Məhkəmə qərarları › İş №2(105)-1199/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1199/2024

09.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1199/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mərhum xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(060)-4956/2023 nömrəli qətnaməsi onun maraqlarına toxunduğu üçün qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması və tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpası barədə ərizənin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli həmin qərardadından narazı qalaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(105)-962/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-962/2024 nömrəli (mümkünlük barədə qərardadı) qərardadının ləğv edilməsi, mülki işin apellyasiya baxışından çıxarılmaqla, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə, Səyyad Qafari). İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)- 4956/2023 nömrəli qərardadından müddətin bərpasına dair ərizəsinin təmin edilməsi və tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(060)-4956/2023 nömrəli qərardadından verilmiş şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vəkil adına İddiaçı tərəfindən etibarnamə verilmədiyi halda vəkil etibarnamə olmadan şikayət ərizəsini “Asan imza” ilə vermişdir. Bununla məhkəmə MPM-nin 73-cü maddəsinin tələblərini pozmaqla müddəti bərpa etmişdir. Məhkəmə İddiaçı səlahiyyətsiz vəkili tərəfindən verilmiş müddətin bərpasına dair ərizəsini təmin edərkən prosessual qaydalara əməl etməmiş, müddətin bərpasını əsaslandırmamış, yalnız ayrı-ayrı qanunun maddələrini sadalamışdır. Halbuki məhkəmə müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandırmağa borclu idi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(060)-4956/2023 nömrəli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş qeydə alınaraq icraata verilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadı iddiaçının vəkili Vəkil elektron kabinetinə 09 aprel 2024-cü il tarixdə yerləşdirilmiş və iddiaçı qeyd edilən qərardaddan 15 aprel 2024-cü il tarixdə şikayət vermişdir. Lakin şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(105)-962/2024 nömrəli qərardadı ilə yalnız vəkil tərəfindən imzalandığından geri qaytarılmışdır. Bundan sonra iş birinci instansiya məhkəməsində baxılarkən vəkil tərəfindən apellyasiya şikayəti və onunla birgə müddətin bərpası barədə ərizə verilmişdir.Göründüyü kimi iddiaçı tərəfindən şikayət müddət ötürülməməklə verilsə də, şikayətin nümayəndə kimi səlahiyyəti olmayan vəkil tərəfindən imza edilməsi və apellyasiya məhkəməsi tərəfindən geri qaytarılması nəticə etibarilə şikayətə baxılması müddətinin buraxılmasına səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin şikayətinə münasibətdə qeyd edir ki, maraqlı şəxs qeyd edilən şikayətin səlahiyyəti olmayan vəkil tərəfindən verildiyini qeyd etsə də, “Elektron məhkəmə” informasiya sistemindən də görünür ki, iddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə şikayət və eyni zamanda müddətin bərpası barədə ərizə verilərkən 29 aprel 2024-cü il tarixli etibarnamə şikayətə əlavə edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa edilməsinə dair düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(060)-4956/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş qeydə alınaraq icraata verilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar