Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1199/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) torpağın mülkiyyətçisinin o, yəni Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi fəsillə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən tikintiyə, qurguya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-164F seriyalı, kod 30602016 saylı şəhadətnamədə ərizəçinin adı “Cəmil” kimi qeyd edildiyindən, yəni ərizəçinin soyadı və atasının adı göstərilmədiyindən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən ərizəçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bu səbəbdən ərizəçi həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. MPM-də göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyası partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir (307.2.5.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təstiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşagıdakı şərtlərin olması zəruridir:birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təstiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Göründüyü kimi, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə ərizəçinin yaşayış yeri üzrə məhkəmədə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair işlərə isə həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Hazırkı ərizə isə hüquq müəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının tanınması ilə bağlı olduğundan ərizəçi yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsi ərizənin mahiyyətinin torpaq sahəsinin ərizəçiyə məxsus (sahibliyində) olmasının müəyyən edilməsi mənasına gəlməsi əsası ilə işi baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisəyə yol verilmir. Məhkəmələr arasında fikir ayrıldığı olduğu hallarda apellyasiya instansiya məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1199/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1199/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver