Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1135/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)- 1724/2024 nömrəli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03741730 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1101,6 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 61,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
2. İşdə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 1212 manat ödənilməmiş borcu vardır.
3. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı soyuducu üçün 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə borcu olmaqla, ümumilikdə 1212 manat borc, 32,12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı soyuducu almış və nəticədə 1212 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1101,6 manat olan “Hoffmann” markalı soyuducu üçün ümumilikdə 1212 manat olmaqla, ondan 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə borcu yaranmışdır.
6. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmuşdur.
7. Etiraz ərizəsində göstərilir ki, bu artıq “Kontakt Home”-nin ona qarşı olan ikinci haqsız iddiasıdır. O, məsuliyyətindən yayınmır. Belə ki, soyuducunun evə gətirilməsinin 2ci günü işləməmişdir. O, dərhal əlaqə saxlayaraq mağazaya yaxınlaşmışdır. Hər gün işə gedən və işdən qayıdan zaman “Kontakt Home”-a müraciət edərək, soyuducu ilə maraqlanmalarını bildirmişdir. Hətta əməkdaşlardan biri onunla kobud şəkildə rəftar etmişdir. Soyuducunu 2022-ci ilin iyul ayında almışdır. O, soyuducunu işləmədiyi üçün dəyişmələrini bildirməsinə baxmayaraq, onlar bu təklifi də qəbul etmədilər. Usta göndərdilər. Usta soyuducunun istehsal qüsuru ilə əlaqədar işləmədiyini bildirmişdir. Həmçinin usta bildirmişdir ki, soyuducu onun hesabına təmir ediləcək və ödənişi o həyata keçirəcək. Lakin soyuducunun işləməsinə zəmanət vermir. O, soyuducunu bir neçə ay istifadə etmiş olsa idi, bu olanları qəbul edərdi. Lakin, soyuducu sadəcə bir gün işləmişdir. Məhsulu 14 gün keçmədən qaytarmışdır. Digər ödənişlər üçün mağazaya yaxınlaşan zaman əməkdaşlar soyuducunun kreditini ödəməli olduğunu qeyd etmişlər. Soyuducunu dəyişdirəcəkləri təqdirdə ödəniş edəcəyini desə də, mütləq həmin işləməyən soyuducunu götürməli olduğunu bildirirmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1724/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Hoffmann” markalı soyuducunu almış, həmin soyuducu cavabdehə təhvil verildikdən sonra onda müəyyən qüsurlar yaranmış, cavabdeh 14 gün ərzində yaranmış qüsur ilə əlaqədar iddiaçıya məlumat vermiş və həmin soyuducunun yenisi ilə əvəz edilməsini tələb etmiş, iddiaçı cavabdehin tələbindən imtina etdiyi üçün, cavabdeh əşyanı iddiaçıya geri qaytarmışdır. Belə olan halda iddiaçı məhsulda nasazlıq olub-olmadığını qısa müddət ərzində müəyyən etməklə cavabdehə bu barədə məlumat verməli olduğu halda, məhsulu özündə saxlamış və müqavilə üzrə ödəniş müddəti başa çatdıqdan sonra (xx.xx.2024) məhkəməyə müraciət etmişdir. İş materiallarında da iddiaçı tərəfindən məhsulun götürülməsi yaxud dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət edilməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qeyd edilən halı təkzib etməmişdir.
10. Məhkəmə eyni zamanda hesab etmişdir ki, qeyd edilən hal cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhsulun iddiaçıya təhvil verilməsindən keçən uzun müddət həmin məhsulun normal aşınma nəticəsində keyfiyyətinin pisləşməsinə və cavabdehin məhsuldan istifadəyə marağının azalmasına səbəb ola bilərdi.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 567, 600.1, 600.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Əvvəla sübutların məhkəmə tərəfindən tam və axıracan araşdırılması aparılmamışdır. Belə ki, cavabdeh məhkəmə prosesi vaxtı əşyanı 14 gün keçmədən qaytarıldığını bildirmiş, lakin əşyanı 3 ay istifadə etdikdən sonra, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Sülh plazada yerləşən Kontakt Home-37 mağasına atıb gedib, rəsmi təhvil verməyib. Bu isə bilərəkdən məhkəməyə yalan məlumat vermək qənaətinə gəlir. Cavabdeh məhsulun nasazlığı ilə bağlı ilk müraciəti xx.xx.2022-ci il tarixdə olub. Cavabdeh şirkətin qaynar xəttinə zəng vuraraq bildirmişdir ki, əşyada nasazlıq var və cavabdehlə razılaşmışlar ki, xx.xx.2022-ci tarixdə servis tərəfindən məhsula baxış keçirilməsi üçün mütəxəssis gələcək. Daha sonra xx.xx.2022-ci il tarixdə Servis terəfindən mütəxəssis gedir cavabdehin ünvanına və “Hoffmann” markalı soyuducuya baxış keçirir və mütəxəssis cavabdehə bildirir ki, soyuducunun texniki vəziyyətini tam yoxlamaq üçün texniki servisə aparılması zəruridir, lakin cavabdeh imtina edir və tələb edir ki, ona yeni bir soyuducu verilsin.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 586-cı maddəsinə əsasən, 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır.
23. 587-ci maddəsinə əsasən, 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
24. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
25. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
26. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.
27. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
28. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
30. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcıilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
31. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin
32. 624.3-cü maddəsinə əsasən malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər.
33. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: -lazımi keyfiyyətli mala dəyişdirməyi; -satış qiymətini uyğun məbləğdə azaltmağı; -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
34. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
35. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
36. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.
37. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən istehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
39. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
40. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
43. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
44. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması, cavabdehin iddiaçıdan soyuducu alması, soyuducuda yaranmış nasazlıq barədə cavabdehin satıcıya məlumat verməsi, soyuducunun xarab olaraq işləməməsi, cavabdeh tərəfindən soyuducunun satıcıya qaytarılması işin mübahisəsiz halıdır.
48. İddiaçının göstərdiklərinə görə - cavabdeh məhsulun nasazlığı ilə bağlı ilk müraciəti xx.xx.2022-ci il tarixdə olub. Cavabdeh şirkətin qaynar xəttinə zəng vuraraq bildirmişdir ki, əşyada nasazlıq var və cavabdehlə razılaşmışlar ki, xx.xx.2022-ci tarixdə servis tərəfindən məhsula baxış keçirilməsi üçün mütəxəssis gələcək. xx.xx.2022-ci il tarixdə servis tərəfindən mütəxəssis “Hoffmann” markalı soyuducuya baxış keçirmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixdə soyuducunu mağazaya atıb getmişdir.
49. Göründüyü kimi iddiaçının özünün göstərdiyi hallardan da cavabdehin 3 ay soyuducunu işlətməsi müəyyən olunmur. Hətta iddiaçının göstərdiyi bu hallar özü soyuducunun xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi işləmədiyini təsdiq edir.
50. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
51. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə satılmış soyuducunun keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh alğı-satqı müqaviləsinin icrasından imtina etmək hüququndan istifadə edərək həmin soyuducunu satın aldığı mağazaya geri qaytarmışdır.
52. İddiaçı cavabdehin əşyanı rəsmi təhvil vermədiyinə və mağazaya atıb getməsinə istinad etsə də, baş vermiş həmin halı özü də rəsmiləşdirməmişdir. Soyuducunun isə cavabdehdə deyil, faktiki olaraq iddiaçıda olması işin mübahisəsiz halıdır.
53. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.
54. Lakin işdən müəyyən olunur ki, soyuducunu istehlakçı olan cavabdeh özü satıcı olan iddiaçıya qaytarsa da, iddiaçı nə yeni soyuducunu, nə də ki, ləngitmədən qüsuru (nasazlığı) aradan qaldıraraq həmin soyuducunu cavabdehə təqdim etməmişdir.
55. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını göstərsə də, öz etirazının əsası kimi məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
56. İddia tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
57. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1724/2024 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.