Məhkəmə qərarları › İş №2(105)-1134/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1134/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1134/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-6744/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 2 A saylı evdən çıxarılması və cavabdehdən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(060)-6744/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçi İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6744/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 A saylı evdən çıxarılması və cavabdehdən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə razı olmayan tərəf-İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6744/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qətnamə poçt vasitəsilə göndərilsə də, onun həmin qətnamənin göndərilməsindən xəbəri olmamışdır. Bacısı həmin qətnamənin gəlməsini ona bildirməmiş və daha sonra həmin ünvanda yaşamamışdır. Onun həmin qətnamənin gəlməsindən xəbəri olmuşdur. Qətnamənin çatdırıldığı zaman o, Qurd dərəsi bağlarında yerləşən fərdi yaşayış evində yaşayırdı. Qətnamənin göndərilməsi ilə bağlı xəbərnamədə şəxsən “İddiaçı” tərəfindən qəbul edilməsi yazılsa da, onun tərəfindən qəbul edilməmiş və imzalanmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayətini vermək üçün prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməsi, həmçinin qətnamənin özü tərəfindən qəbul edilməməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli və onunla bağlı 31 mart 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar