Məhkəmə qərarları › İş №2(105)-1202/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1202/2022

04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1202/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunmaqla) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba regional Maraqlı şəxs tərəfindən ünvan 1 ünvanına dair cavabdehə təmsilçilik üzrə miras əmlakdan 1/2 hissədə pay ayrılması barədə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasının rədd olunmasına baxmayaraq, iki il sonra eyni məzmunda müraciəti notariat kontoru tərəfindən təmin olunmuş və ona miras əmlakda ½ hissədə payla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu isə, qanunvericiliyə uyğun olmamaqla yanaşı, məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsiplərinə də ziddir. Quba Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Gülnar Tağızadə) 30 sentyabr 2020-ci il tarixli, 2(105)- 1514/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Əhməd Əhmədov) 29 aprel 2021-ci il tarixli, 2(102)- 2088/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Elman Rəhimov) 10 sentyabr 2021-ci il tarixli, 2(105)- 2268/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev, Aqil Abbasov) 05 mart 2022-ci il tarixli, 2(102)- 684/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2268/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə hüquqi nöqteyi-nəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmur, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə yekun fikrini əsaslandırarkən hesab etmişdir ki, Quba Regional "ASAN xidmət" mərkəzində notariat ofisinin notariusu tərəfindən ona ünvan 1-da yerləşən miras əmlakdan ½ hissədə payınaqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi olmuşdur. Halbuki nə iş materiallarından, nə də tərəflərin izahatlarından bu hal görünmür və öz təsdiqini tapmır, əksinə, İddiaçı miras əmlakın qəbulu üzrə müddət məsələsinə istinad edərək onun miras əmlaka heç bir hüququ olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində hansı mötəbər sübuta əsaslanaraq belə bir nəticəyə gəldiyini göstərməmişdir. Üstəlik bu barədə notariat ofisinə sorğu belə verilməmiş və qətnamədə buna istinad olunmamışdır. Göründüyü kimi, məhkəmə işdə olan sübutlar əsasında qətnamə qəbul edərkən işin mahiyyəti barədə yanlış təsəvvür yaratmış, işin hallarına uyğun gəlməyən dəlilə istinad etmişdir. Başqa sözlə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Əgər məhkəmə istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollgeyasının xx.xx.2018ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarına diqqətlə yanaşmış olsaydı, daha düzgün nəticəyə gəlmiş olardı. Belə ki, həmin mülki iş üzrə iddiaçılar olan X2 və onun iddia tələbi rədd edilərkən hər iki məhkəmə aktında qeyd edilmişdir ki, “...miras əmlakın qəbul edilməsindən ötrü mübahisələndirilən əmlak vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bundan sonra, həmin əmlak vəfat edən şəxsdən miras qalmış əmlakın kütləsinə daxil olur ki, vərəsələri tərəfindən miras əmlak kimi qəbul edilsin. Hazırki iş üzrə mübahisələndirilən əmlak Gülgəz İdrisovanın istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməmişdir ki, bu da həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras əmlak kütləsinə daxil olmasını istisna edir... Torpaq qeydi şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəddir. Həmin sənəd alınmadan şəxs ölərsə, bu zaman onun vərəsələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Lakin qeyd edilən əmlak nə vəfat edən şəxsin adına rəsmiləşdirilmiş, nə də vərəsələri tərəfindən belə bir arayış alınaraq rəsmiləşdirilmə üçün müraciət edilmişdir...” Göründüyü kimi, yuxarı məhkəmə instansiyaları hesab etmişlər ki, ünvan 2 ünvanında yerləşən ev ilk öncə daşınmaz əmlak kimi dövlət qeydiyyatından keçməli və bununla da ölmüş miras qoyan X5 miras əmlak kütləsinə daxil olmalı və yalnız bundan sonra vərəsələr həmin əmlakı qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququ ilə miras əmlak kimi qəbul edə bilərlər. O, məhz yuxarı instansiya məhkəmələrinin göstərişlərini nəzərə alaraq əvvəlcə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,9m2 fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0405 ha olan torpaq sahəsini daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata aldırmış və yalnız bundan sonra həmin daşınmaz əmlaklar barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsində bu hala, ümumiyyətlə qiymət verilməmiş, nəticədə iş üzrə yanlış qətnamə qəbul etmişdir. İddia ərizəsində göstərilən miras əmlakın qəbulu müddəti ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, iş üzrə əvvəlki məhkəmə qətnamələri ilə artıq müəyyən edilmiş hallardan görünür ki, o, xx.xx.1985-ci il tarixdə doğulmuş, atası X19, anası Rufullayeva Xuraman Abdulhəmid qızıdır, X19 xx.xx.1985-ci il tarixdə, X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbinə əsasən atası Üzeyir Rufullayevin vəfat etməsi ilə gələcəkdə qanun üzrə vərəsə kimi atasına çatacaq əmlak və əmlak hüquqları qanun üzrə vərəsəsi olan övladı kimi ona keçmişdir. Məhz bu səbəbdən də o, nənəsi Gülgəz İdrisovanın vəfatından sonra vərəsə kimi qeyd edilən məhkəmə aktlarında göstərilənlərə əsasən Gülgəz İdrisovanın qanuni istifadəsində olmuş fərdi yaşayış evini və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş və hazırda da həmin əmlaka qanun üzrə vərəsədir. Bu əmlaklar Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçirildiyindən, məhz həmin tarixdən başlayaraq Gülgəz İdrisovanın miras əmlak kütləsinə daxil olmuş və o, xx.xx.2019-cu ildə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni aldığından hər hansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Bu səbəblərdən İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edərkən, vərəsə və mülkiyyətçi kimi onun hüquqlarına toxunmuş və tamamilə əsassız və qanunsuz olaraq onu nənəsindən qalan miras əmlakı qanun üzrə vərəsə kimi qəbul etməkdən məhrum etmişdir. Üstəlik məhkəmə nəzərə almamışdır ki, digər vərəsələrdən yalnız İddiaçı notariat orqanına vərəsəliyin qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Bu baxımdan notariat orqanı tamamilə qanuni olaraq sözügedən əmlaka ½ hissədə onun, ½ hissədə isə İddiaçı payını tanımışdır. İddiaçı Gülgəz İdrisovanın yeganə qanuni vərəsəsi olması barədə iddiası kifayət qədər əsassız və qanunsuzdur, göstərilən dəlillərlə təkzib olunur. İrəli sürülmüş iddia tələbinin mahiyyəti vərəsəlik hüququ ilə əlaqəli olmasına baxmayaraq, məhkəmə qətnamədə vərəsəliklə bağlı maddi hüquq normalarına istinad etməmiş, mülkiyyət hüququ ilə bağlı bir neçə normaya istinad etməklə yanlış nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba regional Maraqlı şəxs, X20, X32, X26 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan miras əmlak - ünvan 1 ünvanında 0.0405 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi miras qoyanın adına ölümündən sonra xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına çıxarış verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının cavabdehlər İddiaçı, X9 və X6 qarşı mirasın qəbul edilməsi və miras qalmış yaşayış evindən vərəsəlik üzrə payların müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilmiş, X7 məxsus olmaqla ondan miras qalmış ünvan 3 ünvandakı yaşayış evinə vərəsələri olan oğlu İddiaçı və nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirası qəbul etmələri faktının müəyyən edilməsi, X7 məxsus olmaqla ondan miras qalmış ünvan 4 ünvandakı yaşayış evinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının vərəsəlik üzrə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı, digər şəxslər X12, X21, X22, X13 və onların nümayəndəsi X14 apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının cavabdehlər İddiaçı, X9 və Rufullayeva Rəvanə Məzahir qızına qarşı mirası faktiki qəbul etmə müddətinin uzadılması, Quba şəhəri, Gənclər küçəsi ev 46-da ona və qızı Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına çatacaq payın müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin Quba rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarının surətindən görünür ki, iddiaçılar Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının və Rufullayeva Xuraman Abdulhəmid qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2(105)-1781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh xx.xx.2019-cu il tarixdə miras əmlakı qəbul etmək barədə X45 Xidmət Mərkəzində Notariat kontoruna ərizə ilə mürcaiət etmiş, həmin tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlaka 1/2 hissədə payı tanınmış və xx.xx.2019-cu il tarixdə mübahisəli əmlak ½ hissədə onun adına qeydiyyatdan keçmiş, digər ½ hissə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 23 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır, əmlakların ½ hissəsi X5 adında açıq saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə ərizə ilə eyni notariat kontoruna müraciət etmiş və müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli, 1057 saylı məktubla bildirilmişdir ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıradək mübahisəli ünvanda qeydiyyatda olduğundan mirası faktiki qəbul etmiş sayılır, buna görə də xx.xx.2019-cu il tarixdə miras qoyanın nəvəsi kimi ona təmsilçilik üzrə miras əmlakdan ½ hissədə pay verilmişdir. İddiaçı isə miras qoyanın yeganə vərəsəsi kimi tanınması və miras əmlakdan tam pay alması ilə bağlı müraciət etdiyindən qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunur. İddiaçı bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından görünür ki, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasının qəbulu ilə bağlı verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçının hazırkı tələbi mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş 29 aprel 2021-ci il tarixli, 2(102)- 2088/2021 saylı qərarında kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia ərizəsində olan dəlillərinə hüquqi qiymət verərək iş üzrə cavabdehin mirası hansı qaydada qəbul etməsini aydınlaşdırmalı olduğu və həmin əsaslardan çıxış edərək mirasın qəbulu haqqında şəhadətnamənin verilməsinin qanuniliyini yoxlamalı olduğu barədə göstərişlər vermiş, həmçinin mirasın qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat kontorunun vərəsələrinin dairəsinin müəyyən edilməsi ilə bağlı hərəkətlər edibetməməsini, yaranmış zərurət halında isə vərəsələrin mirası qəbul etmələrinin müəyyən olunması istiqamətində hansı hərəkətlərin edilməsini, hazırkı icraat daxilində onların işə cəlb edilməsinin mümkünlüyünü araşdırmadığını göstərmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2022-ci il tarixli, 2(102)- 684/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2268/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar işə baxan məhkəmə tərəfindən miras əmlakın digər vərəsələrinin də olduğu müəyyən edilsə də və onlardan X23 işə qoşulması barədə müraciət, X33 isə ona çatan payın Cavabdeh verilməsi barədə qətnamə qəbul ediməsinə etiraz etməməsi barədə notarial ərizə versə də, bu şəxslər və digər qalan vərəsələr apellyasiya məhkəməsi tərəfindən işə cəlb edilməmiş, onların cəlb edilməsinin mümkünsüzlüyü qətnamədə əsaslandırılmamışdır. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya ilk növbədə qeyd edir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşdə olan digər sübutlar-cavabdehin izahatları, Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışı (İİ cild, səh 5) cavabdehin 2014-cü ilədək mübahisəli evdə yaşaması ilə bağlıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.1995-ci il tarixdən halhazıradək sözügedən ünvanda qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh etirazının əsas kimi istinad etdiyi halları təsdiq edəcək sübutlar təqdim etdiyi halda, iddiaçının izahatları hər hansı başqa obyektiv sübutlarla dəstəklənməmişdir. Qeyd olunanlardan əlavə, mirasın faktiki qəbul edilməsinin üsullarından biri də miras əmlakın vərəsə tərəfindən faktiki idarə edilməsidir. Hazırkı işin halları baxımından cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsinin müəyyən olunmadığı halda belə, işdə digər üsulun (faktiki idarə) realizəsi ilə bağlı da tutarlı əsaslar vardır. Belə ki, işdən görünür ki, X3 cavabdehin anası olmaqla, mübahisəli evdə qeydiyyatda olmaqla gəlin köçdüyü vaxtdan hal-hazıradək orada yaşamaqla, evin saxlanılması üçün zəruri olan müxtəlif kommunal ödənişlər onun tərəfindən həyata keçirilir (İ cild, səh 247). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehə miras əmlaka dair ½ hissədə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bununla bağlı yetərli mötəbər sübutlar olmadığı halda etibarsız hesab olunması cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Ali Məhkəmə qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu digər bir hal isə prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisənin həlli üçün işə təkrar apellyasiya baxışı zamanı mirasın açıldığı tarixə, yəni mərhumun ölüm tarixinə onun vərəsələrinin dairəsi, mirasın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcminin müəyyən edilməsi və bundan asılı olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün verilib-verilmədiyinə qiymət verməsi olmuşdur. İşdən görünür ki, hazırkı iş üzrə İddiaçı miras qoyanın oğlu, Cavabdeh isə nəvəsidir (xx.xx.1985-ci il tarixdə ölmüş oğlu X10 qızı). X1 Rufullayev Üzeyir, Rufullayev Fazil, Ağacanov Nadir, Ağacanov Adil, İddiaçı və Rufullayeva Gülzadə adlı uşaqları olmuşdur. X24 xx.xx.2015-ci il tarixdə, X30 isə xx.xx.2009-cu il tarixdə ölmüşdür. X1 digər övladları hazırda sağdır və vərəsədirlər. İş materiallarından görünür ki, vərəsələrdən biri olan X16 Ramin Nadir oğlu ona çatan payın Cavabdeh verilməsi barədə qətnamə qəbul ediməsinə etiraz etməməsi barədə notarial ərizə vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclasında xx.xx.2015ci il tarixdə ölən vərəsə X4 Rövşən Fazil oğlu, vərəsə X32, vərəsə X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki məhkəmə icraatına cəlb olunmuş və onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, X15 əlaqə nömrələrinə sms-bildirişlər göndərilmiş, buna baxmayaraq məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixində keçirilən iclasında onların iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255- ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar