Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1208/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçıcahan Əbülfəz qızının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Zəkiyeva X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödəmək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh3 hər birinə 8000 manat olmaqla, ümumilikdə 16000 manat məbləğində kompensasiya verilmək yolu ilə, Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1, mənzil 33-ə olan istifadə hüquqlarına xitam verilməsi, onların özlərinə məxsus əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: Zəkiyeva X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 hər birinə 6000 manat, ümumilikdə 12000 manat kompensasiya verilmək yolu ilə Cavabdeh2 isə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1/22, mənzil 33-ə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Zəkiyeva X7 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər birinə 8000 manat, ümumilikdə 16000 manat kompensasiya verilmək yolu ilə Cavabdeh2 isə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1/22, mənzil 33-ə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 1/22 saylı evin 33 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH ******* saylı reyestr çıxarışına əsasən onun mülkiyyətindədir. Mənzil 2 otaqdan ibarətdir. Cavabdehlərdən Cavabdeh1 onun gəlini, Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələridir. Onun mərhum oğlu X5 ilə cavabdehlərdən Cavabdeh1 1988-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və halhazırki mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından 1990-cı il təvəllüdlü Cavabdeh2 və 1994-cü il təvəllüdlü Cavabdeh3 adlı iki övladları olmuşdur. Onun oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Oğlunun vəfatından sonra, cavabdehlərlə münasibəti dözülməz həddə çatmışdır. Cavabdehlərdən Cavabdeh2 2014-cü ildə ailə həyatı qurub və mənzili birdəfəlik tərk edərək, ər evinə köçmüşdür. Onun 80 yaşı var və bu yaşda ona ən vacib olan məsələ sakitlik və rahatlıqdır. Aralarındakı münasibətlər elə həddə çatıb ki, cavabdehlərdən 1 stəkan su da alıb içə bilmir. O, mülkiyyətindən nə sərbəst istifadə edə bilir, nə də ki, rahat yaşaya bilir. Oğlunun sağlığına qədər oğlu bu münasibətlərin qarşısını az da olsa ala bilirdi. Cavabdehlərin onun mülkiyyətində olan mənzildəki istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməli və onlar mübahisəli mənzildən çıxarılmalıdırlar. Cavabdehlərdən Cavabdeh2 birdəfəlik tərk etdiyi mənzildə 6 ildən çoxdur ki, faktiki olaraq yaşamadığı nəzərə alınsa, onun istifadə hüququna kompensasiyasız xitam verilməlidir. Digər iki cavabdeh isə mənzildən real və faktiki olaraq istifadə etdikləri üçün onlara kopmpensasiya ödəməyə məcburdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, kompensasiya kimi onlara təklif edilən məbləğ azdır və ağlabatan deyil. Onların iddiaçı ilə heç bir problemi yoxdur. Belə bir iddianın qaldırılmasına iddiaçını qızı məcbur etmişdir. Təklif edilən məbləğlə onlar yaşayış sahəsi əldə edə bilməzlər, sadəcə kirayədə yaşaya bilərlər. Bu isə daimi yox, müvəqqəti olacaq. Onların hər birinə 15000 manat olmaqla cəmi 30000 manat kompensasiya verilsə, iddia tələbini qəbul edə bilərlər. Hazırkı halda isə iddia əsassızdır və rədd edilməlidir. Bu hallara məhkəmə düzgün qiymət vermədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçıcahan Əbülfəz qızının vəkili və nümayəndəsi X3 şikayətlə razılaşmadı və bildirdi ki, kompensasiya kimi təklif edilən məbləğ yaşayış sahəsilə təmin olunmaq üçün qənaətbəxşdir. O, şikayətin rədd olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, N.Nərimanov küçəsi, ev 1/22, mənzil 33 tam mülkiyyət hüququ üzrə Zəkiyeva X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 2 saylı forma-arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, Nərimanov küçəsi, 1 saylı evin 33 saylı mənzilinin sahibi Zəkiyeva X6r və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə daimi qeydiyyatdadırlar. Yenə də iş materiallarında olan “Evlərin alqı-satqısı və kirayə verilməsi Mərkəzi”nin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, dörd mərtəbəli, 1/22 saylı binanın, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 33 saylı tam təmirsiz mənzilin bu günki bazar qiymətləri ilə satış qiyməti 50000 (əlli min) manat civarındadır, kirayə verilməsi isə 180-200 manat civarındadır. Mülki iş materiallarında olan fiziki şəxs X2 verdiyi xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1/22, 33 saylı 2 otaqlı mənzilin bu günki satış qiyməti 65000-70000 manat qiymətləndirilir, aylıq kirayə haqqı isə 250 manatdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, Nərimanov küçəsi, 1 saylı evin 33 saylı mənzilinin mülkiyyətçisi Zəkiyeva X6r. Cavabdehlərdən Cavabdeh1 onun gəlini, digərləri isə nəvələridirlər. İddiaçının oğlu xx.xx.2018-ci ildə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 bu mənzildə yaşayırlar, lakin Cavabdeh2 daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Zəkiyeva X7 məhkəməyə ilk iki cavabdehə kompensasiya verilməklə, digər cavabdehə isə kompensasiya ödənilmədən mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə tələblə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı mənzilin mülkiyyətçisidir və onun bu hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Hazırki işdən görünür ki, iddiaçı mülkiyyətçi olaraq mülkiyyətində olan mənzilinə sərbəst surətdə sahiblik etmək və ondan maneəsiz istifadə etmək üçün bu iddianı qaldırmış və tələbinin hüquqi əsası kimi ilk növbədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq normasının geniş formada şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İş materiallarından və işin faktiki hallarından görünür ki, mübahisəli mənzil 2 otaqlı olmaqla xx.xx.2007-ci ildən ilk iddiaçı N.Ə.Zəkiyevanın mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 bu mənzildə yaşayırlar, lakin Cavabdeh2 daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Qeyd edildiyi kimi iddiaçı mülkiyyətçi olaraq mülkiyyətində olan mənzilinə sərbəst surətdə sahiblik etmək və ondan maneəsiz istifadə etmək üçün bu iddianı qaldırmışdır. Məhkəməyə təqdim edilmiş mübahisəli mənzillə eyni kateqoriyadan olan yaşayış sahələrinin aylıq kirayə haqqı barədə müxtəlif arayışlardan görünür ki, Sumqayıt şəhəri, 1ci məhəllədə olan iki otaqlı mənzilin aylıq kirayə haqqı təqribən 180-200 manatla 250 manat arasında dəyişir. Məhkəmə kollegiyası isə hər iki tərəfə münasibətdə bərabərlik prinsipini tətbiq edərək, belə qənaətə gəlir ki, kompensasiya məbləği hesablanarkən bu arayışlardakı orta qiymət (aylıq 215 manat) əsas götürülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 təklif olunan ümumilikdə 16000 manatlıq kompensasiya məbləği onların davamlı olaraq müəyyən müddətdə (təqribən 74 ay) eyni şəraitli evdə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan cəmi 16000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təklif edilən kompensasiya cavabdehlərə başqa yerdə mənzil almaq üçün lazım olan vəsaitlə eyniləşdirilməməlidir. Bu məbləğ onların hər hansı qaydada, müəyyən zaman daxilində oxşar şəraitdə olan yaşayış sahəsi ilə təmin edilməsi üçün zəruri olan vəsaitdir. Başqa sözlə, kompensasiya-yaşayış sahəsindən istifadə hüququna malik şəxsin mülkiyyətçinin tələbi ilə ona məxsus mənzildən çıxarılması halında zəruri yaşayış sahəsi ilə təmin olunması üçün lazım olan pul məbləğidir. Hazırkı mübahisədə isə təklif edilən kompensasiya məbləği qeyd olunan halın aradan qaldırılması üçün əlverişlidir. Daha öncə qeyd olunduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Apelyasiya şikayəti vermiş cavabdehlərin kompensasiya kimi hər hansı mənzilin dəyərinin verilməsi (30000 manat) tələbi isə mülkiyyətçinin üzərinə hər hansı öhdəliyin qoyulması mənasına gəlir ki, bu da qeyd olunduğu kimi mümkün deyildir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Digər Cavabdeh2 gəlincə, onun mübahisəli mənzildə artıq 6 il yaşamaması və daimi başqa yerə köçməsi işin mübahisəsiz hallarındandır. Onun mübahisəli mənzildə qeydiyyatda olması isə mübahisəli mənzildə yaşaması mənasına gəlmir. İşdən görünür ki, onun mübahisəli mənzildən istifadə hüququnun hər hansı kompensasiya verilmədən itirilməsi hissəsində Cavabdeh2 qətnamədən şikayət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə Cavabdeh1 və Cavabdeh3 digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunmaları üçün kifayət etməsini nəzərə almış və iddia tələbinin təmin edilməsi barədə işin faktiki hallarına uyğun qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin qeyd edilən mübahisəli mənzildən istifadə hüquqlarına xitam verməklə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayət verən şəxslərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1208/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1208/2021
23.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver