Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1153/2025 13.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-3303/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia irəli sürərək, cavabdeh-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və Cavabdeh ona satılmış 52 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 52,4 kv.m qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 20960 manata birbaşa satmış, alıcı isə onu satın almışdır. xx.xx.2022-ci il tarixdə dövlət reyestrində Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-3303/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) iş üzrə icraata xitam verilmişdir.
4. Məhkəmə sözügedən müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə şəxs arasında bağlandığını nəzərə alaraq qeyd etmişdir ki, Xidmətin fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyənləşdirilmişdir. Həmin Əsasnamənin 2.0 və 2.0.5-ci bəndlərinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır.
5. Eyni zamanda, mübahisələndirilən müqavilə inzibati müqavilədir. Belə ki, müqavilə tərəflərindən biri inzibati orqandır və müqavilənin predmeti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olmaqla ümumdövlət maraqlarının təmin olunmasına yönəldilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin müqavilənin ləğvi ilə bağlı məsələyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
6. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(060)-3303/2025 nömrəli qərardadı (hakim Vəfa Şirəliyeva) ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad əsassızdır. Belə ki, həmin iddia tələbi ilə ilk dəfə "xxxx" MMC tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verildi və işə hakim Leyla Mirzəyevanın sədrliyi ilə baxıldı və məhkəmə tərəfindən işin mülki məhkəmə icraatı qaydasında baxılması izah edildi. Ondan sonra "xxxx" MMC tərəfindən təkrar olaraq Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən Ş.Həxiyeva) 08 iyul 2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsinə əsasən bu iddia tələbi verilmişdir. Ona görə də hesab edirlər ki, verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
12. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
13. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
18. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən 52,4 kv.m qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 20960 manata birbaşa satmış, alıcı isə onu satın almışdır. xx.xx.2022-ci il tarixdə dövlət reyestrində Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır.
19. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə istinad etmiş və qeyd etmişdir ki, Əsasnamənin 2.0 və 2.0.5-ci bəndlərinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır.
20. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir. Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki işin materialları ilə mövcud mübahisənin predmeti olan 52 kv.m qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilməsinin həyata keçirildiyi, özəlləşdirmə ilə və ya mübahisələndirilən alqısatqının bağlanması ilə bağlı qəbul edilmiş inzibati aktın olduğu müəyyən edilmir.
22. İddiaçının tələbi isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və Cavabdeh ona satılmış 52 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması barədədir.
23. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
24. “İnzibati icraat haqqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
25. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilənin ləğvi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma barədə tələblərə inzibati məhkəmə icraatında baxılmalı olduğunu qeyd etsə də, alqı-satqının hansı inzibati akta əsasən bağlanıldığı məsələsini aydınlaşdırmamış, bundan başqa iddiada hər-hansı inzibati akt mübahisələndirilməmişdir.
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər.
27. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün yuxarıda göstərilən halların mövcud olub-olmadığını aydınlaşdırmamışdır.
28. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-3303/2025 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-3303/2025 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.