Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1185/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-305/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsinin surətindən görünür ki, X1 yerləşən 93,5 kvadrat metr ümumi sahəsi olan evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda oğlu- Cavabdeh3 bağışlamışdır.
2. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaradağlı kəndində istifadəsində olan 0.41 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 36.7 kvm.yaşayış, 56.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır.
3. X4 ərizəsindən müəyyən olunur ki, X10 əri X12 məxsus Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi üzərində yerləşən evin istənilən şəxsə bağışlamasına etiraz etmir.
4. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2108/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən edilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası, bağışlayan X15 ilə qardaşı, bağışlanan Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış, Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən, onun qeydiyyatda olduğu və yaşadığı evin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının X23 Ərazi Dairəsi üzrə nümayəndəliyi Fərman Babayev və Cavabdeh3 barəsində xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxx 1970-ci ildə Xaçmaz rayonu Qaradağlı kəndində anadan olmuşdur. X5, anası X11r. Doğulduğu və yaşadığı ev AR Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin verdiyi qeydiyyat tarixi xx.xx.2006, qeydiyyat nömrəsi 280600141, seriya MH N ******* Çıxarışla -atası X8 adına olmuşdur. Atası və anası onun xəbəri və razılığı olmadan Qaradağlı kəndində 0,41 ha torpaq sahəsində yerləşən 93,5 kvadrat metr ümumi sahəsi olan həmin evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda qardaşı, Cavabdeh3 bağışlamışlar. Anası xx.xx.2020-ci il tarixdə, atası xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Bundan sonra qardaşı onun evdə yasamağına maneələr yaratmağa başlamışdır. Bildirmişdir ki, ev onun mülkiyyətindədir, istəsə onu evdən çıxardar. O, məsələnin araşdırılması və hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağışlamışdır. Vəkili Xaçmaz rayon 1 saylı notariat kontoruna sorğu vermiş, bağışlama ilə bağlı notariat işini əldə etdikdən sonra ona məlum olmuşdur ki, atası yəni bağışlayan mərhum X15 qardaşı, bağışlanan Cavabdeh3 və cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru xx.xx.2018-ci il tarixdə saxta akt tərtib edərək imzalamışlar ki, guya notarius “e-Notaiat” sisteminə müraciət etmişdir ki, yaşayış evində qeydiyyatda olanlar barədə məlumat alsın, göstərilən parametlərə uyğun axtarış zamanı evdə qeydiyyatda heç bir şəxs aşkar edilmədi. Eyni zamanda digər cavabdeh Hülövlü kənd icra nümayəndəsi Fərman Babayev xx.xx.2018-ci il tarixdə X5na Xaçmaz rayon 1 saylı Notariat kontoruna təqdim etmək üçün saxta arayış vermişdir ki, guya həmin evdə qardaşı Cavabdeh3 başqa digər adam qeydiyyatda yoxdur. Nəticədə cavabdehlər onun mənzildən istifadə hüququnu, gələcəkdə miras əmlakdan pay hüququnu pozmuşlar. Cavabdeh Xaçmaz rayon 1 nömrəli Notariat kontoru bu hərəkəti ilə “Azərbaycan Respublikasında Notariat X6 haqqında Təlimatın 49-cu maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Təlimatın 9-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvada qeydiyyata olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-305/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vüsalə Qasımova)
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. 339, 354.1, 354.2, 421.1, 421.3, 422, 425.1, 427.1, 152, 157-ci, Mülki Prosessual Məcəllənin 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-305/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, cavabdehlərin əməllərində vəzifə saxtakarlıqları olduğuna görə xüsusi qərardad çıxararaq Xaçmaz Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
10. Məhkəmə iddiaçı tərəfindən göstərilən əsasları nəzərə almamış, özünün xx.xx.2023-cü il tarixli 2(067)-305/2023 saylı qətnaməsi ilə iddianı əsassız olaraq təmin etməmişdir. Hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-386, 388, 390-cı maddələrində nəzərdə tutulma nöqsanlara yol vermişdir.
11. Belə ki, məhkəmə qətnamədə işin mahiyyətinə aid olmayan maddi və prosessual hüquq normalarını sadalamış, lakin iddianın təmini üçün əsas olan və iddiaçı tərəfindən göstərilən AR.MM-nin 337.1, 337.2 və 355-ci maddələrinə toxunmamışdır. Hansı ki, tərəflər arasında yaşayış evinin bağışlaması zamanı həmin maddi normaların tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə cavabdeh Xaçmaz rayonu 1 saylı notatiat ofisinin xüsusi notarusu Firdovsi Məmmədovun, “Azərbaycan Respublikasında Notariat X6laı” haqqında Təlimatın 49-cu maddəsinin tələbiuni kobud surətdə pozmasına münasibət bildirməmişdir. Məhkəmə qətnamədə iddianın təmin edilməməsi səbəbindən biri kimi AR.MPM-nin 14.2, 77.1 və 78.1ci maddələrinin tələblərinin iddiaçı tətəfindən yerinə yetirilmədiyini göstərərək qeyd edir ki, guya iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən bağışlama müqaviləsinə aid olan və Xaçmaz rayon 1 saylı notariat ofisində saxlanan notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində cavabdehlərin saxtakarlıqlarını təsdiq edən yazılı sübutların heç birinə məhkəmə münasibət bildirməmiş, sübutları niyə qəbul etmədiyini əsaslandırmamışdır. Hansı ki, Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəmənin 24.Xİ.2005-ci il tarixli 4 saylı qərarının 6.3-cü bəndində bu məsələ məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
12. Beləliklə hesab edir ki, məhkəmə iddia tələbini təmin etməmək barədə qətnamə çıxararkən AR MM-nin 337.1, 337.2, 355-ci maddələrinin tələbini pozmuş, AR MPM-nin 385ci maddəsinin tələbini pozmaqla həmin maddi normaları tətbiq etməmiş, cavabdehlər tərəfindən törədilmiş saxtakarlıqlara göz yumaraq bu barədə xüsusi qərardad çıxararaq prokurora göndərməmişdir.
13. Cavabdeh Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının X23 Ərazi Dairəsi üzrə nümayəndəsi Fərman Babayev müqavilə tərəflərinə notariat ofisinə təqdim etmək üçün, 03 may 2018-ci il tarixli 277 №-li arayış vermişdir ki, guya yaşayış evində Cavabdeh3 başqa heç kim pasport qeydiyyatında yoxdur. Cavabdeh Xaçmaz rayonu 1 saylı notaiat ofisinin xüsusi notariusu X7 da bağışlayanın və bağışlananın adından xx.xx.2018-ci il tarixdə akt tərtib etdirmişdir ki, guya onlar “e-Notariat” sisteminə müraciət edərək evlərində qeydiyyatda olanlar barədə məlumat almaq istəyiblər, qeydiyyatda olan aşkarlanmayıb. Ona görə də akt tərtib edib imzaları ilə təsdiq ediblər. Beləliklə onun razılğı olmadan bağışlama müqaviləsi tərtib edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə digər cavabdehlər Xaçmaz rayon 1 saylı notariat ofisinə və Xaçmaz Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
19. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlər Xaçmaz rayon 1 saylı notariat ofisi və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
20. 22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. 23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
22. 24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 305/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
41. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. İşdən görünür ki, mübahisə predmeti olan əmlaka dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən hədiyyə verən qismində X15 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh3 bağışlamışdır.
44. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Lakin bununla yanaşı, müvafiq normada müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə (maraqlarına) toxunmuş olsun. İndiki halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisə predmeti olan müvafiq bağışlama müqaviləsinin tərəfi olmadığından, ilk növbədə həmin müqavilənin onun hüquqlarına, qanunla qorunan mənafeyinə, maraqlarına toxunub-toxunmaması halının olduğu müəyyən edilməlidir.
46. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
47. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. İşin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli daşınmaz əmlak (bağışlama müqaviləsinin obyekti) üzərində hər hansı hüquq əldə etməmişdir.
49. Mülki Məcəllənin 1200-ci maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını o halda tələb edə bilərdi ki, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçməsin. Lakin işdən görünur ki, Hörmət Müslümov bağışlama müqaviləsini xx.xx.2018-ci il tarixdə bağladıqdan sonra xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bununla da, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçdiyindən, iddiaçı hazırkı mülki iş üzrə müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququnu əldə etməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
51. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 305/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-305/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.