Məhkəmə qərarları › İş №2(105)-1141/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1141/2022

13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1141/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(060)-8891/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Azəriqaz” İB məhkəməyə müraciət edərək, borclu Cavabdeh 345,74 manat əsas borcun və 20 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının alınaraq “Azəriqaz” İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdeh təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik qoyulmuşdur. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və təbii qazın dəyərini tam ödəməmiş və nəticədə bu günə kimi Sumqayıt Qaz İstismar Sahəsinə 345,74 manat məbləğində borc yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(060)-8891/2018 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 345,74 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla cəmi 366,14 manat məbləğində pulun tutularaq “Azəriqaz” İB-yə verilməsi qət edilmişdir. (hakim Ceyhun Məmmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: 1993-cü il tarixdən Qubadlı rayonundan məcburi köçkündür. AR Qaçqınların və Məcburi Köçkünlərin işləri uzrə Dövlət Komitəsi tərəfindən ona AA 204752 seriya №-li, xx.xx.2009-cu il tarixli məcburi köçkün vəsiqəsi verilmişdir. Belə ki, Sumqayıt şəhəri, 26-ci məhəllə ərazisində yerləşən yarımçıq binaya məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. İddia olunan sayğaca dair abonent saldosunda **********00670 nömrəli abonent kodu adına rəsmiləşdirilmiş şəkildə göstərilsə də, adına heç bir sayğac və ya abunə kodu yoxdur. Binaya bir sayğac quraşdırılmışdır. Həmin binada yaşayan bütün sakinlər həmin sayğaca birləşmiş qaz xətlərindən istifadə edir, hər ailənin özünə görə istifadə etdiyi qaz cihazları var. Həmçinin Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanın 1-ci maddəsinin 1-ci bəndinə əsasən, 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmuşlar. Dövlət tərəfindən kommunla ödənişlərə görə 33 manat məbləğində müavinət ödənilir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(060)- 8891/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, bərpa Yataqxanası mənzil 67-yə qaz sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə təbii qazdan istifadəyə görə 345,74 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçı cavabdehin borclu olmasını sübut etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür. Cavabdeh Sumqayıt şəhəri, 26-ci məhəllə Bərpa xəstəxanasının ərazisində yerləşən yataqxanada yaşayır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri və iddiaçının nümayəndəsinin apelyasiya baxışı zamanı verdiyi izahatdan müəyyən olunur ki, həmin binada yalnız bir sayğac quraşdırılmış və bütün sakinlər həmin sayğacdan keçən qaz xəttindən istifadə etmişlər. İddiaçının nümayəndəsinin izahatı ilə o da müəyyən olundu ki, cavabdehə borc vahid sayğac göstəricisi abonentlərin sayına bölünməklə hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbləri baxımından iddiaçı tərəfindən sayğac göstəricilərinə uyğun hesablama aparılması müəyyən olunmur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-1. bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması; 1-2-ci bəndinə əsasən Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilməsi, 1-3-cü bəndinə əsasən bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləğinin 2017-ci il 1 fevral tarixdən 33,0 (otuz üç) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2016cı il tarixdə bağlanmış, 2017-ci il fevral tarixindən isə qaz sərfiyyatının məcburi köçkünlər üçün ödənilməsi qaydası dəyişilmiş və qaz sərfiyyatının ödənilməsi üçün Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 33,0 (otuz üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(060)-8891/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(060)-8891/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar