Məhkəmə qərarları › İş №2(105)-1134/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1134/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1134/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-792/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X2 verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin, eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601-2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubda imtinaya əsas olaraq qeyd edilmişdir ki, müraciətinin araşdırması zamanı ərizəyə əlavə olunmuş 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderdə adı qeyd olunmamışdır və Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-6012023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışında isə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli order ilə anası X2 verilmişdir. Anası 18 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan orderdə anasından başqa heç kimin adı qeyd edilməmiş, arxiv arayışında isə onun və digər şəxslərin adları tam göstərilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 602 nömrəli arayışda isə onun və digər şəxslərin adları tam qeyd olunmuşdur. Qeyd etdiyi kimi sözügedən mənzil faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir, pasport qeydiyyatı da məhz həmin ünvandadır. Qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İşdə olan xx.xx.1986-cı il tarixli arayışın surətindən görünür ki, Ərizəçi və dörd nəfər ailə üzvləri ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadırlar.

5. İşdə olan AZ-İ № 328609 saylı, xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə ölmüşdür.

6. İşdə olan İİİ-JQ № 331417 saylı, xx.xx.1985-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Əbdüləzim Hüseyn oğlu xx.xx.1985-ci il tarixdə ölmüşdür.

7. İşdə olan İİ-JQ № 300118 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Məmmədov Əbdüləzim Hüseyn oğlu, ana qrafasında-X4 qeyd edilmişdir.

8. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin 17 iyul 2023-cü il tarixli, 3- 48DA-10F/2-601-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda Sumqayıt şəhər X5 30 iyun 1986-cı il tarixli qərarında ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X1 və 4 nəfər ailə üzvlərinin istifadəsinə verilmişdir.

9. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 17 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, təqdim edilən xx.xx.1986-cı il tarixli, 05/52 nömrəli orderdə adı qeyd olunmamışdır və Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601- 2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında isə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

10. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında yaşayır.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-792/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ərizə təmin edilərək, 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601- 2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin, eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48- DA-10F/2-6012023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı öz təsdiqini tapır. Lakin mövcud yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 307, 307.2, 307.2.5, 308 və 311-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin səlahiyyətlərini Sumqayıt şəhər İcra Hakimiyyəti yerinə yetirir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Qeyd edilən mülki işi üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizəçi qeydiyyatda olduğu mənzilə dair kirayə müqaviləsinin mərhum anası X1 adından öz adına keşirilməsi ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən də bununla bağlı sərəncam verilməli, müvafiq mənzilə dair kirayə müqaviləsinin Ərizəçi ilə bağlaması həyata keçirilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibati orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə uyğun mülki iş məhkəmə icraatına o halda qəbul oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, ərizəçi ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. (...)

20. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mövcud ərizə təmin olunmamalıdır.

31. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi).

32. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.

33. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur.

34. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri-məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir.

35. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.

36. Mülki Prosessual Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

37. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar: hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

38. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

39. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

40. Həmin Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqa aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

41. Hazırkı işin araşdırılan hallarından göründüyü kimi Sumqayıt şəhər X5 İcariyyə Komitəsinin 30 iyun 1986-cı il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair kirayə müqaviləsi Ərizəçi anası X3 ilə bağlanmış və onun adına 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli order verilmişdir. Müvafiq orderdə Ərizəçi adı qeyd olunmamışdır. Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin səlahiyyətlərini Sumqayıt şəhər İcra Hakimiyyəti yerinə yetirir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

42. Kollegiya hesab edir ki, ərizəçi ilk növbədə qeydiyyatda olduğu və kirayəçisi mərhum anası olmuş mənzilə dair müvafiq kirayə müqaviləsinin onunla bağlanılması ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ vardır və o, bu imkanı itirməmişdir.

43. Ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi nəzərdə tutulduğu halda, inzibati orqana müraciət etmədən birbaşa məhkəmə müraciət etmişdir. Göründüyü kimi müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən müvafiq inzibati orqana müraciət olunmamışdır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq yuxarıda qeyd edilən ərizənin təmin edilməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

45. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

46. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə təmin olunmamalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-792/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin, eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601-2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının ona məxsus olması barədə ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar