Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1175/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)-422/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt Su Kanal İdarəsi tərəfindən Sumqayıt şəhəri, 2-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı Yataqxananın 36 saylı evinin 5/6 otaqlı mənzilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixə hesablanmış 929 manat 99 qəpik manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı yataqxananın 36 saylı evinin 5/6 saylı mənzili iddiaçının istifadəsindədir. İddiaçı həmin ünvanda qeydiyyatdadır. Həmin mənzil Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə aralarında bağlanmış dövlət mənzil fonduna aid mənzilin kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmişdir. İddiaçı ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayır. Onun yaşadığı mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixə 929 manat 99 qəpik borc hesablanmış, qısa müddət ərzində ödənilmədiyi təqdirdə xidmətdən yararalanmağa qadağa qoyulacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 21-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı Yataqxananın 36 saylı evinin 5 və 6 otaqlı mənzilində 2007-ci il tarixdən yaşamış, bütün kommunal xərcləri vaxtlıvaxtında ödəmişlər. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə cavabdehin Sumqayıt şəhər şöbəsinin işçisi Behbud Hümbətova hər ay mütəmadi olaraq, həmin yataqxanada mənzil başına 5 manatdan ödənişlər etmişlər. Bu hal 2022-ci ilin avqust ayınadək davam etmiş, lakin 13 avqust 2022-ci il tarixdə təqdim edilən hesab fakturada sonuncu ödənilmiş 5 manatın tarixi xx.xx.2018-ci il tarixdə olduğu qeyd edilməklə, əvvəlki dövrlər üçün hesablanmış qalıq borcun isə 929 manat 99 qəpik hesablandığı qeyd edilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)-422/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına hesablanmış 385 (üç yüz səksən beş) manat 89 (səksən doqquz) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının yaşadığı mənzildə su sayğacı quraşdırılmamışdır. İddiaçının istifadə etdiyi suyun qiyməti normativ qaydada, 3 nəfərlik ailə tərkibinə əsasən aparılmışdır. İddiaçı həmin mənzildə tək yaşadığını bildirsə də bu barədə cavabdehə məlumat verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı sudan istifadəyə görə cavabdehin əməkdaşlarına pul ödədiyini bildirsə də həmin halı da məhkəmədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız sayır. İddiaçının silinməsini xahiş etdiyi borcun 385,89 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Yerdə qalan məbləğ isə iddiaçının son beş il ərzində yaranmış borcu olduğu üçün iddia həmin borcun silinməsi hissəsində təmin edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 551.2.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh ASC tərəfidən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)-422/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci il üzrə 13 manat, 2018-ci il üzrə 5 manat ödəniş etmişdir. Qeyd olunan faktlar məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumnun xx.xx.2023-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməsi qeyd olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iş üzrə 551.2.1ci maddəsi tətbiq edilmişdir. İddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya məxsus ünvanda xx.xx.2013-cü ildən kod açılaraq sudan istifadə olunmağa başlanılmışdır. Ünvanda sayğac olmadığından normativ qaydada 3 nəfərlik ailə tərkibinə uyğun hesabat aparılmışdır. İddiaçı borclarını demək olar ki, ödəmədiyindən iddia qaldırılan müddətə sözügedən borc yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddiaçının borcunu əsassız olaraq silmişdir. İddiaçının borcu su təchizatından və kanalizasiyadan istifadəyə görə yaranmış borcdur. Bundan əlavə qeyd edir ki, iddiaçı tərəfindən az-az olsa da ödənişlər olmuş, bununla da iddia müddətinin axımı dayanmışdır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)-422/2023 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı da qətnamədən apellyasiya şikayəti vermişdir, amma indi məlum olub ki, şikayət geri qaytarılıb. Cari vəziyyətdə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.2.1. Su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir. 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir. 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir . 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
14. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 5 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,70 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,30 qəpik müəyyən edilmişdir.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)- 422/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 385 (üç yüz səksən beş) manat 89 (səksən doqquz) qəpik məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
21. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 iddiaçıya kirayə verilmişdir.
22. 1 saylı Mənzil-Kommunal Sahəsinin 700 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yaşayır və tək qeydiyyatdadır.
23. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartında iddiaçının 2022-ci il də daxil olmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2013-cü il tarixli, 30957368 saylı müqavilə bağlandığı qeyd edilmişdir.
24. Cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir
25. İddiaçının yaşadığı mənzildə su sayğacı quraşdırılmamışdır. İddiaçının istifadə etdiyi suyun qiyməti normativ qaydada, 3 nəfərlik ailə tərkibinə əsasən aparılmışdır. İddiaçı həmin mənzildə tək yaşadığını bildirsə də bu barədə cavabdehə məlumat verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı sudan istifadəyə görə cavabdehin əməkdaşlarına pul ödədiyini bildirsə də həmin halı da məhkəmədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız sayır. İddiaçının silinməsini xahiş etdiyi borcun 385,89 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Yerdə qalan məbləğ isə iddiaçının son beş il ərzində yaranmış borcu olduğu üçün iddia həmin borcun silinməsi hissəsində təmin edilə bilməz.
26. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550 və 551.2.1-ci maddələrinə istinad etməklə iddianı qismən təmin etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmır.
28. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına» dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi).
29. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə verilməmişdir. Ona görə də məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır.
30. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı onun mənzilinə su təchizatı və kanalizasiya xidmətlərindən isifadəyə görə hesablanmış 929 manat 99 qəpik məbləğində borcun silinməsini xahiş etmişdir və iddiasını onunla əsaslandırmışdır ki, həmin borc üç nəfərə münasibətdə hesablanmışdır. Halbuki o, həmin mənzildə tək yaşayır. Cavabdehin nümayəndəsi də həmin borcun 3 nəfərə münasibətdə hesablandığını bildirdi. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçıya hesablanmış borc məbləği 3 nəfərə münasibətdə hesablanıb, halbuki iddiaçı həmin mənzildə tək yaşayır. Bu, iş materiallarında olan arayışla da müəyyən olunur. Belə olan halda bir nəfərə borc 310 manat məbləğində müəyyən olunmalı, qalan məbləğ isə silinməli idi. Lakin iddiaçının apellyasiya şikayəti olmadığından və həmin məbləğdə borcun silinməsi apellyantın mənafeyinə zidd olduğundan məhkəmə kollegiyası hesab edir ki, silinməli borc məbləği 385 manat müəyyən edilməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)- 422/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 385 (üç yüz səksən beş) manat 89 (səksən doqquz) qəpik məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(060)-422/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına hesablanmış 385 (üç yüz səksən beş) manat 89 (səksən doqquz) qəpik məbləğində borcun silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.