Məhkəmə qərarları › İş №2(105)-1216/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1216/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1216/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə şifahi məhkəmə iclasında baxılması barədə məsələyə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4144 manat məbləğində sığorta ödənişinin, 61,44 manat ödənilmiş ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsi ilə (hakim Rövşən Xəlilov) iddia təmin edilərək, Cavabdeh 4144 manat məbləğində sığorta ödənişinin, 61,44 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. 03 iyul 2025-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsini almadığını bildirmiş və həmin qətnamənin ona verilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsinin surəti 03 iyul 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh 21 iyul 2025-ci il tarixdə Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsin 12 sentyabr 2024-cü tarixi, e-2(026)-435/2024 saylı qətnaməsinin olmasından 03 iyul 2025-ci il tarixdə icra məmuru onu dəvət edən zaman xəbər tutmuşdur. Onun qeydiyyatda olduğu yer ilə faktiki yaşadığı yer fərqli olduğu üçün ona qətnamənin surəti çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamənin rəsmi qaydada ona 03 iyul 2025-ci il tarixdə verilməsini nəzərə alaraq və ötürülmüş müddəti üzrlü hesab edərək prosessual müddəti bərpa etməklə apellyasiya şikayətinin qəbul edilməsini xahiş edir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı ilə (hakim Samir Mayılov) ərizə təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət vermiş, şikayətində Qobustan Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(026)-435/2024 saylı qərardadının ləğv edilməsini və Cavabdeh Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələblərinə əsasən məhkəmə sənədlərinin tərəfin rəsmi qeydiyyat ünvanına çatdırılması sənədlərin rəsmi qaydada verilməsi hesab edilir və qanunvericilik məhkəmə sənədlərinin bilavasitə tərəfin özünə təqdim edilməli olduğunu təsbit etmir. Hesab edir ki, məhkəmə əsassız olaraq ərizəni təmin etmişdir. Analoji işlər üzrə qərarlarda məhkəmələr məhkəmə sənədinin rəsmi qeydiyyat ünvanına göndərilməsini əsas gətirməklə, qətnamənin tərəfə təqdim edilməsini təsdiq edən poçt xəbərnaməsinin iş materiallarında aşkar edilməməsinə baxmayaraq, ərizəni təmin etməmişlər. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsi 16 sentyabr 2024-cü il tarixli göndəriş məktubu ilə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdehin ünvanına göndərilmiş sözügedən qətnamənin surəti poçt zərfi üzərində “bu ünvanda yaşamır” qeydi edilməklə məhkəməyə geri qayıtmışdır. 03 iyul 2025-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsini almadığını bildirmiş və həmin qətnamənin ona verilməsini xahiş etmişdir. Qətnamənin surəti 03 iyul 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh rəsmi qaydada təqdim edilmiş, 21 iyul 2025-ci il tarixdə isə qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş bir ay müddətinə apellyasiya şikayəti vermiş, şikayət vermə müddətini ötürməmişdir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə verilməsinə, eləcə də müddətin bərpa edilməsinə zərurət olmamışdır. Birinci instansiya məhkəməsi isə qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürülməmiş hesab etməli olduğu halda apellaysiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, məhkəmə sənədinin işdə iştirak edən şəxsin ünvanında göndərilməsi həmin sənədin alınmasını təsdiq etmir. Məhkəmə sənədinin alınması və ya alınmasından imtina edilməsi müvafiq sənədlə təsdiq olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(026)-435/2024 saylı qərardadı ləğv edilsin. Prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilsin. Qobustan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(026)-435/2024 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin dəftərxanasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar