Məhkəmə qərarları › İş №2(105)-1179/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1179/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1179/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-978/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 320xx-xx-2022 nömrəli müqavilə bağlanmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent İddiaçı istehlakçı müqaviləsi üzrə sayğaca baxış keçirilərkən təbii qazdan istifadə qaydalarının pozulması aşkar olunmuş və abonentin mənzilinə baxış keçirərkən qaz sayğacının üzərinə yad cisim (maqnit) qoyulması nəticəsində sayğacın iş pirinsipinə maneə törədildiyi aşkarlanması qeyd olunmuşdur.

3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli təlabnaməyə əsasən İddiaçı adına olan **********03990 saylı abonent kodu üzrə 6480 m3 həcmində qaz itkisi hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair 29 noyabr 2023cü il tarixli tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Barlı kəndində yerləşən ona məxsus yaşayış evində təmir işlərinin aparılması ilə əlaqədar müvəqqəti olaraq həmin evdə yaşamır. Qaz paylayıcısı olan Cavabdeh ilə bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Qeyd etdiyi ünvanda yerləşən yaşayış evində təmir işləri aparan ustalar qazdan istifadə etmişlər. İstifadə olunmuş qaz sərfiyyatına görə qaz borcunu ödəmişdir. Cavabdeh əməkdaşları 28 noyabr 2023-cü il tarixdə yaşayış evinə quraşdırılmış qaz sayğacının üzərində yad cisim (maqnit) qoyulması barədə ******* nömrəli akt tərtib etmişlər. Həmin vaxt akt iştirakı olmadan tərtib olunmuş, sayğaca baxış keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Akta imza etməkdən guya imtina etməyi həqiqətə uyğun deyildir, çünki akt tərtib olunan vaxtı orada olmamışdır. Bundan sonra Cavabdeh əməkdaşları tərəfindən yaşayış evinə quraşdırılmış sayğacın üzərində maqnit olması barədə 2023-cü il tarixli tələbnamə tərtib olunaraq 777,60 manat məbləğində dəymiş ziyan (borc) hesablanmış və abonent saldosunda hesabında 777,60 manat ödəməli ziyan (borc) məbləği olması göstərilmişdir. O, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəmiş, debitor borcu yoxdur. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 777,60 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. Həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Belə ki, qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Bundan əlavə qeyd edir ki, sayğac mexaniki olmaqla küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qaz sayğacının üzərində hər hansı yad cisim qoyulmamışdır. Qaz sayğacının qorunmasına onlar məsuliyyət daşımalı deyili. Sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borc abonent hesabından silinməlidir.

6. Cavabdeh İB-nin nümayəndəsi X1 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına xx.xx.2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacın üzərinə yad cisim olan maqnit qoyulduğu və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 6480 m3 və ya 777,60 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin sayğacın üzərinə maqnit qoyması və sayğacdan keçən qazın qeydiyyata alınmaması görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı abonent saldosundan da onun təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən olunur. Belə ki, sentyabr, oktyabr aylarında hava şəraitinin kifayət qədər soyuq olmasına baxmayaraq onun qaz işlədici cihazlarında cəmi 32 m3, 81 m3 təbii qazın istehlak olunduğu abonent saldosunda əks olunmuşdur. Halbuki, abonent 2023-cü ilin təkcə fevral ayında 2629 m3 təbii qaz istehlak etmişdir. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. İddiaçı evində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Göstərilənlər nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-978/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilərək, Cavabdeh 29 noyabr 2023-cü il tarixli **********03990 aylı abonent kodu ilə bağlı tələbnamənin 388.5 manat zərərin hesablanması hissəsində ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış zərərin 388 (üç yüz səksən səkkiz) manat 80 (səksən) qəpik hissəsinin **********03990 kodlu abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar müdaxilə etməklə təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır. Məlum olmuşdur ki İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. İstehlakçının qazın talanmasında təqsirli olması müəyyən edildiyindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməkdə haqlı olmuşdur. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 777.60 manat hesablanması ilə bağlı məhkəmə qeyd etmişdir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır.

9. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır.

10. Beləliklə, zərər ilin mövsümünün 6 aylıq dövrü nəzərə alınmaqla, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi nəzərə alınmaqla zərər hesablanmaqla 6 aylıq dövr üçün 388.50 manat zərər müəyyən olunmalı və İddiaçı tutulmalıdır. 388 (üç yüz səksən səkkiz) manat 80 (səksən) qəpik zərər **********03990 saylı abonent hesabından silinməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba XS-nin satış xidmətinin işçiləri xx.xx.2023-cü il tarixdə həmin ünvana gələrək İddiaçı qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Belə ki, abonentin sayğacdan keçən qazın qeydiyyata alınmasını əngəlləmək üçün mexaniki qaz sayğacının üzərinə maqnit qoyaraq təbii qazdan qanunsuz istifadə etdiyini müəyyən etmişlər. Bu hal videoçəkilişlə müşayət olunmuşdur. Məhkəmədə abonentin təbii qazdan qanunsuz yolla istifadə etməsi halı tam sübuta yetirilmişdir. Lakin məhkəmə itirilmiş qazın bərpası üçün hesablanan ziyan məbləğinin çox hesablandığı qənaətinə gələrək iddia tələbini qismən təmin etmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı təbii qazdan qanunsuz yolla istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, G-4 qaz sayğacının maksimal qaz sərfi 6 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6 (m3 /saat) x 12 (saat) x 90 (gün) =6480 m3. 6480 m3 təbii qaz hər kubmetr üçün 0,12 qəpikdən 777,60 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğidir. Qətnamədə “Qaydalar”ın 6.5-1.2, 6.5-1.3-cü bəndləri səhv tətbiq edilərək hesablamanı abonentin qazdan qanunsuz istifadə edildiyi dövrdə 12 ay üçün hesablandığını zənn edərək, guya aparılmış hesablamaya görə 6 ayın ziyanını iddiaçının abonent kodundan silinməsi qət edilmişdir. Halbuki, Cavabdeh İB-nin işçiləri tələbnamədə abonentin təbii qazdan qanunsuz istifadə etdiyi dövrün yalnız 90 günü, yəni 3 ayı üçün itirilmiş qazın bərpası ziyanı hesablamışlar. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3cü bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Məhkəmə cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə iddiaçı tərəfindən qanunsuz istifadə olunan təbii qazın ziyanının hesablanmasında “Qaydalar”ın 6.5-1.3-cü bəndinə uyğun olaraq əhali abonenti üçün iş rejimini 12 saat tətbiq edilməsini, 12 ay kimi başa düşmüş, guya iddia məbləğini 6 ay üçün azaldaraq yarısını təmin etmişdir. Halbuki, tələbnamədə qazdan qanunsuz istifadə müddətinin cəmi 3 ayı üçün hesablama aparılmışdır. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qazdan istifadə Qaydaları”nın 6.5-1.3-cü bəndinə tam müvafiq (istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası) abonent üçün itirilmiş qazın bərpası ziyanı hesablanmışdır. Məhkəmə tələbnamədəki 12 saatlıq iş rejimini 12 ay kimi başa düşərək səhv qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

17. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

18. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:

19. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

20. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir.

21. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

22. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

23. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

24. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.

25. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.

26. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

27. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

28. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

29. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

30. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

31. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

33. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

34. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

41. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

42. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

43. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

44. Kollegiya qeyd edir ki, vurulmuş ziyanın cavabdeh tərəfindən 90 gün müddətinə hesablanması ağlabatan deyil. Həmin hesabatın 30 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir.

45. İşdən görünür ki, iddiaçının istifadə etdiyi təbii qazın sərfiyyatını qeydə almaq üçün cavabdeh tərəfindən həmin ünvana mexaniki tipli sayğac quraşdırılmışdır və həmin sayğaca hər ay baxış keçirilmiş və sərfiyyat qeydə alınmışdır. Cavabdeh tərəfindən aşkar olunmuş hal isə abonentin sayğacdan keçən qazın qeydiyyata alınmasını əngəlləmək üçün mexaniki qaz sayğacının üzərinə maqnit qoyulmasıdır.

46. Belə olan halda iddiaçı tərəfindən vurulmuş ziyanın 30 gün müddətinə hesablanmaqla (6m3 x 12 x 30 gün=2160 m3 x 12 qəpik=259,20 manat), təbii qazdan istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (259,20 manat) borcun tələb edilməsi əsaslıdır. Cavabdehin hesabladığı borcun qalan 518,4 manat hissəsi isə birinci instansiya məhkəməsi tərəfindən silinməsi müəyyən olunmuş 388,80 manat əsassız borc məbləğindən çoxdur.

47. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh şikayət verdiyindən, qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və məhkəmə işə şikayətin dəlilləri həddində baxdığından, məhkəmə kollegiyasi şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-978/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar