Məhkəmə qərarları › İş №2(105)-1145/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1145/2023

26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1145/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə və direktoru X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmlak” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(012)-627/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak” tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan “Schmitz” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMCdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Schmtz” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular, AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator onun mülkiyyətindədir. O, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayısı X3 təsisçisi və direktoru olduğu Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmış, həmin yarımqoşqular və ekskavatordan dayısının xahişi ilə Cavabdeh MMC-də işlədiyi dövrdə istifadə etmişdir. Lakin sonradan, MMC-də əmək müqaviləsinə xitam verilsə də, onun razılığı olmadan mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklar qaytarılmamış, əksinə bugünədək MMC və MMC-nin direktoru və təsisçisi tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir və bununla da, qazanc əldə edilir. Dəfələrlə, həmin əmlakların qaytarılmasını tələb etsə də, geri qaytarılmamış, heç bir məhəl qoyulmamışdır. Qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, guya onun tələb etdiyi və onun mülkiyyətində olan texnikalar MMC-yə məxsusdur və MMC-nin vəsaiti hesabına alınmışdır. Lakin həmin texnikalar və bundan əlavə, MMC-yə alınmış digər əksər texnikalar o, Bakı qeydiyyatında olduğu üçün onun adına rəsmiləşdirilmişdir. Belə ki, texnikanın hər hansı fiziki və ya hüquqi şəxsin adına alınması üçün həmin şəxsin məhz Bakı şəhərində qeydiyyatda olması ilə bağlı hər hansı bir tələb mövcud deyildir. Əgər sözügedən texnikalar MMC tərəfindən alınmışdırsa MMC-nin deyil, onun adına alınması şübhə doğurur. Çünki vergi orqanından çıxarışdan da göründüyü kimi, MMC-nin ünvanı Abşeron rayonudur. Abşeron rayonu ilə Bakı şəhəri arasında elə böyük bir məsafə yoxdur, odur ki, texnikalar onun olduğu üçün adına alınması inandırıcı deyil və həqiqəti əks etdirmir, sözügedən texnikalar MMC tərəfindən alınmamış, MMC-nin adına alınması üçün hər an məhdudiyyət mövcud olmamışdır. Texnikaların MMC-nin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir qadağa mövcud olmamışdır. Əgər həqiqətən, texnikalar MMC tərəfindən alınmışdırsa elə MMC-nin adına da alınmalı idi. Həmçinin, MMC iddia ərizəsində qeyd etmişdir ki, texnikalardan AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavator Çinin “X19 X22.Ltd” şirkətindən alınmışdır. Lakin MMC həmin texnikanın şirkət tərəfindən alınması ilə bağlı heç bir sənəd, elektron qaimə, pul köçürülməsi, alqı-satqı müqaviləsi və bu kimi hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, guya adları yuxarıda qeyd olunan texnikalardan əlavə, başqa texnikalar da MMC tərəfindən alınmış və onun adına qeydiyyata alınmışdır. Həmin texnikalar o, işdən çıxanda cəmiyyətin adına qaytarılmışdır. İddiaçı hazırda, tələb etdiyi texnikaları isə öz adında saxlamış, məqsədi MMC-dən şantaj yolu ilə pul almaqdır. Əgər elədirsə, nəyə görə İddiaçı əvvəllər onun adına alınmış texnikaları da öz adında saxlamamış, ancaq onların dediyi kimi “yararsız” vəziyyətdə olan texnikaları tələb etmişdir? Saz vəziyyətdə olan texnikanı özündə saxlayıb daha yüksək pul tələb edərdi. Göründüyü kimi, cavabdehin irəli sürdüyü dəlil yarımqoşqular və ekskavatorun diqqətsizlikdən İddiaçı adında qalmasını ehtiva etməkdir. Texnikalar kiçik və gözəgörünməz əşya olmadığından diqqətdən kənarda qalması mümkün deyildir. Xidmət sahəsinin əsasını təşkil edən bir MMC-nin heç də az dəyəri olmayan iri qabaritli texnikaları yaddan çıxarması həqiqətə uyğun deyildir. Çünki İddiaçı məxsus mülkiyyətində olan həmin texnikalar vasitəsi ilə MMC öz müştərilərinə xidmət göstərir və gəlir əldə edirdi. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Cavabdeh MMC öz növbəsində, cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun hazırkı bazar qiymətinin müəyyən edilməklə həmin vəsaitin İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin vəsaiti hesabına alınmış “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 40000 manat, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 42000 manat və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatora görə isə 20000 manat olmaqla, ümumilikdə, cəmi 102000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC təsis olunan vaxtdan etibarən özünün müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müxtəlif nəqliyyat vasitələri almışdır. Həmin nəqliyyat vasitələri İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alınmışdır. İddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətini Cavabdeh MMC-nin adına keçirmiş, lakin «Schmitz» markalı, **-ZE-*** dövlət nömrə nişanlı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət nömrə nişanlı ekskavator uzun müddət istifadə olunmadığından və diqqətsizlikdən onun adında qalmışdır. Bu müddətdə MMC-nin məsul şəxsləri rəhbərliyə bildirmədiyindən həmin nəqliyyat vasitələri iddiaçının adında qalmış və bundan rəhbərliyin məlumatı olmamışdır. Təxminən üç-dörd ay bundan qabaq bu barədə rəhbərliyin məlumatı olmuş və iddiaçı ilə görüşüb ona bir dayı kimi nəqliyyat vasitələrinin cəmiyyətin adına keçirtməsini xahiş etmişdir. İddiaçı razılıq versə də sonrakı günlər MMCyə gəlməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Dayısı iddiaçını böyütmüş, təhsil vermiş, toyunu etmişdir. Bu səbəbdən də iddiaçının niyyətini başa düşməmişdir. İki ədəd yarımqoşqu alman vətəndaşı, əslən türk olan Alican Arimdən, AZ 10V-789 dövlət nömrə nişanlı eskavator isə Çinin «X19 X21.Ltd» şirkətindən alınmışdır. İddiaçı MMC-yə gəlməmiş, qaçmasının səbəbi isə MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq olmuşdur. Bununla da əsas niyyəti həmin nəqliyyat vasitələrinin onun adında qalmasından istifadə edərək şantaj yolu ilə pul almaqdır. Texnika və yarımqoşqular onun vəsaiti hesabına alınmamışdır. Bunu iddiaçının özü də bilir və həmin vaxtdan MMC-də işləyən işçilər də təsdiq edə bilər. İddiaçı nəqliyyat vasitələrinin onun hesabına alındığını sübut etsə MMC həmin texnikaları ona verməyə hazırdır. Bundan başqa, iddiaçı texnikaların kimdən, nə vaxt, haradan, hansı qiymətə alındığını bilmir və Almaniyada, Çində olmamışdır. MMC-nin direktoru alman vətəndaşı və əslən türk olan Alican Arimi 2006-cı ildən böyük qardaşı Adıgözəl Bayramov vasitəsi ilə tanımış, həmin vaxtdan etibarən ondan müxtəlif nəqliyyat vasitələri, yarımqoşqular, limonad qapaqları və başqa avadanlıqlar almışdır. Bundan uzun illər sonra Alican Arimin Cavabdeh MMC ilə olan danışıqları iddiaçı aparmışdır. Yarımqoşquların və ekskavatorun hal-hazırda, bazar qiyməti müəyyən olunmalı və iddiaçıdan alınaraq Cavabdeh MMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuş, bu barədə araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Araşdırma nəticəsində qəbul olunmuş qərarda texnikaların Cavabdeh MMC-nin vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. Həmçinin, «X2» MMC-nin 150 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 2008-ci il buraxılışlı, «Schmitz» markalı, **-ZE-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, «Schmtz» markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 42000 manat və 2012-ci il buraxılışlı, AZ 10V-789 dövlət nömrə nişanlı ekskavatorun hazırkı bazar dəyəri 20000 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(012)-627/2023 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilərək İddiaçı məxsus “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMC-dən alınaraq geri qaytarılması, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(012)-627/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, 102000 manat məbləğində pulun İddiaçı Nurəddin oğlundan tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC təsis olunan vaxtdan etibarən özünün müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müxtəlif nəqliyyat vasitələri almışdır. Həmin nəqliyyat vasitələri İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alınmışdır. İddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin əksəriyyətini Cavabdeh MMC-nin adına keçirmiş, lakin Schmitz markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, Schmitz markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və 10V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovator uzun müddət istifadə olunmadığı üçün və diqqətsizlikdən onun adında qalmışdır. 2022-ci ilin yayının axırlarında bu barədə MMC-nin rəhbərliyinin məlumatı olmuş və Nemətlə görüşüb bir dayı kimi bildirmişdir ki, adında qalmış qeyd olunan nəqliyyat vasitələrini Cəmiyyətin adına keçirtsin. O isə baş üstə desə də, sonrakı günlər MMC-yə gəlməmişdir. Neməti o, böyütmüş, ona təhsil vermiş, toyunu o etmiş, daim ona etimad göstərmişdir. Yuxarıda qeyd olunan iki ədəd yarımqoşqunu Almaniya vətəndaşı əslən türk olan Alican Arimdən almağından Nemət məlumatlı olmuşdur. Bu texnikalardan təkcə 10V- 789 dövlət qeydiyyat nişanlı XCMGXNWZ74180 markalı ekskovator Çinin “X8 X23” şirkətindən alınmışdır. Nemətin MMC-yə gəlməyib qaçmasının səbəbi Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıranda məlum oldu ki, Nemət həmin nəqliyyat vasitələrinin onun adında qalmasından istifadə edərək şantaj yolu ilə pul almaqdır. Bir daha bildirmək istəyir ki, qeyd etdiyi texnika və yarımqoşqular MMC-nin vəsaiti hesabına alınmışdır. Bunu Nemətin özü də bilir və həmin vaxt MMC-də işləyən işçilər də bilirlər. Onu da qeyd etmək istəyir ki, Almaniya vətəndaşı və əslən türk olan Alican Arimi 2006-cı ildən böyük qardaşı Adıgözəl Bayramov vasitəsilə tanımışdır. Həmin vaxtdan etibarən ondan müxtəlif nəqliyyat vasitələri, yarımqoşqular, limonad qapaqları və başqa avadanlıqlar alınmışdır. Bundan uzun illər sonra Almaniya vətəndaşı və əslən türk olan Alican Arima Cavabdeh MMC ilə olan danışıqları Nemətlə aparmağı bildirmiş və sonradan da cəmiyyətlə olan danışıqları onunla Nemət aparmışdır. Birinc instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Əks təqdirdə belə bir qətnamə qəbul edilə bilməzdi. Belə ki, birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə cavabdeh tərəfə yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin kimdən, nə vaxt, hansı qiymətə alındığı, kimə və hansı vasitə ilə ödəniş etdiyini, Azərbaycan Respublikasına kimin necə gətirdiyi barədə suallar verilmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəf bu suallara cavab verə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsində həmin “Schmitz” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatordan başqa qarşılıqlı iddia üzrə cavabdeh tərəfdə onun adında Cəmiyyətin vəsaiti hesabına alınmış digər nəqliyyat vasitələri olmuşdurmu sualı da cavabsız qalmışdır. Məlum etmək istəyir ki, iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd olunan hallara aydınlıq gətirilməsi ilə əlaqədar Cavabdeh MMC Baş Dövlət Yol Polisinə müraciət etmiş, Baş Dövlət Yol Polisi cavab məktubunda bu cür məlumatların məhkəmə sorğusuna əsasən cavab verildiyini bildirdiyinə görə birinci instansiya məhkəməsinə Baş Dövlət Yol Polisinə sorğunun verilməsi üçün vəsatət verilmiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməmişdir. Bundan başqa yuxarıda qeyd olunan suallara qarşı tərəfin nümayəndəsi cavab verə bilmədiyi üçün və işin obyektiv araşdırılması məqsədilə qarşılıqlı iddia üzrə cavbdehin məhkəmədə iştirakının təmin olunması ilə bağlı şifahi vəsatət verilmiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti də təmin etməmişdir. Ən maraqlısı da odur ki, bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət olunmuş və bu barədə orada araşdırma aparılmış və 02 dekabr 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunan araşdırma nəticəsində qəbul olunmuş qərarında “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, “Schmitz” markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşquların və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatorun Cavabdeh MMC-nin vəsaiti hesabına alındığı öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsi həmin qərarı düzgün qiymətləndirməmiş və işə birtərəfli yanaşmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi araşdırma zamanı İddiaçı təkrarən izahatı alınarkən o, izahatında “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, “Schmitz” markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatoru haradan, hansı tarixdə, kimdən, hansı məbləğdə almasını göstərə bilməmiş, sadəcə olaraq izahatında həmin nəqliyyat vasitələrinin gömrük sənədləşməsinin onun adına olduğunu bildirmişdir. Məhkəmə isə ilkin iddiaçı tərəfindən təqdim edilən sübutların mötəbərliyini araşdırmamış, sadəcə rəsmiləşdirmə sənədlərinə əsas kimi yanaşmışdır. Hesab edir ki, məhkəmə qərar verərkən qərəzli olmuşdur. İddiaçı tərəfin təqdim etdiyi sübutların bir qisminə ümumiyyətlə qiymət verməmiş, bir hissəsini təhrif etmiş, bir hissəsinə isə işin faktiki hallarına uyğun olmayan qiymət vermiş, nəticədə qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə və direktoru X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-122733-1222 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı adında xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı, **-ZE-*** və “Schmtz” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular qeydiyyatdadır. Məktuba əlavə olunmuş arayışdan görünür ki, yuxarıda qeyd olunan yarımqoşqular İddiaçı adına gömrük vəsiqəsi əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2022-3288 saylı məktubdan görünür ki, Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində İddiaçı adına 1 ədəd AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, X3 barəsində göstərdikləri yalandır. Belə ki, yarımqoşqular və ekskavator ona məxsus olduğundan məhkəməyə müraciət etmişdir. Eləcə də, o, Cavabdeh MMC-nin kassasından 175362 manat pulu gizli olaraq mənimsəməmiş, Ceyranbatanda tikdirdiyi evi qohumlarının köməkliyi və öz vəsaiti hesabına tikdirmişdir. X9 onun kitabçasını ələ keçirərək çıxarışlar edib araşdırmaya qanunsuz olaraq təqdim etmişdir. Qərardan daha sonra görünür ki, X4 E.Q.Bayramovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. 2012-ci ildə Çin Xalq Respublikasında olduğu zaman şəxsi ödəniş etməklə qohumu Nemətin adına olan 10V-789 dövlət nömrə nişanlı ekskavatoru almışdır. Yəni, həmin ekskavatorun pulunu özü ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10, borclu Cavabdeh MMC-nin direktor müavini X5, baş mühasib X1, hal şahidləri X14 və X11 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-86/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, texnikaların satılması, özgəninkiləşdirilməsi və icarəyə verilməsi Cavabdeh MMC-yə və üçüncü şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvanda olunmuş, icra sənədinin mahiyyəti MMC-nin direktor müavini və baş mühasibinə elan edilərək bununla bağlı bildiriş təqdim olunmuşdur. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 150 saylı rəydən görünür ki, Azərbaycan Respublikasında daxili bazar məlumatları nəzərə alınmaqla, 2008-ci il buraxılışlı, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, 10-ZG045 dövlət qeydiyyat nişanlı “Schmtz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 42000 manat və AZ 10-V-879 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, XCMGXNWZ74180 markalı ekskavatorun hazırkı orta bazar qiyməti ilə dəyəri isə 20000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus olan xx.xx.2012-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 63 saylı əmr əsasında Cavabdeh MMC-yə direktor müavini vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixli 111 saylı əmr əsasında isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, VÖEN-i **********1 olan Cavabdeh MMC adlı qurum xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına qeydə alınmış və hüquqi ünvanı AZ0100, ünvan 3 olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 11 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. İlk iddia üzrə İddiaçı iddia tələbində “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun xx.xx.2009-cu il tarixdən, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun və AZ 10V789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun xx.xx.2010-cu il tarixdən onun mülkiyyətində olmaqla ona bu barədə müvafiq qeydiyyat şəhadətnamələri verildiyini, xx.xx.2012-ci il tarixdə Cavabdeh MMC-də direktor müavini vəzifəsinə işə qəbul edildiyini və xx.xx.2017-ci il tarixədək həmin MMC-də işlədiyini və həmin müddətdə mülkiyyətində olan texnikaları MMC-nin əvəzsiz istifadəsinə verdiyini və hazırda onlar arasında olan əmək münasibətlərinə xitam verildiyini qeyd edərək MMC-də işlədiyi dövrdə MMC-nin əvəzsiz istifadəsinə verdiyi ona məxsus olan texnikaların cavabdehin qanunsuz sahibliyindən alınmaqla istifadəyə yararlı şəkildə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbində mübahisə predmeti olan əmlakların MMC-nin vəsaiti hesabına alındığını, ilk iddia üzrə İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alındığını, İddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin Cavabdeh MMC-nin adına keçirdiyini, lakin “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət nömrə nişanlı ekskavator uzun müddət istifadə olunmadığından və diqqətsizlikdən onun adında qaldığını, iki ədəd yarımqoşqunun alman vətəndaşı, əslən türk olan Alican Arimdən, AZ 10V-789 dövlət nömrə nişanlı eskavatorun isə Çinin “X19 X21.Ltd” şirkətindən alındığını qeyd edərək “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 40000 manat, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 42000 manat və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatora görə isə 20000 manat olmaqla, ümumilikdə, cəmi 102000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM 77.1). Hazırki norma sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş üzrə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2009-cu il tarixdən, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və AZ 10V789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator xx.xx.2010-cu il tarixdən İddiaçı mülkiyyətində olmaqla ona bu barədə müvafiq qeydiyyat şəhadətnamələri verilmişdir. İlkin İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh MMC-də direktor müavini vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2017-ci il tarixədək həmin MMC-də işləmiş və həmin müddətdə mülkiyyətində olan texnikaları MMC-nin əvəzsiz istifadəsinə vermişdir. Hazırda, tərəflər arasında əmək münasibətlərinə xitam verildiyindən İddiaçı ona məxsus olan texnikaların cavabdehin qanunsuz sahibliyindən alınmaqla istifadəyə yararlı şəkildə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin edərək İddiaçı məxsus “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMC-dən alınaraq geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan əmlakların MMC-nin vəsaiti hesabına alındığını, ilk iddia üzrə İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alındığını, İddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin Cavabdeh MMC-nin adına keçirildiyini, lakin “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət nömrə nişanlı ekskavator uzun müddət istifadə olunmadığından və diqqətsizlikdən onun adında qaldığını, iki ədəd yarımqoşqunun alman vətəndaşı, əslən türk olan Alican Arimdən, AZ 10V-789 dövlət nömrə nişanlı eskavatorun isə Çinin “X19 X21.Ltd” şirkətindən alındığını bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə məhkəmə kollegiyasının araşdırması əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator İddiaçı mülkiyyətində olmaqla bu barədə ona müvafiq qeydiyyat şəhadətnamələri verilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Alican Arim ifadə verərək bildirmişdir ki, o, Cavabdeh MMC-nin direktoru Elman Bayramovu tanıyır, 2007-ci ildən əməkdaşlıq edirlər. Elman Bayramovun qardaşı Adıgözəl Bayramovla uzun illər birgə işləmişlər. İddiaçını ilk dəfə 2017-ci ildə Elman Bayramovun yanında görmüşdür. Elman Bayramov ona həmin şəxsin onun bacısı oğlu olduğunu, onunla danışıb müəyyən məsələləri öyrətməsini bildirmişdir. Ondan müxtəlif nəqliyyat vasitələrini, yarımqoşquları iddiaçı deyil, Elman Bayramov almışdır. Pul ya bank hesabından köçürülürdü, ya da gələndə sürücü gətirirdi. O, iddiaçıdan mal alıb-satmamışdır. Firmanın adından Adıgözəl və Elman müəllimlə əlaqə saxlamışdır. O bəzən öz firması üzərindən, bəzən isə birbaşa Azərbaycana malları göndərirdi. O, iddiaçını 2017-ci ildə Bakıya gələndə şəxsən görmüş, Elman müəllimlə tanış olduqdan bir neçə il sonra Nemətlə telefonla danışmağa başlamışlar. O, bütün məsələri Adıgözəl müəllimlə həll edir, qiyməti də Adıgözəl müəllimlə danışmışdır. Məhkəmə kollegiyası şahid ifadəsinə qiymət verərək qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi şahidin verdiyi ifadə mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, şahid ifadəsində nəqliyyat vasitələrini və yarımqoşquları İddiaçı tərəfindən deyil, Cavabdeh MMC-nin direktoru Elman Bayramov tərəfindən aldığını, həmin əmlakların alınmasında E.Bayramovla əməkdaşlıq etdiyini bildirsə də, həmin ifadədə qeyd edilən halları rəsmi təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim olunmamışdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi şəxsdir. Hüquqi şəxs isə qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (MM-nin 43.1-ci maddəsi). Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı əgər mübahisəli əmlakları özünün almasına istinad edirsə, bu barədə müvafiq hesabdan çıxarışları, qaimə-fakturaları, ödəniş tapşırıqları, pul köçürmə haqqında sənədləri və s. yazılı mötəbər sübutları olmalıdır. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı tərəf həmin əmlakların ona aid olduğu, qarşılıqlı iddia üzrə cavabdehin adına isə formal olaraq qeydiyyata alındığını bildirsə də, göründüyü kimi o, həmin əmlakların qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətinə keçməsinə əsas olan qüvvədə olan sənədləri deyil, həmin əmlakın alınmasına görə sərf olunmuş pul vəsaitini ekspert rəyinə əsaslanmaqla tələb edir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəf isə öz vəsaiti hesabına alınan mübahisəsi gedən əmlaklar xaric, digər - qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına alınmış əmlakları onun tələbi ilə mübahisəsiz qaydada adından çıxardığını bildirmişdir. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəsi gedən əşyaların məhz onun vəsaiti hesabına alınmasına dair mötəbər sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(012)-627/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar