Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1180/2024 18.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2212/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent kodu **********00575 olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1757D ünvanına dair əsassız olaraq hesablanmış 1036 manat 80 qəpik hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1757D ünvanına dair əsassız olaraq 1036 manat 80 qəpik borcun tələb edilməsi ilə bağlıdır. Bildirmək istəyir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsi iki hissəyə bölünərək o və onun qaynına məxsus iki ədəd fərdi ev tikilmişdir. Cavabdeh tərəfindən hər bir evə ayrılıqda onun adına rəsmiləşdirilən iki ədəd sayğac quraşdırılmışdır. Hər bir sayğaca ayrılıqda 518 manat 40 qəpik borc hesablanmışdır. Buna baxmayaraq borc sistemdə toplanaraq abonent kodu **********00575 olan sayğaca, ümumillikdə 1036 manat 80 qəpik yazılmışdır. Belə ki, cavabdeh iddia edir ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasında əzik-cızıq izləri vardır. Sayğacın istismara yararsız olduğu bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən bu qədər qazdan istifadə edilməsi tamamilə cəfəngiyyatdır. Cavabdeh təşkilat tərəfindən sayğac dəyişdirilmiş və bir müddətdən sonra bu qədər borcun hesablandığı bildirilmişdir. Sayğac evdən kənarda quraşdırılmışdır. Həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda sayğacın görünən hissəsinə müdaxilə edilməsi mümkün deyildir.Onun iştirakı təmin edilmədən sayğaca laboratoriyada baxış keçirilmiş və yuxarıda qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilmişdir ki, sayğaca müdaxilə edilmişdir.Sayğaca məhz onlar tərəfindən müdaxilə edilməsi sübut olunmur.Yuxarıda qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır. Qaz sayğacı onun həyətində quraşdırılsa idi, məsuliyyət ona aid olardı. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, özbaşına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablanmışdır. Qeyd etmək istəyir ki, aylıq ödənişlər daim onun tərəfindən vaxtında ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2212/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi 1757D ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30 avqust 2023-cü il tarixli akta əsasən hesablanmış 518.4 manat, əsassız hesablanmış 296.64 manat, ümumiliktə 815.04 (səkkiz yüz on beş manat dörd qəpik) manat borcun abonentin hesabından (abonent kodu **********00575) silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2212/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayəti verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdehnə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları Sumqayıt şəhəri, Novxanı bağ massivi 1757D ünvanında məxsus sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik, cızıq izləri var. Bu səbəbdən sayğac istismara yararsız hesab olunmuşdur. Bununla bağlı xx.xx.2023-cü i l tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00575 nömrəli abonent koduna 4320 m – 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı məxsus sayğac istismara yararsız hesab edildiyindən, yeni sayğacla əvəz olunmuşdur. Bu zaman köhnə sayğacın üzərində dəyəri ödənilməmiş 2472m3x0,12qəp=296,64 manat qaz həcminin qaldığı məlum olmuşdur.Bu qaz abonent tərəfindən istifadə olunmuşdur, lakin dəyəri ödənilməmişdir. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 296,64 ( iki yüz doxsan altı manat altmış dörd qəpik) manat istifadə olunmuş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi əsassız hesablanmış borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli və 30 avqust 2023-cü il tarixli akta əsasən 518.4 manat borcun abonentin hesabından silinməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30 avqust 2023-cü il tarixli aktın surətindən görünür ki, metrologiya deparmentinin rəyinə görə G-4 markalı sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafına əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması kimi nöqsanlar aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosuna əsasən müəyyən edilir ki, 2023-cü il üçün qalıq və aktlar əsasında 518,40 və 296.64 manat borc məbləği hesablanmışdır. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə onunla əsaslandırmışdır ki, həmin sayğacın istismara yararsız olmasının məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində olduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında Cavabdeh nümayəndəsi tərəfindən zəruri sübutlar məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30 avqust 2023-cü il tarixli borcun silinməsi barədə iddia tələbi mübahisələndirilən hissədə akt əsasında və əsassız hesablanmış borc hissəsində qismən təmin edilərək Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30 avqust 2023-cü il tarixli akta əsasən hesablanmış 518.40 manat borc və əsassız hesablanmış 296.64 manat abonentin hesabından (abonent kodu **********00575) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni tam qanuni hesab etmir. Cavabdeh apellyasiya şikayətində abonentin hesabından silinməli olan 518,40 manat və 296,64 manat məbləğində borcları mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq hesablanmış 518,40 manat borcun silinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər şəxslər tərəfindən imzalanmamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.5-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Məhkəmə kollegiyası abonentin hesabından 296,64 manat borcun silinməsinə dair apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi həmin məbləğin silinməsinə dair düzgün hüquqi nəticəyə gəlməmişdir.Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, 296,64 manat İddiaçı əvvəlki sayğacdan qalmış qaz həcminə görə yaranmış debitor borcudur (i/v 30). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qazdan istifadə Qaydaları”nın (12 may 2011-ci il tarixli 80 №li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş) 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 2-ci bəndinə əsasən qaz paylayıcısının istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən müəyyən edilir ki, hazırda iddiaçının təbii qazdan istifadəyə görə 296,64 manat ödənilməmiş borcu vardır və şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ istifadə edilmiş qazın dəyəri olmaqla istehlakçı kimi İddiaçı tərəfindən tam ödənilməli olduğundan, debitor borcun silinməsi tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi əsassız hesablanmış borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli və 30 avqust 2023-cü il tarixli akta əsasən 518.4 manat borcun abonentin hesabından silinməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2212/2024 nömrəli qətnaməsi əsassız hesablanmış 296.64 manat borcun abonentin hesabından (abonent kodu **********00575) silinməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi 1757D ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30 avqust 2023-cü il tarixli akta əsasən hesablanmış 518.4 manat borcun abonentin hesabından (abonent kodu **********00575) silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1180/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1180/2024
18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver