Məhkəmə qərarları › İş №2(105)-114/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-114/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-114/2024 16.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2ə qarşı lizinq müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2ə qarşı lizinq müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-46/2019 nömrəli qətnaməsindən Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanılmış daxili lizinq müqaviləsinə və 1 saylı əlavəyə əsasən Cavabdeh1 MMC-yə “Maqni RTH 5.23” markalı teleskopik yükləyici verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə ödəniş gününün məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür.

2. 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicinin mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-dir.

3. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 ilə bağlanılmış zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh1 MMC-nin daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyə görə zamin durmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC məhkəməyə müraciət edərək, "xxxx" Lizinq Şirkəti QSC lizinq şirkəti ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən dəymiş ziyan üzrə 5.339,03 ABŞ dolları vaxtı keçmiş qalıq, 3.957 ABŞ dolları faiz, 1.532 ABŞ dolları dəbbə pulu borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə xx.xx.2014-cü ildə 2621T/14/B saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı2 Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 MMC-nin müvəqqəti istifadəsinə vermişdir. xx.xx.2014-cü il tarixli 2621T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 MMC 170510 USD məbləğində borcu illik 16% olmaqla, 30 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə kreditor arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyici cavabdehə təhvil verilmişdir. Cavabdehlər lizinq müqaviləsinə 1 saylı əlavədə (lizinq ödənişləri cədvəli) göstərilmiş illik 16% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişlər. Bundan sonra Cavabdeh1 MMC tərəfindən xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixə 5.339,03 ABŞ dolları vaxtı keçmiş qalıq, 3.957 ABŞ dolları faiz və 1.532 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır.

6. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 12664 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin iddia tarixi üzrə xx.xx.2015-ci il tarixinə iddiaçı "xxxx" Lizinq Şirkəti” QSC-yə olan borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 2091,99 ABŞ dolları olmaqla ümumilikdə 149184,97 ABŞ dolları məbləğində müəyyən edilir.

7. Daha sonra, məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26398 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə Cavabdeh1 MMC-nin borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 48.311,87 ABŞ dolları təşkil edir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-46/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən milli manat ekvivalentində dəymiş ziyan üzrə 5.339,03 ABŞ dolları keçmiş qalıq, faiz məbləği üzrə 3.957 ABŞ dolları, 500 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 9.796,03 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumundan 27 manat pulun "xxxx" Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 2621T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 MMC 170510 ABŞ dolları məbləğində borcu illik 16% olmaqla, 30 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür, lakin verdiyi vədə əməl etməmişdir. Buna görə də kreditorun, dəymiş ziyanın və ona hesablanmış faiz borclarını cavabdehlərdən tələb etməsi tam əsaslıdır və iddia tələbi bu hissədə təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, müvafiq ekpertin rəyinə əsasən dəymiş maddi ziyan və ona hesablanmış faiz dərəcələri tələb edilən məbləğdən dəfələrlə çoxdur.

10. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 449, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab etmişdir ki, dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir. Buna görə, cavabdehlərdən tutulacaq dəbbə pulu azaldılmalıdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 747.2, 747.3, 748-1, 748-10, 748-11.1.4, 472.1, 467-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən işə baxılmasının vaxtı barədə Cavabdeh1 MMC-yə məlumat verilməmiş və iştirakı olmadan işə baxılaraq iş üzrə yuxarıda qeyd olunan qətnamə çıxarılmışdır. Cavabdeh1 MMC qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə cəmiyyətin hüquqlarını müdafiə edə bilməmişdir. Yalnız Sumqayıt icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Cavabdeh1 MMC-nin hesablaşma hesabına tutma barədə sərəncam qoyulduğu zaman məlumat əldə etmişdir. Cavabdeh1 MMC Qaradağ rayonu Səlyan şosesi 15 ünvanında yerləşir. Məhkəmə prosesində Cavabdeh1 MMC iştirak etmədiyindən işin həqiqi halları məhkəmənin diqqətinə çatdırılmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsi cərimənin hesablandığı dövrdə Cavabdeh1 MMC-nin öhdəliyində olmamışdır. Şirkətin direktoru X2 tərəfindən müqavilədə göstərilən lizinq obyekti 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyici lizinq şirkətinə təhvil verilmişdir. X2 müvafiq lizinq şirkətinin rəhbərinin qohumu (əmisi oğlu) olduğundan onlar arasındakı neqativ danışıqlara əsasən həmin nəqliyyat vasitəsi sonradan X2 tərəfindən təsis edilmiş başqa bir şirkətə verilmişdir. Məsələ ondan ibarətdir ki, X2 Cavabdeh1 MMC-də direktor olduğundan sui-istifadə edərək həmin lizinq obyekti olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicini lizinq şirkətinə təhvil vermiş və ordan da öz şirkətinə götürsə də bir müddət Cavabdeh1 MMC-dən ödəmiş daha sonra borclandırmışdır. Halbuki, həmin dövrdə lizinq obyekti Orxan Məmmədovun təsis etdiyi şirkətdə fəaliyyət göstərirdi. X1 bu cür əməllərinə görə ona qarşı iddia qaldırılmış, iddiaya Səbail Rayon Məhkəməsində baxılmışdır. Aidiyyat hüquqlarına görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(103)- 917/2023 saylı qərardad qəbul edilərək iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. "xxxx" Lizinq Şirkəti QSC kommersiya şirkəti olmaqla, kommersiya məqsədi ilə İizinq obyekti olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicini kommersiya şirkəti olan Cavabdeh1 MMC-yə gəlir əldə etmək məqsədilə lizinqə vermişdir. Lakin nədənsə kommersiya məhkəməsinə deyil, Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Hesab edirlər ki, məhkəmə aidiyyəti pozulmuşdur. MPM-in 24.2, 26.1, 30-cu maddələrinin və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn" mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının tələbləri nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

17. Məhkəmənin əvvəllki iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

19. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

20. Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. (...) 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. (...) 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: (...) 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayətinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, mövcud iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2017-ci il tarixdə təqdim edilmiş və işə mahiyyəti üzrə baxılaraq xx.xx.2019-cu il tarixdə qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi mövcud işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etmiş və aidiyyət qaydalarını pozmamışdır.

33. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh tərəfə məlumat göndərilmiş, cavabdeh tərəf məhkəmə icraatından məlumatlı olmuş, ərizə və vəsatətlər təqdim etmişdir.

34. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanılmış daxili lizinq müqaviləsinə və 1 saylı əlavəyə əsasən Cavabdeh1 MMC-yə “Maqni RTH 5.23” markalı teleskopik yükləyici verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə ödəniş gününün məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 ilə bağlanılmış zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh1 MMC-nin daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyə görə zamin durmuşdur.

35. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər (Mülki Məcəllənin 442, 443.1, 448.1 və 465.2-ci maddələri).

36. Lizinq müqaviləsinin mahiyyətinə görə lizinq əmlakı lizinq alana verilməli və bunun müqabilində sonuncu müvafiq məbləği dövriliklə ödəməlidir. Həmin dövrilik müəyyən məbləğin müəyyən müddət ərzində ödənilməsini nəzərdə tutur və lizinq alan ardıcıl olaraq iki dəfə bu qaydaya riayət etmədiyi halda, lizinq verənin aşağıdakı hüquqları yaranır: lizinq müqaviləsini ləğv etmək; pul məbləğlərini tələb etmək; lizinq obyektini geri almaq.

37. İşdən görünür ki, Cavabdeh1 MMC tərəfindən xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Lakin həmin tarixə yaranmış borcu ödəməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilələr üzrə müəyyən edilmiş əmlakı iddiaçı cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əmlakı qəbul etmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etməyərək, lizinq müqaviləsinə əlavə kimi müəyyən edilmiş ödəniş qrafiki üzrə ödənişlər etməmiş, nəticədə müqavilədən irəli gələn öhdəlikləri iddiaçının tələb etmək hüququ yaranmışdır. Cavabdeh müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləği müqavilə üzrə müəyyənləşdirilmiş şərtlərdə və məbləğdə iddiaçıya verilməsini təmin etməyərək, müqavilə əsasında iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, lizinqverənin geri qalan borcu tələb etmək hüququ yaranmışdır.

39. Lizinq müqaviləsi üzrə tələb olunan borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 12664 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin iddia tarixi üzrə - xx.xx.2015-ci il tarixinə iddiaçı "xxxx" Lizinq Şirkəti” QSC-yə olan borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 2091,99 ABŞ dolları olmaqla ümumilikdə 149184,97 ABŞ dolları məbləğində müəyyən edilir.

40. Daha sonra, məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26398 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə Cavabdeh1 MMC-nin borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 48.311,87 ABŞ dolları təşkil edir.

41. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası əvvəlki ekspert rəylərində tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə yaranmış vaxtı keçmiş qalıq borcunun məbləğinin müəyyən edilməməsinə görə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

42. 01 dekabr 2023-ci il tarixli 9/8014 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi və 31 mart 2015ci il tarixli 1 saylı əlavə saziş üzrə Cavabdeh1 MMC-nin 30 noyabr 2015-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan əsas borc (vaxtı keçmiş) 5339,21 ABŞ dolları (26.002,00 ABŞ dolları - 20.662,79 ABŞ dolları), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu - 15,01 ABŞ dolları (17.156,00 ABŞ dolları - 17.140,99 ABŞ dolları).

43. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

44. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır, lakin rəydən görünür ki, vaxtı keçmiş əsas borc məbləği tələbdən yüksək, faiz borcu isə aşağıdır.

45. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

46. Ona görə də, kollegiya əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, lakin faiz borcunun rəyə uyğun hesablanmalı olması qənaətinə gəlir və hesab edir ki, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.

47. Cərimə borcu ilə bağlı kollegiya qeyd edir ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

48. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

49. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin 14.1-ci bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,6%-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

51. Həmin Məcəllənin 467-ci maddəsinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

52. Göründüyü kimi, cavabdehdən tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Kollegiya qeyd edilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır.

53. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 150 manat Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-46/2019 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi və 31 mart 2015-ci il tarixli 1 saylı əlavə saziş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən faiz məbləği üzrə 15,01 (on beş dollar, sıfır bir sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq "xxxx" Lizinq Şirkəti QSC-yə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar