Məhkəmə qərarları › İş №2(105)-1162/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1162/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1162/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3510/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, «xxxx» ASC-yə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, arvadı Cavabdeh1 ilə xx xxxxx 1982-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan 2 uşaqları vardır. xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanda 0,01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın alıb, hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. xx.xx.2019-cu il tarixdə yaşadıqları ünvana arvadının adına gələn məktubu arvadı evdə olmadığı üçün o qəbul etmiş və məktubu açaraq oxumuşdur. Həmin məktubda hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması ilə bağlı Abşeron rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş sifariş barədə məlumat qeyd edilmiş idi. O, arvadının evə qayıtmasını gözləmiş və arvadı gəldikdən sonra məktubu ona təqdim edərək bunun nə məsələ olduğu barədə soruşmuşdur. Cavabdeh isə ona bacısının övladının ayaqlarının işləmədiyini, müalicəsinin də yalnız Türkiyədə olduğunu və Türkiyəyə müalicəyə aparmaq üçün də bacısına pul lazım olduğunu bildirdi. Eləcə də, Cavabdeh3 İKB ASC ilə razılaşaraq yaşadıqları ev cavabdehin adına olduğu üçün bankdan götürülən pulun təminatı kimi evi ipotekaya qoymaq qərarına gəlmişdir. Əmlakı birgə nikah dövründə əldə etdiklərindən onun razılığı lazım idi. Lakin cavabdeh onun razılıq verməyəcəyini bildiyindən Abşeron rayonunda fəaliyyət göstərən 1 saylı Notariat ofisinin əməkdaşlan ilə əlaqə yaradaraq, ipoteka müqaviləsi bağlamış və arvadı 50.126 ABŞ dolları məbləğindən pulu götürərək, bacısına vermişdir ki, oğlunu müalicəyə aparsın. Belə ki, onlar kasıb bir ailə olaraq yalnız bir yaşayış evləri vardır. Onu da arvadı onun razılığı olmadan ipotekaya qoyaraq, bankdan pul götürmüş və bacısı oğlunun müalicəsinə vermişdir. Onun razılığı olmadan həmin ev satışa çıxarıla, ipoteka, girov qoyula bilməz. Birgə nikah dövründə əldə etdikləri üçün arvadı ilə bərabər həmin evdə onun da hüquqları vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməsi və iddia tələbinin qanuni və əsaslı hesab edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh3 Bank” (“xxxx”İKB ASC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmə müraciət etmiş, mübahisəli evin ipoteka qoyularkən onun razılıq ərizəsinin alınmamasını əsas gətirərək, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/290 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 104-cü vərəqində İddiaçı adından ünvan 3 ünvanında yerləşən mənzilin ipotekaya (girov) qoyulmasına etiraz etməməsi barədə xx xxxxxx 2014-cü il tarixli “Ərizə” də “İmza” qrafasında olan yazılar və həmin yazıların qarşısındakı imza – İddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir. Lakin hazırki iş üzrə İddiaçı ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmaması və məlumatının olmaması öz təsdiqini tapmamışdır. Əksinə iş materialları ilə onun sözügedən müqavilə bağlanarkən müqaviləyə etiraz etməməsi sübut olunmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmadığından, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar