Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1174/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) miras qalmış əmlak üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2-121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2-121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, X2 miras qalmış və Qusar rayonu Qayakənd kəndində yerləşən iki mərtəbəli, 4 otaqlı yaşayış evi, JN-0045 saylı KOD 30101018 olan Torpağa Mülkiyyət Hüququna dair şəhadətnaməyə əsasən verilmiş 0,55 ha torpaq sahəsi, JN-117 F saylı KOD 30101018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,09 ha torpaq sahəsi və JN 117 B saylı 101018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,04 ha torpaq sahəsi üzərində Ərizəçi vərəsəlik hüququnun müəyyən edilməsi və qeyd olunan yaşayış evinin və torpaq sahələrinin Ərizəçi adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. (hakim T.Məmmədov) Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2-121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək məhrum X2 miras qalmış əmlak üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,, Qusar rayonun Qayakənd kəndində yerləşən bir mərtəbəli yaşayış evi və torpaq sahəsi X3 istifadəsində olmuşdur. Yaşayış evi 0,009 ha torpaq sahəsində yerləşir, qaynanası X5 22 may 2005-ci il tarixdə vəfat etmiş, müəyyən səbəblərə görə o, qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Özü Qayakənd kəndində yaşamaqla qaynananın ölümündən sonra evə sahiblik etmiş, evin təsərrüfat işlərini aparmış, ev işlərini də görmüşdür, mirası faktiki qəbul etmişdir. Vərəsəlik, şəhadətnaməsi almaq məqsədilə 18 fevral 2005-ci il tarixdə Qusar rayon notariat kontoruna müraciət etmiş, notariat kontoru onun ərizəsini, evin sənədləri olmadığını və vəsiyyətnamədə X3 istifadəsidə olan torpaq sahələrinin düzgün göstərilmədiyini əsas gətirərək qəbul etməmişdir. Halbuki, miras barədə mübahisə yoxdur. X3 birinci dərəcəli vərəsəsi qalmamış, yeganə vərəsə vəsiyyətnamə üzrə ərizəçidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarında vərəsəlik olunan fərdi yaşayış evi üzərində miras qoyan X6 mülkiyyət hüququna malik deyildir. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Araşdırma zamanı müəyən olunmuşdur ki, qətnamədə göstərilən JN-0045 saylı KOD 30101018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X2 miras qalmış 45K planşet nömrədə göstərilən 2361.87 kv.m torpaq sahəsi digər şəxsin mülkiyyətindədir və bu halda məhkəmə qətnaməsinin icrası qeyrimümkündür. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl torpaq sahəsinin cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Göründüyü kimi vərəsəlik olunan həmin torpaq sahəsinə dair mülkiyyət hüququ X6 tərəfindən itirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını, işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN-0045 saylı, KOD 30101018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 mart tarixli, 05/2 nömrəli qərarına əsasən 0,55 ha torpaq sahəsi Qusar rayonu Qayakənd kənd sakini X4 mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan JN-117 F saylı, 30101018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0,09 ha torpaq sahəsi və yenə işdə olan JN 117 B saylı, 30101018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0,04 ha torpaq sahəsi X3 mülkiyyətindədir. Mülki iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 28 aprel 2005-ci il tarixli, 281, 282 və 284 saylı arayışları ilə müəyyən edilir ki, Qusar rayonun Qayakənd kəndində, X4 məxsus torpaq sahələri üzərində həbs, məhkəmə mübahisəsi yoxdur. Yenə işə əlavə edilmiş xx.xx.2003-cü il tarixli vəsiyyətnamədən məlum olur ki, X1 rayonun Qayakənd kəndində yerləşən evini və 0,34 ha torpaq sahəsini gəlini Ərizəçi vəsiyyət etmişdir. İşdə olan AZ-İ 021023 saylı ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X5 22 may 2005-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olan Qusar rayon İKB-nın şəhər inzibati Ərazi Üzrə nümayəndəsinin 07 fevral 2005-ci il tarixli, 40 saylı arayışı ilə müəyyən edilir ki, X3 ölümündən sonra birinci dərəcəli vərəsələr qalmamışdır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2- 121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qaynanası Gözəl Qəribovanın mülkiyyətində Qusar rayonun Qayakənd kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən 0,09 ha və 0,04 ha, eləcə də Dövlət Aktına əsasən 0,55 ha torpaq sahəsi olmuşdur. O, Qusar rayonun Qayakənd kəndində yerləşən evini və 0,34 ha torpaq sahəsini gəlini Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi Gözəl Qəribova öləndən sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və hazırda mübahisələndirilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onlar hamısı sənədlərin kserosurətidir, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki, AR MPM-in 89.3-cü maddəsinin tələblərinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Təsadüfi deyil ki, AR Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli qərarında təqdim edilmiş sənədlərin həqiqiliyinin və mötəbərliliyinin yoxlanılmasının(müxtəlif tarixli sənədlərin surət olmaqla lazımi qaydada təsdiq olunubolmamasını) vacibliyini xüsusilə vurğulamışdır. Məhkəmə kollegiyası bu məsələyə həm də ona görə xüsusi əhəmiyyət verir ki, iş materiallarına əlavə edilmiş dövlət aktı ilə vəsiyyətnamədə göstərilən torpaq sahələrinin həcmi uyğun gəlmir. Digər tərəfdən, apellyator şikayətində həmin torpaq sahəsinin 2361.87 kv.m hissəsinin digər şəxsin mülkiyyətində olmasını bildirir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yenə həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi qanunda hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin əsasları və halları birbaşa nəzərdə tutulmuşdur. Hazırkı halda ərizəçinin ərizəsinin təmin edilməsi üçün bu əsaslardan heç biri mövcud deyildir. Belə ki, ərizəçi əslində Gözəl Qəribovadan miras qalmış əmlak üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsini xahiş etmişdir. Baxmayaraq ki, daha öncə qeyd olunduğu kimi, qanunvericilik məhkəmədə yalnız mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxılmasını nəzərdə tutmuşdur. Digər tərəfdən, işin tədqiq olunan hallarından belə məlum olur ki, ərizəçiyə mirasla bağlı lazım olan bütün sənədlər onda var. Lakin buna baxmayaraq məhkəmə ərizəni qəbul edərək işə baxmış və ərizədə edilən xahişdən kənara çıxaraq ərizəçinin Gözəl Qəribovadan miras qalmış əmlak, o cümlədən üzərində mülkiyyət hüququ qeydə alınmamış yaşayış evi, artıq özgənin mülkiyyətində olan torpaq sahəsi üzərində də vərəsəlik hüququnu müəyyən etməklə bərabər, dövlət reyestrini aparan orqanın üzərinə vəzifə də qoymuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də, qətnamə ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2-121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, o, vəsiyyət üzrə mirasın qəbulu üçün müvafiq notariat kontoruna müraciət edə, notariat orqanın hərəkətlərindən narazı qaldığı təqdirdə isə eyni məzmunlu ərizə ilə inzibati məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, maraqlı şəxsin apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi ərizəçidən tutularaq cavabdehə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2-121/2006 nömrəli, 10 may 2006-cı il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi məhrum X2 miras qalmış əmlak üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ərizəç Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Ərizəçi tutularaq İdarəyə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1174/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1174/2022
19.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver