Məhkəmə qərarları › İş №2(105)-1192/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1192/2023

05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1192/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1551/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci ildə, Xanlar rayonu, Səfərəliyev kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısını Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

4. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2007-ci ildə ölmüşdür. 5.Abonent kartında iddiaçının 2022-ci il də daxil olmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2002-ci il tarixli, 30413026 saylı müqavilə bağlandığı qeyd edilmişdir.

6. İş materiallarına əlavə edilmiş ətraflı arayışa əsasən ünvan 1-də (abonent kodu: **********050) xx.xx.2002-ci il tarixdə abonent iddiaçının adına kod açılaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda 3 nəfər məcburi köçkün kimi güzəştlərdən istifadə etmişdir. Hal-hazırda ünvanda xidmətlərdən istifadə nəticəsində xx.xx.2023-cü il tarixə 837,06 manat borc yaranmışdır. Arayışa abonentin illər üzrə hesabat və ödənişini əks etdirən cədvəl əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1-ə xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 837,06 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan fərdi yaşayış evinə su və kanalizasiya xidmətlərdə istifadəyə görə xx.xx.2023-cü il tarixə 837,06 manat borcun olması bildirilmişdir. Qeyd oluna ünvanda xidmətlərə görə xx.xx.2002-ci il tarixdə kod açılmış və 3 nəfər ailə tərkibinə uyğu olaraq normativ qaydada hesabat aparılmışdır. Ona məxsus ünvanda sayğac quraşdırılmamış və əsassız olaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Aparılmış hesabat nəticəsində əsassız olaraq borc hesablanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısını Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2023-cü il tarixli arayışda da ünvanda onun tək yaşamağı öz təsdiqini tapmışdır. O, hesablanmış borc məbləği ilə razı deyil.. Göstərilənlərə əsasən iddiası təmin edilməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(060)-1551/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 214 (iki yüz on dörd) manat 30 (otuz) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.1, 4.1.3, 7.1, 7.4-bəndlərinə, Mülki Məcəllənin 550, 551-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119, 216, 220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

11. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, iddiaçı ona cavabdeh tərəfindən əsassız olaraq 837,06 manat borc hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. İşdən göründüyü kimi iddiaçının yaşadığı mənzildə su sayğacı quraşdırılmamışdır. İddiaçının istifadə etdiyi suyun qiyməti normativ qaydada, 3 nəfərlik ailə tərkibinə əsasən aparılmışdır. İddiaçı həmin mənzildə tək yaşadığını bildirsə də, bu barədə cavabdehə məlumat verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız sayır. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi borcun 214,30 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Məhkəmə hesab edir ki, həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(060)-1551/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə AR Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə istinad edərək iddianı 214,30 manat hissədə borc üzrə tələbetmə müddəti keçdiyi üçün təmin etmişdir ki, bu hissədə qətnamə əsassızdır, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunur ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliklərin xitamı üçün müddət axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən və göründüyü hissəhissə ödənişlərin edilməsi öhdəliyinin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Hazırkı iş üzrə 2019-cu il üzrə 40 manat, 2022ci il üzrə 50 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Məhkəmə mübahisənin həlli üçün tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmişdir ki, bu səbəbdən qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi Günay Cəfərova şikayətin dəlillərini müdafiə edərək əlavə etdi ki, məhkəmənin AR Mülki Məcəlləsinin 551-ci maddəsinə istinadla iddianı qismən təmin etməsi yanlış nəticədir. Belə ki, işdən göründüyü kimi iddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğdə ödənişlər icra edilmişdir ki, bu halda artıq müddətin axımı yenidən beş il olmaqla başlamışdır. Məhkəmə isə bu halları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı şikayətin dəlillərinə etiraz edərək bildirdi ki, özü pensiyaçıdır, oğlu və gəlini isə kardırlar. Maddi imkanı yaxşı deyil. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

19. AR Su Məcəlləsinin

97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

20. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmiş, iddianın təmin edilməyən hissəsində isə iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir.

24. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

26. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən ona məxsus abonent ünvanına 3 nəfərlik ailə tərkibinə uyğun aparılmış hesabat nəticəsində yaranmış borcu mübahisələndirmiş və borcun silinməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsi iddiaçının qeyd edilən dəlilini qəbul etməmiş, iddiada qeyd olunan borc məbləğinin bir hissəsini 214,30 manat məbləğini AR Mülki Məcəlləsinin 550, 551-ci maddələrinə (tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.) istinad edərək silmişdir.

28. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəylə razılaşmır və yaranmış mübahisənin hüquqi tənzimlənməsi baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Konstitusiya Məhkəməsi sonda qeyd edir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.

30. Qeyd olunan qərarın müddəaları hazırkı işə tətbiq edildikdə müəyyən olunur ki, işə baxan məhkəmə bir tərəfdən tərəflər arasında su və kanalizasiya xidmətlərinə görə iddiaçının yaranmış borc öhdəliyini tanıyır, (borcun abonent saldosunda qeyd olunan məbləğdən daha az olmasını təstiq edəcək heç bir sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə borc məbləğini məhz saldoda qeyd olunan həcmdə qəbul etmişdir.) digər tərəfdən isə borcun qətnamədə qət edilən məbləğini məhz yuxarıda qeyd olunan normanın tələbi əsasında silmişdir ki, məhkəmənin bu mövqeyi Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarının mahiyyətinə ziddir.

31. Belə ki, qərarın mətnində qeyd olunur ki, AR Mülki Məcəlləsinin 551-ci maddəsində sadalanan tələblər üzrə müddət hüquqi təbiəti baxımından iddia müddətinə daha yaxın olub, qanunun sadalanan norması məhkəmə müstəvəsində cavabdehin prosessual müdafiə vasitəsidir. 32.Şərh olunan qərarın hazırkı işlə əlaqəli təhlilinə əsasən kollegiya qeyd edir ki, iş üzrə apellyasiya şikayətində mübahisələndirilən borc məbləği konkret olaraq iddiaçıdan cavabdeh qismində məhkəmə qaydasında tələb edilsəydi, cavabdehin həmin borcun AR Mülki Məcəlləsinin 551-ci maddəsinin təsiri altında iddia müddətinin tətbiqi ilə silinməsinə dair yazılı ərizəsi əsasında borc məbləğinin silinib-silinməməsinə məhkəmə tərəfindən əsaslandırılmış münasibət bildirilə bilərdi. Yəni mübahisə predmeti olan borc məbləği, yaxud onun bir hissəsi iddiaçının hər hansı qanuni əsasla xitam verilməmiş öhdəliyini təşkil etməklə, hazırkı formada verilən iddia ərizəsinə uyğun silinə bilməz.

33. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, iddianın qismən təmin edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir.

34. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, Cavabdeh ASC isə apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh ASC-nin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(060)-1551/2023 nömrəli qətnaməsi qismən- iddianın təmin olunmuş “Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 214 (iki yüz on dörd) manat 30 (otuz) qəpik məbləğində borcun silinməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar