Məhkəmə qərarları › İş №2(105)-1176/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1176/2025

22.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1176/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-356/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 sentyabr 2023-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edir” qeyd edilmişdir.

2. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01 aprel 2024-cü il tarixli ******* saylı akta əsasən “abonenitin mənzilinə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifdə etdiyi aşkar olunda” qeyd edilmişdir.

3. Abonent saldosundan göründüyü kimi, **********04170 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 5948 (beş min doqquz yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X8 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 21 sentyabr 2023-cü il tarixli təlabnamənin ləğv edilməsi, həmin tələbnamə əsasında yazılmış 3551,04 manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 01 aprel 2024-cü il tarixli təlabnamənin ləğv edilməsi, həmin tələbnamə əsasında yazılmış 2397,60 manat borcun silinməsi, ümumilikdə 5948,64 manat məbləğində borcun onun **********04170 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Cavabdeh Xaçmaz X9 İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixində yaşadığları Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda “Abonent sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edir” qeydi yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında 21 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə (Qərar) qəbul edilmiş və 29592 kub metr qazdan qanunsuz istifadəyə görə abonent kodu üzərinə əsassız olaraq, 3551,04 manat məbləğində borc hesablanmışdır. Daha sonra 01 aprel 2024-cü il tarixində, təkrarən Cavabdeh Xaçmaz RQİİ-nin ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda “abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu” qeydi yazılmışdır. Aktda onun aktı imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin onun, həmin aktın mövcudluğundan xəbəri olmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı akt əsasında 01 aprel 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə (Qərar) qəbul edilmiş və 19980 kub metr qazdan qanunsuz istifadəyə görə abonent kodu üzərinə 2397,60 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qararlarla və hesablanmış zərər məbləğləri ilə razılaşmır. Onun və ailə üzvlərinin ümumiyyətlə kənar xəttin mövcudluğundan xəbəri olmamışdır, həmin kənar xətti o, çəkdirməmiş, bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və aşkar edilmiş kənar xətt çöldədir. Belə olduqda istənilən halda kənar şəxs belə oraya müdaxilə edə və kənar xətt çəkə bilər. O, bütün günü sayğacın və oradakı xəttlərin keşiyini çəkə bilmir. Kənar xətti kimin çəkdirməsinə dair heç bir məlumatı yoxdur. Çöldə quraşdırılmış onun təqsiri olmadan çəkilmiş kənar xəttə və ya sayğacda baş vermiş hər hansı bir hala görə o, məsuliyyət daşımır. O, sadəcə istehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərini edərək təbii qazdan istifadə edir. Həmçinin hər ay qaz idarəsinin işçiləri sayğaca və ətrafa baxış keçirir. Keçən müddət ərzində kənar xətt halını onlar müşahidə etməli idi. İddia ərizəsinə əlavə etdiyi abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 21 sentyabr 2023-cü il tarixində və 01 aprel 2024-cü il tarixində aktda sərfıyyatlar 29592 kub metr və 19980 kub metr, sərfıyyata görə hesablanmış məbləğlər 3551,04 manat və 2397,60 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdiyləri illik sərfıyyat məbləği arasında dəfələrlə fərq vardır. Göründüyü kimi əgər ziyan dəyibsə də, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti, ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadədə olan qaz qurğularının xüsusiyyətləri nəzərə alınmamışdır. Hazırda əsassız hesablanmış borcun silinməsini tələb edir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, iddiaçı Quba rayonu Qəçrəş kəndində fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə etmişdir. İddiaçı iddia tələbi əsassız sayılmalı və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

8. 01 aprel 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04170 saylı abonent kodu üzrə 19980 m3 həcmində qaz itkisi hesablanmışdır.

9. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli , ******* saylı və 01 aprel 2024-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir, iddiaçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır.

10. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-356/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilmiş, itirilmiş qazın bərpası üçün hesablanmış 4461,48 (dörd min dörd yüz altmış bir manat, qırx səkkiz qəpik) manat məbləğ pulun **********04170 kodlu abonent hesabından silinməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23, 1096.1, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6, 11, 13-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 88, 216-220-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentin qaz xətlərinə və qaz sayğacına 21 sentyabr 2023-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Quba xidmət sahəsinin işçiləri tərtəfindən qanunsuz çəkilmiş qaz xətti ləğv edilmiş abonentin koduna itirilmiş qazın bərpası üçün 3551,04 manat məbləğində ziyan hesablanmışdır. Abonent İddiaçı qaz xətlərinə və qaz sayğacına 01 aprel 2024-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən yenidən baxış keçirilmişdir. Baxış zamanı yenə də İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qanunsuz çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi hallarının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Quba xidmət sahəsinin işçiləri tərtəfindən qanunsuz çəkilmiş qaz xətti ləğv edilmiş abonentin koduna itirilmiş qazın bərpası üçün 2397,60 manat məbləğində ziyan hesablanmışdır. İddia ərizəsində İddiaçı sayğacdan kənar qanunsuz çəkilmiş qaz xəttinin olmasını etiraf edir, lakin həmin xəttin kim tərəfindən çəkilməsindən xəbərinin olmadığını bildirir. Hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Abonent məhkəmə iclasında qanunsuz çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi halını etiraf etmişdir. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

19. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

20. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

21. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

31. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;

32. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

33. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacdan kənar təbii qazdan qeyriqanuni istifdə etdiyi aşkar olunda” qeyd edilmişdir.

34. Cavabdeh istehlakçının qaz sayğacına müdaxilə etməsinin, habelə qaz xəttinə qanunsuz qoşulmasının müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

36. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

37. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

38. Kollegiya qeyd edir ki, vurulmuş ziyanın cavabdeh tərəfindən abonentin qaz sayğacının nominal qaz sərfinə uyğun, 360 gün üzrə 12 saatlıq qaz sərfiyyatına uyğun hesablanması ağlabatan deyil. Həmin hesabatın 3 ay müddət üçün və istifadə olunan qaz cihazının qaz sərfinə uyğun aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir.

39. Digər tərəfdən, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486 VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir;

40. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”

41. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

42. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Kollegiya sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-356/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-356/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar