Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1211/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Şuşa Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(077)-196/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06149 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə 16593,08 manat əsas borc, 3484,54 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 20235,10 manat borcun, 136 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimənin və 152 manat dövlət rüsumunun, Cavabdeh2 “Cherry Tiggo minik” markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün ödənilmiş 4450 manatın iddiaçının xeyrinə tutulması, lizinq obyekti olan “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 vəsatət verərək, mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Qaranquş sanatoriyasında daimi yaşayır. Şuşa Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(077)-196/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin baxıması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 vəsatətinin təmin edilməməsi qərara alınmışdır (hakim Sərdar Mehrəliyev). İş üzrə Cavabdeh1 Şuşa Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(077)- 196/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, mülki işin baxıması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, formal olaraq qeydiyyatı Şuşa şəhəri olsa da, faktiki olaraq 20 ildən çoxdur ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınmaqla yaşayır. Azərbaycan Republikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin qanunvericilik daimi və ya müvəqqəti qeydiyyatı fərqləndirmir və ümumi qeydiyyatdan bəhs edir. Qeyd edilən normanın məqsədi işin səmərəli baxışını və tərəflərin iştirakını təmin etməkdir. Bu səbəbdən həm qanunun tələbləri, həm də məqsədi baxımından hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şuşa Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(077)-196/2024 nömrəli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-196/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sərdar Mehrəliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək Cavabdeh1 vəsatətinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş vəsatət kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında iddiaçı tərəfindən cavabdehlərin faktiki yaşadığı ünvan kimi Bakı şəhəri, Xəzər rayonu, Qaranquş sanatoriyasına göndərilmiş xəbərdarlıq məktubu olsa da, həmçinin birinci instansiya məhkəməsi də məhkəmə sənədlərini həmin ünvana göndərsə də, cavabdehin vəsatətinə əsasən onun qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Qaranquş sanatoriyasında məcburi köçkün kimi məskunlaşaraq qeydiyyata alınması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizəanketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehlərin vəsatətdə qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Qaranquş sanatoriyasında məhz məcburi köçkün kimi qeydiyyatda olmalarını araşdırmamış, nəticədə mahiyyətcə düzgün olmayan qərar qəbul etmişdir. Buna görə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(077)-196/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh X2 tərəfindən verilmiş məhkəmə ərazi aidiyyatının müəyyən edilməsinə dair vəsatətə yenidən baxılması üçün mülki iş Şuşa Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1211/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1211/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver