Məhkəmə qərarları › İş №2(105)-1169/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1169/2023

01.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1169/2023 01.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı onun nümayəndə və vəkili Vəkil3, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli 4ə-021456 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildə azyaşlı uşaqlarına sosial yardım almaq üçün müraciət edərkən bildirilib ki, sənin adına torpaq sahəsi var, ona görə sosial yardım düşmür. İddiaçı da social yardım almaq üçün Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsini bacısına bağışlamış və sosial yardım almışdır. Bağışlama müqaviləsi bağlananda 5-6 gün sonra bacısı yoxa çıxır. Həmin vaxt bacısı boşanmışdı, onu axtarıaşa verirlər. Sonra müəyyən olunur ki, o, evlənmək məqsədi ilə qaçıb və polisə müraciət olunaraq bacısının axtarışı dayandırılır. Ondan sonra bacısı başqa yerdə yaşayıb və iddiaçı onun yaşayış yerini bilməyib. İddiaçı ilə cavabdeh bacı qardaşdırlar. İddiaçı fikirləşib ki, bacısı artıq evlənib, ona görə bağışlama müqaviləsinin ləğvi üçün bacısını axtarmamaq qərarına gəlib. Bu hal 2011-ci ildən bu ilədək davam edib. Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsi yol olmayan, sulanmayan, yararsız torpaq sahəsi olub. Bacısı yoxa çıxandan 2-3 il sonra Bakı şəhərindən kimsə ətraf ərazidəki bütün torpaq sahələrini satın alıb və iddiaçıya da torpaq sahəsini satmasını təklif edib. İddiaçı da qeyri-rəsmi həmin torpaq sahəsini satıb və deyib ki, “bacısı tapılmır, ona görə sənədləşdirə bilmir”. Alıcı onunla razılaşıb. Sonra alıcı sahibkar torpağı əkib, biçib. O vaxt torpaqlar ucuz olub, indi bir az bahalaşıb. Sonra bacısını tapa bilmədiyinə görə vaxtında müraciət edə bilməyib. Bacısı tapılmadığına görə iddiaçı iddia verə bilməyib, müqavilənin ləğvini təklif edə ilməyib. Məhkəmə vasitəsi ilə müqaviləni ləğv etməyə imkanı olmayıb. Bu yaxınlarda görüb ki, həmin torpaq sahəsinə kimlərsə gəlib baxır, almaq istəyir. Torpağı alan adam deyib ki, torpağa gəlib baxırlar. İddiaçı maraqlananda öyrənib ki, bacısı torpaq sahəsini satmaq istəyir. İddiaçı deyib ki, topaq sahəsi onun, müqavilə də formaldır, uydurma əqddir, başqa məqsəd üçün, sosial yardım almaq üçün bağışlama müqaviləsini bağlayıb, sonra ləğv eləmək üçün bacısını tapa bilməyib, ləğv eləmək üçün müraciət edə bilməyib. Torpaq sahəsinin bağışlanmasına dair müqavilə əslində uydurma müqavilədir, başqa məqsədlə, başqa müqaviləni pərdələmək üçün bağlanan əqddir. İddiaçi hesab edir ki, Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Xaçmaz rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli 4ə-021456 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Sərxan Səmədzadə).

5. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli Xüsusi qərardadı ilə mülki iş üzrə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət tərkibinin olub-olmaması barədə araşdırmanın aparılması üçün iş materiallarının Baş Prokurorluğa göndərilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanarkən hansısa bir şərtlə şərtləndirilə bilər. Lakin iş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə bağlanarkən şərtləndirilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 670.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 354.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2011-ci ildə azyaşlı uşaqlarına sosial yardım almaq üçün DSMF-na müraciət edərkən, adına torpaq sahəsi qeydiyyata alındığından ona sosial yardım düşmədiyi bildirilmiş və o da da həmin vaxt mülkiyyətində olan 1.5 ha torpaqa sahəsindən 1 ha torpaq sahəsini bağışlama müqaviləsi əsasında yanında yaşayan bacısı Cavabdeh bağışlamışdır ki, torpaq sahəsinin 1 ha hissəsi öz adından çıxsın və sosial yardım ala bilsin. Bağışlama müqaviləsi imzalanandan 5-6 gün sonra bacısı rayonu tərk edib getmişdir. Həmin vaxt bacısı boşanmışdır. Axtarışa verildikdən sonra müəyyən olunmuşdur ki, bacısı evlənmək məqsədi ilə evdən qaçmışdır. Bundan sonra polisə müraciət olunaraq bacısının axtarışı dayandırılmışdır. Ondan sonra bacısı başqa yerdə yaşamış və onun yaşayış yerini bilməmişdir. Bu hal 2011-ci ildən bu ilədək davam etmişdir. Lakin məhkəmə iddia tələbini rədd edərkən iş materiallarında olan formal olaraq imzalanmış bağışlama müqaviləsinə, bağışlama müqaviləsinin şərtləşdirilməməsinə, həmçinin mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız əqd hesab olunmadığına istinad edərək qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Lakin Xaçmaz rayon Pirquluoba Bələdiyyəsinin 10 aprel 2023-cü il tarixli,14 saylı arayışından görünür ki, Xaçmaz rayon Qoçaqlı kənd sakini İddiaçı, Pirquluoba bələdiyyəsində 1.5 ha toraq sahəsi üzrə vergi ödəyicisidir və mütəmadi olaraq vergilər onun tərəfindən ödənir. Bundan əlavə Xaçmaz rayon İHB-nın Pirquluoba kənd İƏD-nin 03 aprel 2023-cü il tarixli 100 saylı arayışından görünür ki, Cavabdeh qız 2012-ci ildən hazırki vaxtadək Bakı şəhərində yaşamışdır. Göründüyü kimi ƏMDK yanında DƏDRX-nin xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışına əsasən Xaçmaz rayonunun Qoçaqlı kəndində İddiaçı məxsus 1.0 torpaq sahəsi olmuş, əmlaka faktik sahiblik etmiş, vergilər onun tərəfindən ödənilmiş, torpağa qulluq onun tərəfindən həyata keçirilmişdir. xx.xx.2011-ci il tarixli 4Ə-021456 reyestr saylı bağışlama müqaviləsi formal müqavilə olmaqla, uydurma əqddir, sosial yardım almaq üçün imzalanmış müqavilədir. 2011-ci ildən sonra cavabdehin harada yaşaması barədə məlumat olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun onun təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdır. İddiaçı sosial müavinət aldığı üçün ona ayrılmış torpağın 1 hektarını bacısına bağışlayıb ki, aldığı müavinət kəsilməsin. Bu günə qədər də həmin torpaqdan istifadə edir, vergini ödəyir. Pandemiyadan sonra bacı torpağı satmaq istədiyindən bağışlanma müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etib. Bağışlanma müqaviləsi əhəmiyyətsizdir və bağlanma məqsədi sosial müavinətin kəsilməsinin qarşısını almaqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərə bildirdi ki, qətnamə tamamilə qanuni və əsaslıdır. Müqavilənin ləğvi üçün subyekt və iradə ifadəsi məsələsinə baxılmalıdır. 11 ildən sonra müqavilənin mübahisələndirilməsi əsassızdır. İddiaçı barəsində xüsusi qərardad da çıxarılıb. Mübahisəyə kəsici müddət tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Maddə 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Maddə 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə

14. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; 17-ci maddəsinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: 1) əqdləri və etibarnamələri təsdiq edir. 35-ci maddə - Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.

15. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat; 15-ci maddə- Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər.

16. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışından və xx.xx.2011-ci il tarixli AA seriyalı 018591 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Pirquluoba kəndindəki 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh məxsusdur.

21. İş materiallarında olan Xaçmaz Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 4ə-021456 reyestr saylı bağışlama müqaviləsindən müəyyən olunur ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışına əsasən ona məxsus olan Xaçmaz rayonunun Qoçaqlı kəndində yerləşən 1.0 torpaq sahəsini Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsinə tərəflər imza etmişlər.

22. İş materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2022-ci il tarixli “iddia müddətinin tətbiqi” barədə ərizədən müəyyən olunur ki, o, məhkəmədən AR Mülki Məcəlləsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

23. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, bağışlama müqaviləsi bağlanarkən hansısa bir şərtlə şərtləndirilə bilər. Lakin iş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə bağlanarkən şərtləndirilməmişdir.

25. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edlən sənədlərə və işin hallarına istinadən iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir.

28. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.

29. Eləcə də müqavilənin iddiaçının sosial müavinət alması ilə bağlı adına olan torpaq sahəsinin 1 ha hissəsini bacısına bağışlamasına dair hər hansı sübut təqdim edilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi.

31. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

32. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları, torpaq sahəsini social müavinət alınması ilə əlaqədar bacısına bağışlamasını sübuta yetirə bilməmişdir.

33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış, müqavilənin iddiaçı isə torpaq sahəsinin bacısı tərəfindən satılmasını pandemiya zamanı, yəni 2020-ci ildə bilməsini qeyd etmişdir ki, belə olan halda da müqavilənin bağlanmasından 9 il keçməsindən sonra bu halın müəyyən olunması ağlabatan hesab edilə bilməz.

34. Həmçinin bu hal respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020- 2021-ci illəri əhatə etsə də iddiaçı hazırki ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-356/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar