Məhkəmə qərarları › İş №2(105)-1188/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1188/2022

24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1188/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Qurbanov Zaur Rəşid oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova ). Qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 1735,20 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında cavabdeh İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamə tamamilə qanunsuzdur və ləğv edilməlidir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə təşkilata ziyan vurmuşdur. Bu barədə məhkəmə iclası zamanı izahatında, suallara cavab olaraq da dəfərlərlə qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta istinad etmiş, hansı ki, Birliyin balansında olan qaz xətlərinə baxış keçirilərkən abonent kodu verilmiş ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktı aşkar edilmiş və bu əsasla da həmin Akt tərtib edilmişdir. İş materiallarında olan sübutlara nəzər yetirilsə hamısı cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini göstərir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair Saldoda yer almış məlumatları da araşdırmamış, Saldo-da yer almış borc barəsində qeyd etməklə kifayətlənmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)- 133/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı təşkilatın təqdim etdiyi fotoşəkildəki sayğac ona məxsus evə quraşdırılmış sayğac deyildir. Belə ki, ona məxsus ev Kamal Qasımov küçəsində yerləşir, sayğacın fotoşəkilindəki ünvan isə Mirzəağa Əliyev küçəsidir. Bu küçələr arasında 4 km məsafə vardır. O, sayğaca hər hansı müdaxilə etməyib, əlavə qoşulma olmayıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında təbii qazdan istifadəyə dair 20.09.2019-cu il tarixli, AB-518 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan müəyyən edilir ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********05210) sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, Cavabdeh həmin aktları imzalamamışdır. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə iddiaçı tərəfindən cavabdehə 1735,20 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək müəyyən etmişdir ki, iddiaçı tərəf tərtib olunan aktda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktın tərtibində iştirak etməmiş və akt iddiaçı qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı cavabdehin evində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, Akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış borc abonentin hesabından silinməlidir.Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin iddiaçı sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, kənar xətt qoşulması qeyd edilən sayğac Mirzəağa Əliyev küçəsində yerləşir, cavabdehin evi isə Kamal Qasımov küçəsində yerləşir. Qeyd edilən hal iddia ərizəsində də müəyyən edilir. Belə ki, iddiaçı təşkilat ərizədə cavabdehin ünvanını K.Qasımov kimi qeyd etsə də, sayğacın yerləşdiyi ərazi Mirzəağa Əliyev olması iş materiallarından üməyyən edilir. bununla da müəyyən edilir ki, iddiaçı təşklatın nümayəndələrinin müəyyən etdiyi sayğac cavabdehə məxsus evə quraşdırılmış sayğac deyildir. Bununla da iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş aktların əsassız olması bir daha təsdiqini tapmışdır. Bu baxımdan borcun tutulmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, eləcə də fotoşəkildə qeyd edilən sayğacın iddiaçıya məxsus evə quraşdırılmış sayğac olmaması təsdiq edildiyindən apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(012)-133/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar