Məhkəmə qərarları › İş №2(105)-1214/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1214/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1214/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və əşyaların geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 64.600 (altmış dörd min altı yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 64.600 manat məbləğində pulun və yuxarıda qeyd etdiyi 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh E.S.Seyidov iki oğlu Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ona 64.600 manat məbləğində ziyan vuraraq dələduzluq etmiş, pulunu, bir maşın ev əşyalarını ələ keçirmişlər. ********* cinayət işi üzrə iş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından da məlum olunur ki, cavabdehlər onu torpaq sahəsi satmaq məqsədi ilə aldatmışdır. İş araşdırılarkən aydın olmuşdur ki, Tural bu işi tək yox, ailə üzvləri qardaşı Cavabdeh2 və anası Cavabdeh3 ilə əlbir olaraq etmişdir. Həmçinin istintaq zamanı toplanmış materiallarda kifayət qədər şübhələr əsasında Cavabdeh2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, bütün bu işləri ən başından idarə edən onların anası Esmira olmuşdur. O günə kimi o nə Vüsalı, nə də Turalı tanımışdır. 64.600 manat və 21 adda əşyaları ona dəymiş ziyan kimi keçirilmiş məhkəmə ekspertizası tərəfindən də təsdiqlənmişdir. İş Ağır Cinayətlər Məhkəməsində olarkən mülki iddia ilə bağlı ərizə təqdim etsə də təmin olunmamışdır. Belə ki, bir ev əşyaları dolu bir yük maşını Vüsalın və Esmiranın ailəsinə məxsus evin həyətinə boşaldılmışdır. Həmin əşyalar aşağıdakılardan ibarətdir: televizor-3 ədəd, qaz peçi - 1 ədəd, televizor altı - 2 ədəd, uşaq çarpayısı - 2 ədəd, vanna-7 ədəd, vedrə - 6 ədəd, tefal qazan - 5 ədəd, çuqun qazan - 6 ədəd, şirəli qazan - 7 ədəd, tefal tava - 10 ədəd, çuqun tava - 10 ədəd, ləyən -10 ədəd, yük arabası - 2 ədəd, emusiya- 6 vedrə (25 l), döşəmə lakları - 5 qab (25 l), su torbası kəsən ütülər - 3 ədəd, çəkic – 10 ədəd, balta- 6 ədəd, mismar - 15 kq, bel - 6 ədəd, taxta - 1 kub, laqonda - 5 ədəd. Bu tikinti materialları yeznəsinin tikinti mağazasından qalan materiallar olmuşdur. Sözügedən əşyaların cavabdehlərin həyətində olmasını məhkəməyə təqdim etdiyi fotoşəkillər də təsdiq edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə dərindən araşdırma aparmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-5453/2020 saylı qətnaməsinin qismən dəyişdirilərək, qeyd edilən 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 məhkəməyə izahat göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməməsini bildirib, onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, zərərçəkmiş şəxs İddiaçı Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 özgə əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı torpaq sahəsi almaq istəməsi barədə niyyətini biləndən sonra sonuncunu inandırmaq üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan sonuncuya məxsus olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək özünü dayısı Sərviz Süleymanov kimi təqdim edərək istifadəsində olan torpaq sahəsini satmaq istədiyini bildirməklə İddiaçı inandırdıqdan sonra Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, dörd tərəfdən hasara alınmış, içərisində 3 ədəd yeni tikilmiş evlər olan 0,4 ha torpaq sahəsini göstərib həmin evlərin dayısı S.Süleymanova məxsus olduğunu, eləcə də, dayısının həmin torpaq sahəsini satdığını və həmin torpaq sahəsini dayısı 65.000 (altmış beş min) manat satmaq istəməsini bildirib, İddiaçı aldadaraq vahid niyyətlə xx xxxxxxx 2018-ci il tarixdə ünvan 1 ünvanının qarşısında ondan 3000 (üç min) manat, xx.xx.2018-ci il tarixdə təkrarən həmin yerdə ondan 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə 34.500 (otuz dörd min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 22.500 (iyirmi iki min beş yüz) manat, 2019-cu ilin aprel ayının əvvəllərində 600 (altı yüz) manat pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək İddiaçı külli miqdarda - 64.600 (altmış dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 64.600 (altmış dörd min altı yüz) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 64.600 (altmış dörd min altı yüz) manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 24 adda əşyaların Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində sözügedən hökmdə əşyalarının ona dəymiş ziyan kimi qiymətləndirildiyini qeyd etsə də, hökmdə həmin əşyalarla bağlı hər hansı qeyd yoxdur. Digər tərəfdən iddiaçı cavabdehlərin həyətinə televizor-3 ədəd, qaz peçi - 1 ədəd, televizor altı - 2 ədəd, uşaq çarpayısı - 2 ədəd, vanna-7 ədəd, vedrə - 6 ədəd, tefal qazan - 5 ədəd, çuqun qazan - 6 ədəd, şirəli qazan - 7 ədəd, Tefal tava - 10 ədəd, çuqun tava - 10 ədəd, ləyən -10 ədəd, yük arabası - 2 ədəd, emusiya- 6 vedrə (25 l), döşəmə lakları - 5 qab (25 l), su torbası kəsən ütülər - 3 ədəd, çəkic – 10 ədəd, balta- 6 ədəd, mismar - 15 kq, bel - 6 ədəd, taxta - 1 kub, 5 ədəd laqonda boşaltdığını və bu faktın məhkəməyə təqdim edilmiş foto-şəkillərlə öz təsdiqini tapdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən iddiaçının cavabdehlərdən tələb etdiyi sayda və adda əşyaların olubolmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırmaması barədə gətirdiyi dəlili qəbul etmir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)-5453/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar