Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-120/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(012)-622/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(012)-622/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 18 aprel 2018-ci il tarixə 1081,29 manat əsas, 510,16 manat mükafat, həmin günə hesablanmış 5 manat dəbbə pulu, 2629 manat dəymiş zərər olmaqla, cəmi 4225,45 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 03 yanvar 2019-cu il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə ilə bağlanmış 08 iyun 2017ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 aprel 2018-ci il tarixə 1081,29 manat əsas, 510,16 manat mükafat, həmin günə hesablanmış 488,61 manat dəbbə pulu, 3116 manat dəymiş zərər olmaqla, cəmi 5196,06 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinə əsasən cəmiyyətin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594369 ban, 0221 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 ay müddətinə hər ay sabit olaraq 389,75 manat, ümumilikdə isə 18707,96 manatı lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 aprel 2018-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3116 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 11 dekabr 2017-ci il tarixdə 300 manat məbləğində olmuşdur. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ədalət mühakiməsinin əsas prinsipi olan geniş, hərtərəfli və obyektiv araşdırmaya əməl olunmamış, iş üzrə xüsusi əhəmiyyət kəsb edən sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə mübahisənin həllinə qanunvericiliyin müvafiq tələblərinə əməl edilməməsi baxımından səhv qənaətə gəlmiş və yalnız iddiaçının izahatına əsaslanaraq birtərəfli mövqe tutmuşdur. İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan istehsal tarixi 2014-cü il olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594369 ban, 0221 mühərrik nömrəli qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən o, illik 12% faiz hesablanmaqla 48 ay müddətinə hər ay sabit olaraq 389,75 manat, ümumilikdə isə 18707,96 manatı lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə onun tərəfindən mütəmadi olaraq ödənişlər aparılmışdır. Sonradan ölkəni bürümüş iqtisadi böhran səbəbindən gəlirlərində ciddi azalmalar baş verdiyindən müqavilə üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin tələb etdiyi əsas məbləğ və ona hesablanmış mükafat, dəymiş ziyanın məbləği həddindən artıq yüksəkdir. Uzun müddət keçməsinə baxmayaraq, iddiaçı tərəfindən heç bir tədbir görülməmiş, mükafat məbləğinin artması gözlənilmiş, sonda xeyli müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə isə mükafat məbləğinin, əsas borcun, dəymiş zərər məbləğinin həddən artıq yüksək olmasına heç bir əhəmiyyət verməmiş, iddianı qismən təmin etməklə işin hərtərəfli tədqiqindən yayınmışdır. İddia ərizəsində tələb olunan cəmi məbləğ həddindən artıq şişirdilmişdir və hər hansı sübutla əsaslandırılmamışdır. İddiaçı tərəfindən borc məbləğinin düzgün hesablanıbhesablanmaması yalnız xüsusi riyazi biliklərə malik ekspert-mütəxəssis tərəfindən müəyyənləşdirilə bilərdi. Məhkəmə işin hərtərəfli araşdırılmasından yayınaraq şəxsi mülahizələr və iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanaraq maddi və prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmədə işə baxılarkən borcun düzgün müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilməli olduğuna dair müraciət etsə də, məhkəmə müraciətinə heç bir əhəmiyyət verməyərək işin hərtərəfli tədqiqindən yayınmışdır. Bundan əlavə, məhkəmə istehsal tarixi 2014-cü il olan “Daewoo Gentra” markalı avtomobilə dəymiş ziyanın məbləğini 2629 manat müəyyən etməklə səhv qənaətə gəlmişdir. Belə ki, avtomobili 18.04.2018-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilərkən akt tərtib edilmişdir. Həmin aktda qabaq bufer, orta fara, qabaq sol şüşə, peç və maqnitafonun avtomobildə olmadığı qeyd olunmuşdur. Həmin hissələrin ümumilikdə 2629 manat məbləğində qiymətləndirilməsi tamamilə absurddur. Halbuki avtomobilə dəymiş ziyanın məbləği təxminən ***-**** manat civarında olmalı idi. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Gasan Guseinov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə lizinq müqaviləsi üzrə mükafat məbləğinə və dəymiş maddi ziyanın ödənilməsinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinin və həmin müqaviləyə 3 saylı əlavənin surətlərindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ümumi məbləği 14800 manat təşkil edən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594369 ban, 0221 mühərrik nömrəli, qara rəngli avtomobili illik 12 faizlə, 48 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan 08 iyun 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış zamanı ehtiyat hissələrinin yenisi ilə əvəz olunması və təmir işlərinin ümumi məbləği 3116 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 13.03.2019-cu il tarixli, 539 saylı arayışından görünür ki, Cavabdeh 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə 18.04.2018-ci il tarixə əsas borcu 1081,29 manat, mükafat borcu 510,16 manat, cərimə borcu 488,61 manat olmaqla, cəmi borcu 2080,06 manat təşkil edir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 18 aprel 2018ci il tarixli aktdan görünür ki, X4 tərəfindən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilərkən qabaq buferin, orta faranın, qabaq sol şüşənin, peçin və maqnitafonun olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 12105 saylı, 24.06.2019-cu il tarixli rəyindən görünür ki, servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2629 manat müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 9/550 saylı, 16.07.2020-ci il tarixli rəyindən görünür ki, 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 18.04.2018-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunun əsas məbləği 1081,29 manat, (2537,76 manat-1456.47 manat), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu 460,21 manatdır (1363,74 manat -903,53 manat). Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2314,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 9/3754 saylı, 26 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan “**********” VÖEN №-li, 18.04.2018-ci ildə tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il olan “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2184,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 9/343 saylı, 19 fevral 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan “**********” VÖEN №-li, 18.04.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2184,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 9/2789 saylı, 27 may 2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla təmir-bərpa xərci təxminən 1120,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti- 670,00 manat, təmir-bərpa işlərinin qiyməti-450,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinin 15.1-ci bəndinə görə lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsinə və həmin müqaviləyə 3 saylı əlavəyə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti ümumi məbləği 14800 manat təşkil edən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594369 ban, 0221 mühərrik nömrəli, qara rəngli avtomobili illik 12 faizlə, 48 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, cavabdeh 48 ay ərzində mükafat məbləği olaraq 3907,96 manat ödəməlidir. İşin mübahisə ediməyən hallarından görünür ki, 18 aprel 2018-ci il tarixdə iddiaçının oğlu X4 tərəfindən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin təhvil verildiyi 18 aprel 2018-ci il tarixə 1081,29 manat əsas, 5 manat dəbbə pulunun tutulması hissələrində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının MM-nin 748-11.1.4-cü maddəsinə görə lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. İddia ərizəsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh 08 iyun 2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin təhvil verildiyi 18 aprel 2018-ci il tarixə 510,16 manat mükafat məbləği tələb edir. İş üzrə keçirilmiş ekspertizanın 9/550 saylı, 16.07.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 08.06.2017-ci il tarixli, AL-2290 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 18.04.2018-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinin gəliri üzrə (faiz) borcu 460,21 manatdır. Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İddiaçı açıq səhmdar cəmiyyəti qüsur aktına istinad edərək cavabdehdən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz olunması və təmir işlərinin dəyəri olaraq 3116 manat ziyan tələb edir. İş üzrə keçirilmiş ekspertizanın 12105 saylı, 24.06.2019-cu il tarixli rəyi ilə servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2629 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək iddia tələbini həmin hissədə qismən, yəni 2629 manat təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ekspertizanın 12105 saylı, 24.06.2019-cu il tarixli rəyi qüsur aktındakı məlumatlara əsasən verilmişdir. Halbuki qüsur aktına avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 18 aprel 2018-ci il tarixli aktda göstərilməyən və “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildə 18 aprel 2018-ci il tarixli akt tərtib edilərkən aşkar olunmayan ehtiyat hissələri (təkərlər, ön sağ qapı və sair) və görüləsi olmayan təmir işləri də daxil edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 18 aprel 2018ci il tarixli aktə əsasən X4 tərəfindən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilərkən qabaq buferin, orta faranın, qabaq sol şüşənin, peçin və maqnitafonun olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 9/2789 saylı, 27 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla təmirbərpa xərci təxminən 1120,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 670,00 manat, təmir- bərpa işlərinin qiyməti-450,0.0 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinə mükafat məbləğinə və dəymiş maddi ziyanın ödənilməsinə dair olan hissələrdə dəyişiklik edilməli, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə mükafat məbləği olaraq 460,21 manat, avtomobilə dəymiş maddi ziyana görə 1120 manat tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə lizinq müqaviləsi üzrə mükafat məbləğinə və dəymiş maddi ziyanın ödənilməsinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 520 manat İddiaçı açıq səhmdar cəmiyyətindən 260 manat və Cavabdeh 260 manat olmaqla tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(012)-622/2019 saylı qətnaməsinə lizinq müqaviləsi üzrə mükafat məbləğinə və dəymiş maddi ziyanın ödənilməsinə aid hissələrdə dəyişiklik edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə lizinq müqaviləsi üzrə mükafat olaraq 460,21 (dörd yüz altmış manat 21 qəpik) və avtomobilə dəymiş maddi ziyana görə 1120 (bir min yüz iyirmi) manat tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 520 (beş yüz iyirmi) manat İddiaçı açıq səhmdar cəmiyyətindən 260 (iki yüz altmış) manat və Cavabdeh 260 (iki yüz altmış) manat olmaqla tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-120/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-120/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver