Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1152/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixdən 25 yanvar 1987-ci ilədək 16 gün müddətinə X8 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizənin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixdən 25 yanvar 1987-ci ilədək 16 gün müddətinə X8 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməyi faktının müəyyən edilməsi tələbinə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ərizəçi 1982-1988-ci illərdə SSR-nin (X11) zavodunun Bakı şəhərində yerləşən “İskra” zavodunda çilingər və qaynaqçı (baevoy raket başlığının, aparıcı hissələrinin qurulması və yığılması) vəzifəsində işləmişdir. 26 aprel 1986-cı il tarixində Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün zavod rəhbərliyi tərəfindən (SSR Nazirlər Sovetinin qərarı əsasında) 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixinə, 25 yanvar 1987ci ilədək 16 gün müddətinə 2 dəfə Ukrayna Respublikasının Çernobıl vilayətinə xidməti ezamiyyətə göndərilmişdir. Çernobılda olduğu müddət ərzində işləri palatkaların daşınması, qurulması, təmiri, insanların palatkalara yerləşdirilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və yaralı şəxslərin ərazidən uzaqlara uzaqlaşdırılması və. s işlərdən ibarət olmuşdur. İşlədiyi (X11) zavodunun Bakı şəhərində yerləşən “İskra” zavodunda 1980-ci ildə fəaliyyətini dayandırmış, sonradan fəaliyyətini bərpa etmiş və bu günə kimi Azərbayacn Respublikasının Müdafiə Sənaye Nazirliyinin nəzdində (optika- mexanika) istehsalat birliyi “Alov” zavodu kimi davam etdirməkdədir. O, Çernobıl AES-da baş vermiş qəzanın nəticələrini aradan qaldırılması üçün xidməti ezamiyyətə göndərilməyi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi, “Alov” zavoduna müraciət etmiş, oradan ərizəçinin bütün şəxsi işlərim çıxarılmış və ərizəçiyə təqdim edilmişdir. Qeyd edir ki, onun şəxsi işinin 2-ci səhifəsindən də görünür ki, ərizəçi 1982-ci ildən 1984-cü ilədək zavoda hansı tarixdən hansı vəzifədə işləməyi göstərilmiş, lakin 1986-cı il və 1987ci ildə hansı vəzifədə işlədiyi bölməsi boş saxlanılaraq xidməti ezamiyyətdə olmağı səbəbindən həmin hissə xətlənmişdir. Bundan əlavə o Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, ərizə yazıb arayış verilməsini xahiş etmiş, lakin arxiv idarəsi onun müraciətinə cavab olaraq Alov zavodunun sənədlərinin dövlət mühafizəsinə təhvil verilmədiyi göstərilməmişdir. Halbuki, qəzanın nəticəsini aradan qaldırılması üçün ərizəçinin xidməti ezamiyyətə göndərilməyi faktını həmin vaxt ona birgə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər və ərizəçiylə birgə zavodda işləyən hal-hazırda Çernobıl iştirakçısı olan iş yoldaşları da X7, X4, X5, X6 və digərləri öz şəxsiyyət vəsiqələri və Çernobıl iştirakçısı olmalarını təsdiq edən vəsiqələrini ərizəyə əlavə etməklə bərabər onlar məhkəmə iclasında iştirak edərək onun Çernobil qəzasının nəticələrinin aradan qaldırılmasında iştirakını təsdiq edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında 638 saylı qərarının 3-cü bölməsinin 16-cı maddəsinə əsasən “iş stajı barədə sənədlər olmadıqda və onlar təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadəsinə əsasən müəyyən edilir, AR MPM-nin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəməyə təqdim etdiyi sənədlər sübut hesab olunsa da, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim etdiyi sübutları mötəbər olmadığı üçün qəbul etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədbiqinə lazımi şərait yaradır. Hakim onun hüquqlarını izah etməmişdir. Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(012)-5517/2021 nömrəli qətnaməsini ləğv edib, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərək, ərizəçi tərəfindən məhkəməyə sübut təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi Ərizəçi üzərinə düşsə də, ərizəçi onun 06 iyun 1986-cı il tarixindən 22 iyun 1986-cı ilədək 16 gün və 09 yanvar 1987-ci il tarixindən 25 yanvar 1987-ci ilədək, 16 gün müddətinə X9 Stansiyyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 02 may 2017-ci il tarixli 92/28 saylı Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyi «Optika-Mexanika» İstehsalat Birliyi «Alov» zavodunun məktubundan görünür ki, zavodun keçmiş işçisi Ərizəçi Çernobıl AES-da baş vermiş qəza ilə bağlı Ukraynada xidməti ezamiyyətdə olması barədə arxiv sənədləri axtarılmış və heç bir sənəd əldə olunmamışdır. Bu səbəbdən Ərizəçi Ukraynada xidməti ezamiyyətdə olubolmaması barədə məlumat verə bilməmişlər. İşə əlavə olan 02 iyun 2017-ci il tarixli 14/806 saylı Azərbaycan Respublikasının Müdafiə Sənayəsi Nazirliyinin məktubundan görünür ki, Ərizəçi Çernobıl AES-dabaş vermiş qəza ilə bağlı Ukraynada xidməti ezamiyyətdə olmagı barədə arxiv sənədlərində heç bir məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz ərizəsinin dəlillərini heç bir sənədlə sübuta yetirə bilmədiyi üçün, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 30 noyabr 2021-ci il tarixli 2(012)- 5517/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1152/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1152/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver