Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1176/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina barədə həmin Məhkəmənin 29 may 2024-cü il tarixli, 2(060)-372/2024 nömrəli qərardadından maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X5 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin ona (yəni Ərizəçi) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Sumqayıt şəhər X5 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il qətnaməsinin surəti 06 fevral 2024-cü il tarixdə maraqlı tərəfin elektron kabinetinə yerləşdirilmişdir. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 16 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və eyni zamanda, apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində yaranmış nasazlıq səbəbindən müvafiq qətnamənin həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmamış, bununla əlaqədar apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəbdən ötürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməyərək apellyasiya şikayətinin verilmə müddətinin bərpasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qərardaddan maraqlı tərəf “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi şikayət verərək həmin qərardadın ləğv edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə qərardad çıxarılmasını, habelə həmin qətnamədən İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-372/2024 saylı qərardadı ilə maraqlı tərəfin şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina barədə maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(060)-372/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən 55 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən ərizəyə baxılmasının nəticəsinə dair Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli imtina cavabında bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin (yəni ərizəçinin) ata adında uyğunsuzluq olduğu (orderdə ata adı “Kərəm” kimi göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənədə əsasən atasının adının “Qaraş” olduğu) müəyyən olunmuşdur. Ərizəçiyə izah edilmişdir ki, həmin uyğunsuzluq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Ərizəçi imtina cavabında verilmiş izaha uyğun hərəkət edərək mübahisələndirilən sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsi ilə Sumqayıt şəhər X5 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Qeyd etmək lazım gəlir ki, məhkəmə həmin qətnaməsi ilə ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müvafiq inzibati orqanın (maraqlı tərəfin) üzərinə hər hansı öhdəlik (tapşırıq, vəzifə) qoymamış, yalnız mübahisələndirilən sənədin ərizəçiyə məxsus olması faktını müəyyən etmişdir. Bu cür qətnamələr bir qayda olaraq icraya yönəldilmir və yanlışlığa yol verilmiş sənəddə düzəliş və ya dəyişiklik edilməsinə də əsas vermir. Yanlışlığa yol verilmiş sənədin təqdim olunduğu orqanın (vəzifəli şəxsin) müvafiq məhkəmə qətnaməsindən irəli gələn vəzifəsi isə həmin sənədin qətnamədə göstərilmiş şəxsə məxsus olması halını sözsüz qəbul etməkdən ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(060)-372/2024 saylı qətnaməsi ilə razılaşmayan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəni təmin etməyərək apellyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, prosessual müddət üzürlü olmayan səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 227.3 və 227.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. MPM-in 135.5 və 135.6-cı maddələrinə müvafiq olaraq, mülki işlər üzrə məhkəmə sənədləri işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə bu formada göndərildikdə həmin sənədlər rəsmi qaydada verilmiş hesab edilir. İşdən göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi maraqlı tərəfin elektron kabinetinə 06 fevral 2024-cü il tarixdə yerləşdirilmiş (yəni ona rəsmi qaydada verilmiş), bununla onun həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətinin axımı başlamış və bu müddət 07 mart 2024-cü il tarixədək davam etmişdir. Maraqlı tərəf isə apellyasiya şikayətini 16 may 2024-cü il tarixdə vermişdir. Göründüyü kimi, maraqlı tərəfin apellyasiya şikayəti vermə müddətinin 06 fevral 2024-cü il tarixdən başlayıb 07 mart 2024-cü il tarixdə bitməsinə baxmayaraq, o, məhkəmə aktından 16 may 2024-cü il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti xeyli (2 ay 10 gün) ötürmüşdür. MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzlilik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Konkret halda maraqlı tərəf prosessual müddəti ötürməsinin səbəbi kimi elektron məhkəmə sistemində nasazlıq yaranması səbəbindən həmin sistem vasitəsilə müvafiq qətnamənin əldə edilməməsini (təqdim olunmamasını) göstərirsə, onda 2024-cü ilin 06 fevral tarixindən 24 aprel tarixinədək elektron məhkəmə sistemində həqiqətən də nasazlığın mövcud olmasını və bu səbəbdən həmin sistemdən istifadənin (yəni elektron məhkəmə sisteminə və ya bu sistem vasitəsilə müvafiq elektron kabinetə daxil olmağın) mümkün olmamasını təsdiqləyən sübutlar təqdim etməlidir. Əks təqdirdə maraqlı tərəfin arqumenti əsaslı sayıla bilməz. Qanunun mənasından göründüyü kimi, qanunla müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə sübutlar təqdim edilərsə və əgər məhkəmə müddətin buraxılması səbəblərini üzürlü hesab edərsə, prosessual müddəti bərpa edə bilər. Maraqlı tərəf elektron məhkəmə sistemində yaranmış nasazlıq səbəbindən müvafiq qətnamənin elektron məhkəmə sistemi vasitəsilə əldə edilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, maraqlı tərəf apellyasiya şikayətinin verilməsi müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, apellyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadından maraqlı tərəfin verdiyi şikayətin dəlilləri əsassızdır və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün əsaslar müəyyən olunmamışdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin prosessual müddətin bərpasından imtina barədə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-133, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə 29 may 2024-cü il tarixli, 2(060)- 372/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1176/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1176/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver