Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1164/2021 15.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-386/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-386/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 2b, 26 saylı mənzilin mətbəx tikilisindən açılan pəncərənin qarşısında 3,6 m məsafədə Cavabdeh tərəfindən tikilmiş tikintinin 3.20 metr enində və buna perpendikulyar olmaqla boya-boy Cavabdeh öz hesabına sökülməsi və həmin torpaq sahəsinin onun tərəfindən əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2b, mənzil 26 ünvanında yerləşən mənzilin arxa tərəfdən eyvanının önündə qanunsuz olaraq tikdiyi anbarın və bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olan ərazidə tikdiyi 4 otaqlı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin onun eyvanının önünə düşən və bütün bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olan, hazırda 4 otaqlı qanunsuz tikilinin olduğu hissədə həmin tikililərdən öncə mövcud olan vəziyyətinin geri qaytarması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Xırdalan şəhəri, 27-ci məhəllə, 2b saylı evin 26 saylı mənzilinin mülkiyyətçisidir və bu fakt ƏMDK DƏDRX tərəfindən verilən ******* saylı çıxarışla təsdiqlənir. Cavabdeh eyni binada yerləşən 17 saylı mənzilin mülkiyyətçisidir və onun divar qonşusudur. Cavabdeh 2010-cu ildən etibarən öz eyvanının qarşısında, əslində isə bütün bina sakinlərinin ümumi mülkiyyətində olan ərazidə qanunsuz tikililər tikməyə başlamışdır. Belə ki, əvvəlcə mənzilinin arxasından qapı açan cavabdeh daha sonra eyvanını qanunsuz olaraq 1 metr uzunluqda artırmış, bundan sonra binanın arxasını bütövlükdə zəbt etmişdir. Cavabdeh öz pəncərəsinin qarşısında olan 3 sotluq ərazidə 4 otaq tikmiş, hətta birini qanunsuz olaraq kirayəyə vermişdir. Hazırda isə cavabdeh əlavə olaraq, ona məxsus mənzilin qarşısında eni və uzunluğu 2,5 metr olan anbar tikmişdir. Ona məxsus mənzilin mətbəxi ilə həmin qanunsuz anbar arasındakı məsafə 2 metrdir və cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, özünə məxsus mənzildən istifadə edə bilmir. O, bununla bağlı dəfələrlə dövlət orqanlarına müraciət etmiş, cavabdehin bütün bina sakinlərinə ümumi mülkiyyət hüququ ilə məxsus ərazini zəbt etdiyini, ona məxsus mənzilə dair hüquqlarını həyata keçirməyinə mane olduğunu bildirmişdir. Abşeron rayon İcra Hakimiyyətinin ona ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, guya cavabdeh tərəfindən salınmış piyada yolu onun əlil olan iki övladının rahat hərəkət etməsi üçündür və digər sakinlərin hərəkətinə və rahatçılığına əngəl törətmir, binanın 2 metrliyində inşa olunmuş qanunsuz tikilinin sökülməsi üçün müvafiq iddia ilə məhkəməyə müraciət edilməlidir. Həmin məktubdan görünür ki, dövlət orqanları faktiki olaraq, qanunvericiliyə uyğun şəkildə həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaqda maraqlı deyildirlər. Hazırda cavabdeh tərəfindən tikilmiş 4 otaqlı qanunsuz tikili və onun mənzilinin 2 metrliyində tikilmiş anbar Mənzil Məcəlləsində də göstərildiyi kimi, bütün sakinlərin ümumi istifadəsində olan ərazidə tikilmişdir. Digər tərəfdən, cavabdeh onunla divar qonşusu olduğu üçün cavabdehin tikdiyi anbar ona məxsus mənzilin mətbəx tərəfdən qarşısını kəsib izolyasiya qaydalarını pozmuş, mülkiyyət hüququnun həyata keçirilməsinin qarşısını almışdır. Cavabdeh çoxmənzilli yaşayış mənzilinin qaydalarını pozaraq, evində it saxlayır və bunun digər sakinlərin yaşayışına mane törətməməsi ilə bağlı heç bir cəhd göstərmir. Qanunsuz tikdiyi tikililərlə birlikdə çoxmənzilli binanın birinci mərtəbəsini fərdi həyət evi kimi istifadə edən cavabdeh heyvanı bütün gün çölə buraxır və bütün bina sakinlərini narahat edir. Cavabdeh Xırdalan şəhəri, 27-ci məhəllə, 2b saylı evin 17 saylı mənzilindən istifadəsi isə bağlı törətdiyi hərəkətlər Mülki, Mənzil və Şəhərsalma və Tikinti qanunvericiliyinə zidd olduğundan aradan qaldırılmalıdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, hazırda o, mənzilinə dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Cavabdeh bir müddət əvvələ kimi tikdiyi tikintilərlə bağlı müntəzəm olaraq, onun balkonunun önünü qumla doldurmuş və bu qumları yalnız Abşeron rayon İcra Hakimiyyətinin tapşırığından sonra təmizləmişdir. Bundan əlavə, cavabdeh eyvanının önündə ördək və it saxlayır. Xüsusilə də cavabdeh yaz aylarında hətta xalçapalazlarını onun mənzilinin önündə təmizləyərək, kirli suyu onun mənzilinin qarşısına axıdır. Eyvanının 2 metrlik məsafəsində qanunsuz olaraq tikdiyi anbar isə bütün bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnu pozmaqla birlikdə, şəxsən onun Xırdalan şəhəri, 27-ci məhəllə 2b saylı evin 26 saylı mənzilə dair hüquqlarını pozur. Cavabdehin təqsirli hərəkətlərinə görə hələ 2017-ci ildə əldə etdiyi mənzil günəş şüası almadığı üçün rütubətli olmuş, mənzilin izolyasiya sistemi pozulmuş və ona ciddi maddi ziyan dəymişdir. Halbuki Mənzil Məcəlləsi mənzil mülkiyyətçisinin mülkiyyətinə dair hüquqlarını həyata keçirmə limiti olaraq, digər şəxslərin hüquq və vəzifələrinə hörmət etməyi və bunu pozacaq hərəkətlərdən çəkinməyi müəyyən etmişdir. İddiaçı iddia ərizəsini dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı evin 26 saylı mənzilinin arxa tərəfdən eyvanının önündə qanunsuz olaraq tikdiyi tikililərin Cavabdeh hesabına sökülməsi, Cavabdeh onun eyvanının önünə düşən yerdə tikilmiş qanunsuz tikililər söküldükdən sonra tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı evin 26 saylı mənzilini ondan sonra almışdır. O, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 2B saylı evin 17 saylı mənzilini 2009-cu ildə əldə edərək, ailəsi ilə birgə yaşamağa başlamışdır, birinci Qarabağ müharibəsinin iştirakçısıdır, hərbi təqaüd alır. İddiaçı isə 2017-ci ildə bu binaya köçmüşdür. Onun mənzilinin eyvanının qarşısında tikdiyi tikili himayəsində olan 27 və 32 yaşlarında 1-ci qrup əlil övladlarının əlil arabası ilə daşınması çətin olduğundan və protezləri qoymağa yer olmadığından Abşeron rayon İcra Hakimiyyətinin icazəsi alınaraq tikilmişdir. Sonradan maddi imkanı aşağı olduğundan və əlil uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyindən kirayənişin saxlayır. İddiaçı tərəfindən mübahisələndirilən tikili iddiaçının mənzilindən istifadəsinə maneçilik törətmir. Bu hal iş materiallarında olan ekspert rəyində də ifadə edilmişdir. Orada göstərilir ki, 26 saylı mənzilin mətbəx tikilisi ilə onun tərəfindən inşa edilən tikili arasında ən yaxın məsafə 3,20 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililərin 26 saylı mənzilin mətbəxinin izolyasiyasını pozması və 26 saylı mənzildən texniki cəhətdən sərbəst istifadə edilməsini (giriş-çıxışı) məhdudlaşdırması müəyyən edilməmişdir. Həmçinin tikili mənzilin giriş hissəsində deyil, arxa tərəfində inşa edilmişdir. İddiaçı binanın giriş tərəfindən heç bir maneə olmadan rahat gediş-gəliş üçün istifadə edə bilər. Bu səbəbdən də iddiaçının bu iddianın qaldırılmasında subyektiv hüququ yoxdur. Çünki, tərəfindən inşa edilən tikili iddiaçının maraqlarına toxunmur, onun mənzilindən sərbəst istifadəsini məhdudlaşdırmır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, yaşadığı mənzilin qarşısında onun tərəfindən 4 tikili inşa edilmişdir. Bu tikililərdən ikisi yaşayış otağı, biri anbar, biri isə sanitar qovşaq kimi istifadə olunur. Maddi imkanı aşağı olduğundan yaşayış otaqlarında kirayənişin saxlayır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı evin 26 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, 1591 saylı məktubdan görünür ki, yaşadığı binanın 2 metrliyində inşa olunmuş qanunsuz tikilinin sökülməsi üçün müvafiq iddia ilə məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 10/49 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2b saylı binanın 26 saylı mənzilinin mətbəx tikilisinin qarşısındakı sahədə iş üzrə Cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”na riayət olunmadığı müəyyən edilir. Lakin 26 saylı mənzilin mətbəx tikilisi ilə Cavabdeh tərəfindən inşa edilmiş tikililər arasında ən yaxın məsafə 3,6 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililərin 26 saylı mənzilin mətbəxinin izolyasiyasını pozması və 26 saylı mənzildən texniki cəhətdən sərbəst istifadə edilməsini (girişi-çıxışı) məhdudlaşdırması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı evin 26 saylı mənzil iddiaçın mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdeh qanuni əsas olmadan iddiaçının mənzilinin mətbəxinin qarşısında tikili inşa edərək oradan istifadə etdiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 10/49 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı binanın 26 saylı mənzilinin mətbəx tikilisinin qarşısındakı sahədə iş üzrə Cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”na riayət olunmadığı müəyyən edilir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın rəyindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı binanın arxa hissəsindəki ümumi istifadədə olan həyətdə, iddiaçıya məxsus 26 saylı mənzilin mətbəx tikilisinin qarşısındakı sahədə ayrı-ayrılıqda 4 tikili inşa edilmişdir. Tikililər yaşayış otaqları və köməkçi sahələr kimi istifadə olunur. Yaşayış otaqları kimi istifadə olunan 1-ci tikilinin uzunluğu 7,1 metr, eni 3,6 metr, ikinci tikilinin uzunluğu 8,0 metr, eni 4,9 metr, anbar kimi istifadə olunan köməkçi tikilinin uzunluğu 4,0 metr, eni 3,0 metr, sanitar qovşağının uzunluğu 3,0 metr, eni 2,2 metr təşkil edir. Cavabdeh apellyasiya şikayətində İddiaçı bu iddianı qaldırılmasında subyektiv hüququ olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özbaşına inşa etdiyi tikili iddiaçıya məxsus mənzilin mətbəxindən 3,6 metr məsafədə, bilavasitə iddiaçının mənzilindən açılan pəncərənin qarşısında yerləşməklə, cavabdeh tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilir ki, bu da çoxmənzilli yaşayış binasından istifadə qaydalarının pozulmasıdır və belə olan halda, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-386/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1164/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1164/2021
15.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver