Məhkəmə qərarları › İş №2(105)-1173/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1173/2022

30.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1173/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı2, onun vəkili Vəkil4, İddiaçı1 nümayəndəsi X3, iddiaçıların vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Bəhmən qızına, Sumqayıt 5 saylı Asan Xidməti Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-2559/2021 nömrəli qətnaməsindən Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhmən qızına, Sumqayıt 5 saylı Asan Xidmətin Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alqısatqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alqısatqı müqaviləsinin və Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 tərəfindən imzalanmış, İddiaçı1la Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evini (bundan sonra – mübahisəli fərdi yaşayış evi) Cavabdeh1 satmışdır. Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarış əsasında mübahisəli fərdi yaşayış evini Cavabdeh2 satmışdır. Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə Cavabdeh2 mübahisəli fərdi yaşayış evini Cavabdeh3 satmışdır. İddiaçı2 Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək 2014-cü ilin noyabr ayında övladının səhhətində yaranmış problemin həll edilməsindən ötrü Cavabdeh1 ayı 4 faizə olmaqla 120 000 manat pul alaraq mübahisəli fərdi yaşayış evini pul ödənildikdən sonra qaytarılması şərti ilə Cavabdeh1 adına keçirdiyini, 2015-ci ilin avqust ayında əsas məbləğdən 20 000 manat borclu qaldığını, sonuncu dolların məzənnəsinin bahalaşmasını əsas gətirərək 40 000 manat pul tələb etdiyini, həmin dövrdə Cavabdeh1 onu aldadaraq bağ evini ondan xəbərsiz başqa şəxsə satdığını bildirərək evin onlara qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə əsasında toplanmış material üzrə 23 iyul 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən 06 sentyabr 2016-cı ildə ləğv edilmiş, material üzrə araşdırma davam etdirilərək 19 sentyabr 2016-cı il tarixdə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 28 noyabr 2016-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən həmin qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 21 yanvar 2016-cı il tarixdə Binəqədi rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin 15 iyun 2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı əsassız olduğu üçün ləğv edilmiş İddiaçı2 şikayəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-də araşdırılan material ********* nömrəli cinayət işinə əlavə edilməklə ibtidai istintaqın davam etdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Sumqayıt şəhər Polis idarəsində aparılmış araşdırma nəticəsində törətdiyi əmələ görə Cavabdeh2 əməli 21 sentyabr 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmiş və o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. 16 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon Prokurorluğu tərəfindən Cavabdeh2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 21 sentyabr 2019-cu il tarixli qərar ləğv edilmişdir. Sumqayıt RPİ-nin İŞ-də istintaq edilmiş ********* saylı cinayət işi, Nərimanov RPİ-nin İŞ-də X4 ərizəsi əsasında toplanmış materiallar 2020-ci il tarixdə, Binəqədi RPİnin İŞ-də istintaq edilmiş ********* saylı cinayət işi 24 yanvar 2020-ci il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən BPİ-nin və Təhqiqat İdarəsinə göndərilməklə 28 yanvar 2020-ci il cinayət işləri X4 ərizəsi əsasında toplanmış material bir icraatda birləşdirilmişdir. Bakı şəhər Baş Polis idarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfin iddianın əsası kimi göstərdiyi dəlillər ondan ibarət olmuşdur ki, iddiaçı Sahilə X1 adlı şəxs tərəfindən aldadılaraq borca düşdüyü üçün mübahisəli fərdi yaşayış evini girov qoymaq qərarına gəlmişdir. 2014-cü ilin noyabr ayının əvvəlində o, evi Cavabdeh1 adına rəsmiləşdirdikdən sonra Cavabdeh1 120 000 manat pul almış, həmin puldan 16 000 manat çıxıldıqdan sonra yerdə qalan 104 000 manat pul ona verilmişdir. Yəni, Cavabdeh1la razılaşmalarına əsasən pul faizləri ilə birlikdə qaytarıldıqdan sonra Cavabdeh1 evi ona qaytarmalı idi. Sonradan Cavabdeh1 ödənişlər etmiş və ona 20 000 manat borcu qalmışdır. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, evi Cavabdeh2 adına keçirsin və Cavabdeh2 qalan məbləği Cavabdeh1 ödəsin. O, bununla razılaşmış və ev Cavabdeh2 adına keçirilmişdir. Cavabdeh1 bildirdiyinə görə həmin məbləğ Cavabdeh2 tərəfindən ona ödənilmişdir. Bundan sonra isə Cavabdeh2 faizlər ödəməyə başlamışdır. Lakin, Cavabdeh2 sonradan evi Cavabdeh3 satmışdır. Onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı əsas məqsəd evin satılması olmamışdır. Qeyd edilən hal iş üzrə aparılmış istintaq zamanı Cavabdeh2 verdiyi ifadələr, həmçinin onunla Cavabdeh1 arasında telefon danışıqları ilə də müəyyən edilir. Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsi uydurma əqd olmaqla həqiqəti əks etdirmir. Göründüyü kimi, eləcə də, işin faktiki halları ilə müəyyən və təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqavilələri məhz digər əqdin, yəni, faizlə verilən pulla bağlı münasibətlərin pərdələnməsi niyyəti ilə bağlanmışdır. Bu səbəbdən həmin müqavilə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-2559/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı1nın və İddiaçı2 həmin evə köçürülməsi qət edilmişdir (hakim Emin Abdullayev). İş üzrə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək iddiaçıların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələblə Mülki Məcəllənin 354-cü maddəsində müəyyən olunmuş bir illik müddəti ötürməklə müraciət etmələrini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh2 apellyasiya şikayəti verərək İddiaçı2 alqı-satqı müqaviləsi üzrə tərəf olmamaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını, əqdin etibarsızlığı barədə tələbin Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətin ötürülməklə irəli sürülməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 tarixli 2(105)- 2800/2021 nömrəli qətnaməsi ilə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli 2(060)- 2559/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev). İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli 2(102)-1339/2022 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2800/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə iddia müddətinin axımını düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almalı idi ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan mülki işə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı deyil, əqdin etibarsızlığı ilə bağlı müddəalar tətbiq olunmalı idi. Məhkəmə iddiaçıların öz hüquqlarının pozulduğu cinayət işi üzrə icraata xitam verildikdən sonra başa düşdüklərini əsaslandırmaga çalışmışdır. Cavabdeh3 bağ evinin satılmasını əmlakların alqı-satqısı üçün nəzərdə tutulmuş saytda görmüş və qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi ilə almışdır. Məhkəmənin qeyd etdiyi kimi mülkiyyətçinin özgəninkiləşdirənin əşyanın mülkiyyətçi olmadığını bilməsi real deyil. Bundan əlavə qanunvericiliyə müvafiq olaraq tərəflər arasında imzalanmış alqısatqı müqaviləsini mübahisələndirmək üçün iddia tərəfinin subyektiv hüququ olmalı idi ki, buna da məhkəmə tərəfindən qətnamədə hər hansı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclas protokolunda bir çox suallar öz əksini tapmamış və bu barədə verilmiş qeydlər qəbul edilməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini 195000 manata almışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl olunmuş, müqavilə notarial qaydada bağlanmış, evin dəyəri Cavabdeh2 tərəfindən notariusun bankdakı depozit hesabına ödənilmişdir. Bir müddət sonra Cavabdeh2 qeyd olunan fərdi yaşayış evinin satılması üçün müxtəlif saytlara elan yerləşdirmiş və bu barədə maklerlərə də məlumat vermişdir. Təxminən 5 ay evin elanı saytlarda olmuş və 2016-cı ilin may ayında evə alıcı tapılmışdır. Qeyd olunan fərdi yaşayış evinə dair Cavabdeh2la Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Evin dəvəri Cavabdeh3 tərəfindən tam olaraq notariusun bankdakı depozit hesabına köçürülmüş və o, da həmin məbləği bank vasitəsilə əldə etmişdir. İddiaçı1 nə hazırkı iddia tələbində mübahisələndirdiyi alqı-satqı müqavilələrinin tərəfidir, nə də həmin alqı-satqı müqavilələri üzrə maraqlarına toxunan şəxsdir. İddiaçılardan İddiaçı2 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr müvafiq olaraq 2014, 2015 və 2016-cı illərdə bağlanmışdır. İddiaçılar mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişlər. Hazırki mülki işə baxan birinci instansiya məhkəməsi qətnaməsində istinad etdiyi, cinayət işi üzrə müəyyən olunmuş və qüvvədə olan məhkəmə qərarları ilə təstiq edilmiş halları öz mülahizəsinə uyğun qərəzli şəkildə təhrif etmişdir. Apellyasiya şikayətində cavabdehlər tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-2559/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh3, Cavabdeh3 vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, İddiaçı1 nümayəndəsi X5, iddiaçıların vəkili Vəkil3 Məmməd oğlu, İddiaçı2 vəkili Vəkil4 apellyasiya şikayətlərinin dəlillərini əsassız edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası tərəfindən iş üzrə digər cavabdehlər Cavabdeh1, Sumqayıt 5 saylı Asan Xidməti Notariat Kontoruna, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlmənişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılnasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayətləri qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı,qətnamə iddia tələblərinin təmin edilməsinə dair digər hissədə ləğv edilməli, iddia digər hissədə təmin olunmamalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək apellyasiya qaydasında mübahisələndirmişlər. Cavabdehlərin hər ikisi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsilə isə yuxarıda qeyd olunduğu kimi verilmiş iddia tələblərindən biri üzrə İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.Lakin həmin müqavilənin tərəfi olmuş Cavabdeh1 hazırkı iş üzrə cavabdeh olsa da, qeyd olunan alqısatqı müqaviləsinin etibarsızlığına dair birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qərardadında mübahisələndirməmişdir. Buna görə xx.xx.2014-cü il tarixli müqavilənin tərəfləri olmayan digər cavabdehlərin həmin müqavilənin etibarszılığına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini işin hallarına görə apellyasiya qaydasında mübahisələndirməyə dair subyektin hüquqları yoxdur. Yəni, iddia tələbi üzrə xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması birbaşa digər tərəflər arasında bağlanmış iddia tələbində göstərilən xx.xx.2015-ci il tarixli və xx.xx.2016cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə əsas vermir. Bu həmçinin məntiq üzrə Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddəyə görə müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Birinci instansiya məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia tələbinin təmin edilməli olmasını aşağıdakı kimi əsaslandırmışdır: “...Belə ki, ********* saylı cinayət işinin materiallarında olan ekspert rəyi ilə həqiqiliyi müəyyən edilmiş İddiaçı2, Nümayəndə3 və Cavabdeh2 arasında baş vermiş dialoqun səs yazısında da qeyd edilən hal öz təsdiqini tapır. Belə ki, həmin səs yazısının müxtəlif hissələrində Cavabdeh2 “Keçək bu biri məsələyə. İndi siz onu deyirsiz olar, təmir eliyir, filan eliyir. Mən demişəm təmir eləməsinlər, eləsinnər, yaxşı qoyaq Dəyanəti. Dəyanətə mən o 4 min, 40 min 41 min 800 manat orda xərc çıxıb”. “Mən gözdəmişəm görüm nətər pulum qayıdır axı. Mən onu gözdəmişəm. Sahil məllim, bir dəyqə xahiş eliyirəm. Mən bağı nə də onu satmaq fikrim olmuyub. Satdıqda lap olub tutalım ki, satmamışam ki, iyuna qədər satmamışam ki, mən bunu. Olub satdıqda tutalım 2, 5 ay, 6 ay olub satdıqda. Qalıb da bu bağ da. Mən fikirləşmişəm ki, bir kişi çıxsın ortaya. Çağırım deyim də onu, Dəyanətə deyim də. Dəyanətə 100 dəfə onu deyim. Oturaq bir yerdə 6 kişi deyim ki, mən sənə 40 min min pul vermişəm, 1800 də nəyə, xərcimiz çıxıb. Yapışım yaxasından, pulumu alım, bağın da da verim, evin də çıxsın gedsin”. Qeyd edilən səs yazıları Cavabdeh2 həqiqətən Cavabdeh1 40000 manat pul ödədiyini və bunun müqabilində bağ evinin onun adına rəsmiləşdirildiyini etiraf edir. Bu hal da həqiqətən İddiaçı2 Cavabdeh1 40000 manat borcunun olduğunu, həmin məbləğin Cavabdeh2 tərəfindən ödənildiyini və mübahisəli fərdi yaşayış evinin bunun müqabilində Cavabdeh2 adına keçirildiyini təsdiq edir. Həmçinin yuxarıda qeyd edilən cinayət işinin istintaqı zamanı ifadəsi alınmış Cavabdeh2 öz ifadəsində bildirmişdir ki, İddiaçı2 2015-ci ilin avqust ayının əvvəllərində Tofiq adlı maklerin vasitəsi ilə tanıyıb. Həmin vaxtı Tofiq deyib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində 3 otaqlı ev var, ucuz evdi, həmin evi satır. Onlar bununla bağlı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşinlı küçəsində yerləşən evinə gedib Sahilə xanımla görüşüblər. Sahilə xanım deyib ki, evi 3 ay müddətinə satır, evi satandan sonra evi artıq qiymətə geri alacaq. Evi səksən min manata, yəni həmin dövrə görə 76.672 ABŞ dollarına Sahilədən alıb. Bundan sonra o, Sahilə ilə telefon əlaqəsi saxlayıb və onun biznesi ilə əlaqədar maraqlanırdı, çünki əmin olmaq istəyirdi, o, vəd etdiyi kimi 3 aydan sonra satdığı evi geri alacaq, yoxsa yox. Alqı-satqıdan 3 ay keçdikdən sonra Sahilə xanımdan bir xəbər çıxmadığı üçün ona dəfələrlə zəng etsə də, Sahilə xanım zənglərinə gah cavab verərək məsciddə olduğunu, danışa bilmədiyini bildirirdi, gah da ki, zənglərə cavab vermirdi. Təxminən 20-25 gün belə keçib. 2015-ci ilin dekabr ayının təxminən 20-də Sahilə xanım onun yanına gəlib deyib ki, təxminən iki il bundan qabaq anamın xəstəliyi ilə əlaqədar X6 yerləşən bağ evini kiməsə sonradan qaytarmaq şərti ilə satıb, həmin pulu batırıb, hazırda bağ evinin pulunu qaytara bilmədiyi üçün bağ evini alan şəxs onu gözləmir, bağı ucuz qiymətə başqa adama satmaq istəyir, buna görə də maddi vəziyyəti pisdi. İddiaçı2 təklif edib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınli küçəsində yerləşən evi hazırda geri ala bilmir, birinci həmin evə görə alqı-satqı olduğu müddətdən evi qaytarana qədər onun üçün hər ay üçün verdiyi pulu 5 faizini hesablayıb verəcək, bundan başqa, bağ evini də iki il bundan qabaq satdığı adamdan pul verib alsın əri Moskva şəhərində tibb ləvazimatları ilə alver edir, yeni il üçün gələcək, o, gəlib həm bu evi, həm də birinci evin pulunu ödəyib onları geri alacaq. O bununla razılaşıb Sahilədən sonradan adını bildiyi, əvvəllər tanımadığı Dəyanətin mobil telefon nömrəsini alıb və onunla danışaraq X6 yerləşən bağ evinə gedib. Orada Dəyanətlə görüşüb və bağ evinə baxıb. Dəyanət deyib ki, bağ evini 195 000 manata satır. 2015-ci ilin dekabr ayının 24-də özü ilə 130.000 ABŞ dolları götürüb Sumqayıt Asan xidmət mərkəzinə getmiş və orada Dəyanətlə bağ evini alqı satqı ediblər. Yanvar ayının 10-a kimi gözləyib, lakin Sahilənin hər iki evini almaq üçün heç bir hərəkət etmədiyini görməyib. Buna görə də həmin bağ evini 2016-cı ilin yanvar ayının sonundan müxtəlif saytlarda 240.000 manata satışa çıxarıb. Bu barədə bütün maklerlərə də məlumat verib. Həmin vaxtı evi almaq üçün müxtəlif müştərilər gəlsə də, o həmin evi satmayıb və gözləyib ki, Sahilə kişi cinsindən olan kimisə gətirsin, onunla son söhbəti etsin. İddiaçı2 onu Mahir adlı xalası oğlu ilə görüşdürüb. Mahir danışıq zamanı 15 gün vaxt istəyib və bildirib ki, 15 günə bu əmlakın ikisini də geri alacaq. O, da bir ay vaxt verib. May ayının əvvəlində 1 ay vaxt çatdığı üçün yenə Mahirə zəng edib, təxminən 2-3 gün ərzində Mahir telefonu götürməyib. May ayının 5-nə kimi Mahiri gözləyib. Onun gəlib çıxmadığını görüb 2016-cı ilin may ayının 19-da Əli adlı şəxsə evi 210.000 manata satıb. Səs yazısında danışıqlar onunla Salman Bəhmənov və Nümayəndə3 arasında olan danışıqlardır. O səs yazısında Cavabdeh1 40000 manat ödədiyini ona görə deyib ki, onlar ondan əl çəksinlər...” Birinci instansiya məhkəməsi qeyd olunan hallara, yəni, İddiaçı2 ilə Cavabdeh1 arasında faizlə borca pul verilməsi məsələsi, mübahisəli fərdi yaşayış evinin İddiaçı2 razılığı ilə Cavabdeh2 satılması, səs yazılarında Cavabdeh2 Cavabdeh1 40 000 manat pul ödəməsini etiraf etməsinə əsaslanaraq iddia tələbi üzrə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda qeyd olunan hissəsi üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.” Yuxarıda qeyd olunan cinayət işinin istintaqı zamanı Cavabdeh2 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı2 2015-ci ilin avqust ayının əvvəllərində Tofiq adlı maklerin vasitəsi ilə tanımışdır. Tanışlıq zamanı Sahilə xanım bildirmişdir ki, o dietoloq-həkimdir, işlərini genişləndirmək istəyir, arıqlamaq üçün avadanlıq almalıdır, biznesini genişləndirmək üçün ona pul lazımdır. Buna görə evi satmaq istəyir, evi satandan sonra gedib o avadanlığı gətirəcək, sonra evi artıq qiymətə 3 ay müddətinə ondan geri alacaq. Bununla əlaqədar o, həmin vaxt ABŞ dollarının kursu tez-tez qalxmağa doğru getdiyi üçün alqı-satqı müqaviləsinin sonradan ləğvi zamanı maddi itkini sığortalamaq məqsədi ilə Sahilə xanımdan pulu ABŞ dolları ilə geri alacağı barədə onunla razılaşırlar. Bu məqsədlə onlar 07 avqust 2015-ci il tarixində Bakı şəhəri Həsən Əliyev prospektində yerləşən 1 saylı Bakı asan Xidmət mərkəzinə gedib,orada yerləşən notariusda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 3, mənzil 27-ni alqı-satqı edərək 80.000 (səksən min) manata Sahilə xanımdan almışdır. Bununla əlaqədar Cavabdeh2 qeyd etmişdir ki, Sahilə xanımla razılaşdığı kimi o həmin mənzili almaq üçün özü ilə 76.672 ABŞ dolları aparıb Asan Xidmətdə Sahilə xanımın bank hesabına ABŞ dolları ilə qoymuş, Sahilə xanım da pulu bankdan ABŞ dolları ilə götürmüş, əlavə olaraq Sahilə xanımın pulu dollarla götürməsi üçün və qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqısı manatla keçirilməli olduğundan banka 450 manat konvertasiya olmaq pulunu ödəmişdir. Həmçinin Sahilə xanımın xahişi ilə tibbi avadanlığın gətirilməsində çətinliyin aradan qaldırılması məqsədilə ona əlavə olaraq 4000 ABŞ dolları məbləğində borc verməyə məcbur olmuşdur. Belə ki, Sahilə xanım ailəsi ilə həmin vaxt satdığı mənzildə yaşayırdı. Mənzilin alqı-satqısından 3 ay keçdikdən sonra təxminən dekabr ayının 20-də Sahilə xanım onun yanına gəlib demişdi ki, X6 yerləşən bağ evinin kiməsə sonradan qaytarmaq şərti ilə satıb, həmin pulu batırıb, hazırda bağ evinin pulunu qaytara bilmədiyi üçün bağ evini alan şəxs onu gözləmir, bağı ucuz qiymətə başqa adama satmaq istəyir, buna görə maddi vəziyyəti pisdir. Sonra o təklif etdi ki, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili hazırda geri ala bilmir, vəd etdiyi kimi 3 ay müddət bitib, həmin müddət ərzində verdiyi vədi icra edə bilmədiyi üçün ona yeni şərt təklif etmiş və demişdir ki, mənzilə görə alqı-satqı olduğu müddətdən mənzili qaytarana qədər hər ay üçün verilmiş pulun 5%-ni hesablayıb verəcək, bağ evini isə bundan iki il qabaq satdığı adamdan pul verib alsın, əri RF-nın Moskva şəhərində tibb ləvazimatları ilə alver edir, yeni il üçün gələcək, o, gəlib hər iki evin pulunu ödəyib ondan geri alacaq. Lakin o bağ evini əvvəl almaqda tərəddüd edib, fikirləşmişdir ki, artıq problemdədir. Lakin Sahilə xanım ondan əl çəkməmiş, ona yalvarmışdır ki, həmin bağ evini alsın, sonra isə bağ evini ondan geri alacaqdır. O, tərəddüd içində Sahilə xanımla razılaşmış və nəticədə 195000 manat məbləğində bağ evinin satılmasına dair Dəyanətlə razılığa gələrək 24 dekabr 2015-ci il tarixində notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin bağ evini almışdır. Bundan sonra yanvar ayının 10-na kimi gözləmiş, lakin Sahilə hər iki evi almaq üçün heç bir hərəkət etməmiş, buna görə həmin bağ evini müxtəlif saytlarda 240.000 manata satışa çıxartmış, bu barədə müxtəlif maklerlərə məlumat vermişdir. Həmin vaxt evi almaq üçün müxtəlif müştərilər gəlsə də, həmin evi satmamış, gözləmişdir ki, Sahilə kişi cinsindən olan kimisə gətirsin, onunla son söhbət etsin. Sahilə də onu Mahir adlı xalası oğlu ilə görüşdürmüş, Mahirin yanında iki nəfər başqa qohumu da gəlmiş, lakin əsas onunla danışan zaman ondan 15 gün vaxt istəmiş və bildirmişdir ki, 15 günə kimi əmlakın hər ikisi onda geri alınacaq, o isə 1 ay gözləyəcəyini bildirmişdir.1 ay keçdikdən sonra 2-3 gün ərzində Mahirə zəng etmiş, Mahir telefonu götürməmiş, buna görə 2016-cı ilin may ayının 19-da bağ evini Əlinin arvadı Aybəniz adlı şəxsə 210.000 manata satmışdır. Alqı-satqıdan 2 gün sonra Sahilənin qardaşı Sahil onunla görüşmüş, görüşərkən məlum olmuşdur ki, o, onun köhnə dostu olmaqla AR Baş Prokurorluğunda birlikdə işlədiyi Sahildir. Sahili yaxından tanıdığı üçün Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, mənzil 27-ni gəlir götürmədən 80000 manat pulun geri qaytarılmasına görə 24 may 2016-cı il tarixində alqısatqı müqaviləsinin ləğvi barədə müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunan cinayət işinin istintaqı zamanı İddiaçı2 bildirmişdir ki, Cavabdeh2la Tofiq və Vahid adlı maklerlər vasitsilə tanış olub. Rafiq onun mənzilinə baxdıqdan sonra 80000 manat verə biləcəyini bildirmiş, bunun üçün alqı-satqı müqaviləsinin bağlanmalı olduğunu ona bildirmiş, o isə pulun ona 2-3 aylıq lazım olduğunu bildirməklə aylıq 5% üzrə 4000 manat ödəmək şərti ilə buna razılıq vermiş, alqı-satqıdan sonra maklerlərə və mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün çəkilən xərclər çıxılmaqla ona cəmi 67300 manat pul verilmişdir. Bundan sonra o iki ay üzrə Rafiqə hər ay 4000 manat olmaqla faiz borcu ödəmişdir. Dekabr ayı üçün faiz borcunu ödəyə bilməmişdir. Həmin vaxt bağ evinə görə Dəyanətə 20.000 manat borcu qalmışdır. Makler Vahidin təklifi ilə tək Rafiqə borclu qalsın deyə razı olmuşdur ki, Vahid Rafiqə desin ki, Rafiq Dəyanətə 20.000 manat ödəyib bağ evini alsın. Vahid Rafiqin buna razı olmadığını, lakin sonradan onu razı saldığını bildirmişdir. Lakin dolların məzənnəsi qalxdığı üçün Dəyanət onun borcunun 40.000 manat olduğunu bildirmişdir. Sonradan Dəyanət ona bildirmişdir ki,40700 manat pulu Rafiqdən alıb bağ evini ona satmışdır. Alqısatqıdan 2-3 gün sonra Rafiq bağ evinin açarlarını ondan almışdır. Sonra eşitmişdir ki, Rafiq bağ evini əşyaları ilə birlikdə satıb. Həmçinin o, Rafiqin yalan dediyini bildirərək göstərmişdir ki, alqı-satqı müqaviləsinin ləğv olunması ilə əlaqədar Bakı şəhərində olan mənzili qaytaran zaman Rafiqə pul ödəməmişlər. Bundan əlavə birinci instansiya məhkəməsinin istinad etdiyi ********* saylı cinayət işinin materiallarında olan Salman Bəhmənov, Nümayəndə3 və Cavabdeh2 arasında baş vermiş gizlin yolla əldə edilmiş səs yazısında Cavabdeh2 həmçinin mənzil və bağ evinin rəsmiləşdirilməsi ilə əlaqədar 121 min 800 dollar xərcinin çıxdığını bildirmiş, Nümayəndə3 isə bunun dollarla deyil, manatla ifadə edilməli olduğunu mübahisələndirmişdir. Qeyd olunan cinayət işinin istintaqı zamanı Cavabdeh2 həmin səs yazısına aşağıdakı kimi münasibət bildirmişdir.”... Mən həmin səs yazısına qulaq asandan sonra bildirirəm ki, həqiqətən də həmin səs yazısı da mənə məxsusdur, ancaq mən orada Salmangilə ona görə elə deyirəm ki, onlar məndən əl çəksinlər. Çünkü mən əvvəl Salmangillə danışarkən nə baş vermişdirsə hamısını Salman və Sahilə demişdim, bu barədə onlara əvvəl də danışmışdım, lakin Salman və Sahil məndən əl çəkmirdi. Onların məndən əl çəkmədiyini görüb Sahil və Salmanı yola salmaq üçün onların dediklərini təsdiq edirdim ki, məndən əl çəksinlər. Bundan başqa, həmin gecə çoxlu spirtli içki qəbul etmişdim, bərk başım ağrıyırdı, buna görə də onlardan tez aralaşmaq istəyirdim. Bir daha qeyd edirəm ki, səs yazısında göstərilən dəlillərin heç birisini təsdiq etmirəm. Çünkü həmin vaxt mən çalışırdım ki, Sahilin dediklərini təsdiqləyim, o da məndən narazı getməsin. Bundan başqa onu da qeyd edim ki, səsimin Salman tərəfindən yazılmasından məlumatım olmamışdır. Əgər səsimin yazılmasını bilsəydim, mən Sahilin dediklərini təsdiq etməyə yox, obyektivliyi və işin faktiki hallarını nəzərə çatdırmağa çalışardım...”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində mübahisəli bağ evini məhz İddiaçı2 xahişi ilə almasını göstrəmiş, İddiaçı2 isə nəticə etibarı ilə bunu təsdiq etmişdir. X8 və onun qohumları sonradan bağ evini ondan geri almamışlar və buna real təşəbbüs göstərməmişlər. Cavabdeh2 ifadələrinə və iş materillarına əsasən müəyyən olunur ki, İddiaçı2 həm bağ evini, həm də Yasamal rayonundan mənzili tibbi avadanlıqların alınması ilə və əldə edəcəyi gəlir hesabına sonradan geri alacağı niyyəti ilə satmışdır. İşdən görünür ki, xx.xx.2015-ci il tarixli AN-İN ******* saylı alqı-satqı müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanılmış, tərəflər müqavilənin etibarlılığını təsdiq etmiş, bağ evinin dəyəri notariusun bankda olan depozit hesabına keçirilməklə ödənilmiş, müqavilə bağlanarkən müqavilənin doğuracağı hüquqi nəticələr tərəflərə tam aydın olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqdin etibarsızlığı isə mübahisələndirilən etibarsız əqdlərə aiddir. Belə ki, Mülki Məcəllənin aşağıda qeyd olunan həmin maddələrinə əsasən: 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş 1 illik kəsici müddəti ötürmüşlər. Belə ki, həmin maddəyə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırkı iş üzrə iddiaçılar isə mübahisələndirilən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixində müraciət etmişlər. Buna görə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi isə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərini nəzərə almayaraq, əsassız olaraq mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Mülki Məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblərə aid 384.0.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əqd Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsinə görə etibarlı əqd kimi qəbul olunduğuna görə iddia tələbi Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə də təmin olunmamalıdır. Bundan əlavə Cavabdeh3 qarşı qaldırılmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia həmçinin Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından da təmin edilməməlidir. Belə ki, həmin maddəyə əsasən “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, iddia ərizəsi yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığına aid hissədə təmin olunmalı olmadığından, iddia tələbləri digər hissədə, yəni həmin müqavilələrin etibarsızlığının hüquqi nəticələrinə dair hissədə də təmin olunmamalıdır. Yuxarıda çərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2559/2021 nömrəli qətnaməsi İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ№ 04655841 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2559/2021 nömrəli qətnaməsi iddia tələblərinin təmin edilməsinə dair digər hissədə ləğv edilsin. İddia digər hissədə təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar