Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1187/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi 1 saylı Sumqayıt Regional ASAN Xidmət” Mərkəzindəki Notariat Ofisinin 08 yanvar 2023-cü il tarixli 45 №li qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası barədə qərarından şikayətə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim E.Hüseynov) Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya 1 saylı Sumqayıt Regional ASAN Xidmət” Mərkəzindəki Notariat Ofisinin qərarının və hərəkətlərinin əsassız hesab edilməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadından verdiyi xx.xx.2023-cü il tarixli şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya 1 saylı Sumqayıt Regional ASAN Xidmət” Mərkəzindəki Notariat Ofisinin qərarının və hərəkətlərinin əsassız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, şikayətə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməsini, əks təqdirdə şikayətin mülki işlə birlikdə aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, qərardad hüquqi baxımdan əsassızdır, prosessual normaların tələbləri pozulmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını ərizədə iddia ərizəsinin forma və məzmununa riayət edilməməsi, ərizədə iddiaçının adı soyadı, ata adı və digər məlumatları, həmçinin cavabdeh, ona qarşı yönələn tələb qeyd edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Qanuna əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (Mülki Prosessual Məcəllənin 149.1. maddəsi). Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (MPM-nin 149.2. 149.2.1., 149.2.2., 149.2.3. 149.2.4. və 149.2.5. maddələri). İşdən görünür ki, şikayətdə müraciət edən şəxsin adı, soyadı və ata adı, o cümlədən tələbi göstərilmişdir. Belə olan halda məhkəmənin iddianın geri qaytarılması barədə qəbul etdiyi qərardad MPM-nin 152-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətin mümkünlük məsələsinə baxılarkən (mirasın vərəsə tərəfindən qəbul olunması faktı birbaşa, mötəbər sübutlarla təsdiq olunmursa) notariusun imtina qərarından şikayət qaydasında deyil, mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə ilə məhkəməyə müraciət etməsi hüququnun olduğu müakirə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qərardadları ləğv edilsin. Şikayətin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1187/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1187/2023
26.05.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver