etdirildikdə həmin əmlakın satılmasını, yəni bibisi Vəfa tərəfindən vərəsəlik şəhadətnaməsi alınaraq satıldığını bilmişlər. Müddətin axımı miras əmlakın ofis kimi təmir edilməsindən başlasa, bu 2-ci alqı-satqıdan sonrakı aylara düşür ki, həmin vaxtdan iddiaçılar məhkəməyə müraciət etmişlər. Deməli etibarsız əqdləri tətbiq edilən 1 il müddəti keçmədiyindən məhkəmənin qanunu bu dərəcədə pozması, qanunvericiliyə ziddir. L.İ.Binyətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi göturülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ciil 16 mart tarixli Qərarları) Məhkəmə Elşən Cəfərovun anasından sonra miras əmlakda ailəsi ilə birlikdə yaşamasını və 2019-cu ildə vəfat etməsini, həmin evdən çıxarılaraq son məzara aparılmasını məhkəmə iclasında işin mübahisəsiz halı kimi qəbul edib, əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını göstərsə də, qətnamədə E.Cəfərovun mirası faktiki qəbul edib idarə etməsi barədə hər hansı bir sübutun olmamasını göstərmişdir. Eyni zamanda Mülki Məcəllənin 1246-cı maddəsini şərh edərək mirasın qəbulundan 3 ay müddətinə qəbul edilməsini və 6 aydan sonra qəbuluna yol verilməməsini göstərərək, Cavabdeh1 Aftadil qızının 11 ildən sonra vərəsəlik şəhadətnaməsi almasına haqq qazandırır. Məhkəmənin qətnaməsində belə ziddiyətli mövqelərə gəlməsi nə üçün rədd edilmə səbəblərini izah edilməmişdir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi” hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə qətnaməsində “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına” istinad etsə də, qətnamədə hansı sübutların əsaslı şübhələrdən kənar sübut olmasını şərh edə bilməmişdir. Məhkəmə əsaslı iddia tələbini rədd etmək üçün qətnamədə əsaslar göstərə bilmədiyindən, MM-in 354-cü maddəsinə əsasən iddianın rədd edilməsinə əsas tapdığını bildirir. Məhkəmə Mülki Məcəllənin 347.1, 354.1, 354.2-ci maddəsinə istinad edərək, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi almasını vacib yanılma təsir altında bağlanmış əqd hesab edərək, həmin əqdi əhəmiyyətsiz əqd hesab edərək, əhəmiyyətsiz əqdlər üçün iddia müddətinin 1 il olmasını göstərməklə əsaslı iddianı rədd etmişdir. Məhkəmə iddia müddətini tətbiq edərkən hansı müddəti hesabladığını, iddianın hansı müddətə ötürülməsini şərh etməmiş və bununla da iddia müddətinin axımını başlamasını və nə vaxt dayandırılmasını və nə vaxt bitməsini göstərmədən görünüş xatirinə Mülki Məcəllənin maddələrini şərh etmişdir. Bununla da məhkəmə qətnamədə göstərdiyi dəlillər, işin faktiki halları ilə uyğun olmaması ilə xarakterizə olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs X18 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)

29. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)

31. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

32. Maddə 1252. İrsi transmissiya Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

33. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

34. Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

35. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı (...) 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

36. Maddə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

37. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir.

38. Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

40. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

41. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

43. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

44. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

50. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qeyd etmişdir ki, iddiaçı tərəfin istinad etdiyi, yəni Elşən Cəfərovun miras əmlaka sahiblik etməsi, miras əmlakı idarə etməsi və ya miras əmlakın qəbul edildiyini şəksiz nümayiş etdirən hallarla bağlı izahatdan başqa hər hansı bir sübut müəyyən edilməmişdir. Bundan başqa, iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir və sözügedən əmlak vicdanlı alıcı olan X11 mülkiyyətindədir, məhkəmədə sonuncunun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmiş və bu xüsusat da iddianın rədd edilməsinə əsas verir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

52. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

53. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

54. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

55. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

56. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

57. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

58. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

59. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

60. Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

61. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.

62. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

63. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

64. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

65. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

66. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.

67. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

68. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

69. Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun olaraq, kollegiya hesab edir ki, X9 miras əmlakdan imtina etməsi müəyyən olunmadığından mirası qəbul etmiş vərəsə hesab edilməlidir.

70. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə X9 vərəsələri olaraq ona çatacaq miras əmlaka pay hüququna malik olmuşdurlar.

71. Məhkəmə kollegiyası iddia tələbini əsaslı sayaraq qeyd edir ki, notariat orqanı mərhumun digər vərəsələri - X5 və X10 miras əmlakdan imtina edilməsi barədə ərizələrinə və X9 ölüm haqqında şəhadətnaməsinə əsasən tərtib olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 vərəsəsinin Cavabdeh1 olduğunu müəyyən etmişdir, lakin notarius X9 vərəsələrinin dairəsini müəyyən etməmişdir.

72. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

73. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

74. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

75. Notariat işindən isə notariat orqanının X9 vərəsələrinin vərəsəliyə çağırılması və ya onların lazımi qaydada məlumatlandırılması üçün heç bir zəruri tədbirlərin görülmədiyi müəyyən olunur. Belə olan halda isə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi əsaslı olar.

76. Bundan başqa, Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

77. Vərəsə olan cavabdeh isə qeyd olunan normanın əksinə digər vərəsə X9 vərəsələrinin olduğu yeri bildiyi halda onların vərəsəliyə çağrılması üçün hər hansı tədbir görməmişdir.

78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin keçməsi ilə əlaqədar iddiaçıların əqdin etibarlılığını mübahisələndirmək hüquqlarını itirdikləri barədə gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, mövcud məsələ iddiaçıların vərəsəlik hüquqlarının bərpası barədədir və iddiaçı tərəf müddəti ötürmədiyini - mənzilin ofis kimi istifadə olunması üçün təmir edildiyini görəndən sonra həmin miras əmlakın atalarının bacısı Cavabdeh1 tərəfindən başqa adama satılmasını və həmin şəxsin də başqasına satmasını öyrəndikdən sonra xx.xx.2022-ci il tarixdə Abşeron 2 saylı notariat ofisinə sorğu ilə müraciət edilərək vərəsəlik şəhadətnaməsi və onun verilməsi üçün təqdim olunmuş sənədləri əldə etdiklərini və məhkəməyə müraciət etdiklərini göstərmişlər. Birinci instansiya məhkəməsi müddətin ötürülməsi qənaətinə gələrkən müddətin axımının hansı tarixdən başlamasını və nə vaxt bitməsini göstərməmişdir. O cümlədən cavabdeh tərəfindən də, iddiaçıların müddəti ötürmələri barədə sübut növü məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfin müddətin ötməsi barədə gətirdiyi dəlilləri əsaslı hesab etmir.

79. Mübahisəli miras əmlakının X11 mülkiyyətində olması ilə bağlı isə kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir.

80. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

81. Bu qayda ona dəlalət edir ki, əşya hüquqları əldə olunarkən hətta daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır.

82. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-791/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-791/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilə dair Cavabdeh1 adına Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-98 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar