Məhkəmə qərarları › İş №2(105)-1217/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1217/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1217/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini və Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxslər qismində cəlb etməklə hüquqi faktın müəyyən edilməsi haqqında ərizəsi barədə iş üzrə (açar sözlər: ərizənin baxılmamış saxlanılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2223/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderin surətindən görünür ki, ünvan 1, 107 saylı mənzili icarədar beş nəfər ailə tərkibi ilə (Müzəffərov M.B., Qasımova S., Müzəffərov S.M., ƏrizəçiM, Müzəffərova S.M.) Müzəffərov Müzəffər Balaxan oğluna ayrılmışdır.

2. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 334789 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Müzəffərov Müzəffər Balaxan oğlu xx.xx.2023-cü il tarixdə sol mədəcik çatışmazlığı xəstəliyindən ölmüşdür.

3. 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Müzəffərov Müzəffər Balaxan oğlu xx.xx.1959-cu il tarixdə Masallı rayonunda doğulmuşdur. Ailə üzvləri: 1) X1 qızı-xx.xx.1961-ci il təvəllüdlü (vəfat edib), 2) X5 oğlu -xx.xx.1981-ci il təvəllüdlü, 3)Oğlu- Ərizəçi – xx.xx.1982-ci il təvəllüdlü, 4) X2 qızı-xx.xx.1986-cı il təvəllüdlü.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2022-ci ildən etibarən X8, X25 oğlu, X9, X15, X16, X12, X3, X7, X13, X10 ilə birlikdə ünvan 1, 107 saylı mənzildə qeydiyyatdadırlar.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 15 yanvar 2024-cü il tarixdə verilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə dair Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 11/325 nömrəli orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxslərin ata adları tam yazılmamışdır. Bildirilir ki, siyahı üzrə qeyd olunan şəxslərin ata adlarının dəqiqləşdirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3-21-3- 31/2-4199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu göndərilmiş, lakin bu günə qədər sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini və Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxslər qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir

7. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası SSR Sumqayıt şəhər xalq deputatları icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderinə əsasən Müzəffərov Müzəffər Balaxan oğluna ünvan 1, 107 saylı mənzilə order verilmişdir. Həmin orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxlərin ad və soyadları qeyd olunmuşdur. Orada ərizəçinin də adı Ərizəçi M. kimi qeyd olunub. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-125/2024 saylı ərizəsində sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısında ata adının tam yazılmaması göstərilərək çıxarış verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderdə Ərizəçi M. oğlunun Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderdə Ərizəçi M. oğluna dair qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2223/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Azərbaycan Respublikası SSR Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderdə Ərizəçi M. oğlu barəsində aparılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 307.1, 307.2.5, 307.2.11, 308, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2223/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməlidir.

13. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası SSR Sumqayıt şəhər xalq deputatları icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderinə əsasən Müzəffərov Müzəffər Balaxan oğluna ünvan 1, 107 saylı mənzilə order verilmişdir. Həmin orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxlərin ad və soyadları qeyd olunmuşdur. Orada ərizəçinin də adı Ərizəçi M. kimi qeyd olunub. mülki işi üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizəçi Müzəffərov Müzəffər Balaxan oğluna və onun ailə üzvlərinə verilmiş ünvan 1, 107 saylı mənzilə dair Azərbaycan Respublikası SSR Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 29.237.1 saylı qərarında və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürməsi şöbəsi tərəfindən verilmiş29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderdə ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcar Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq düzəliş edilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibati orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir, müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. İdarə tərəfindən müvafiq mülki iş üzrə 2 saylı Sumqayıt Ərazi İdarəsinin tərəf kimi işdən çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-1580/2024 saylı məktub göndərilmişdir.

14. Ümumiyyətlə qeyd olunmalıdır ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir.

15. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, ərizəçi ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;

18. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; .....

19. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

20. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

21. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.

22. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ....

23. 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; .....

24. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: .... 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ....

25. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: .... 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

26. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; ...

27. Maddə 384.0. və 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

28. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı

29. Bənd 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

30. Bənd 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

31. Bənd 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

32. Bənd 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Hazırkı halda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2223/2024 nömrəli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.

37. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.

38. Kollegiyanın qənətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülərkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, MPM-in 149.2.4 və 152.1.6-cı maddələrinin tələbindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir.

39. İşdən görünür ki, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası SSR Sumqayıt şəhər xalq deputatları icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderinə əsasən Müzəffərov Müzəffər Balaxan oğluna ünvan 1, 107 saylı mənzilə order verilmişdir. Həmin orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxlərin ad və soyadları qeyd olunmuşdur. Orada ərizəçinin də adı Ərizəçi M. kimi qeyd olunmuşdur.

40. Belə ki, Ərizəçi Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürməsi şöbəsi tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli, 11/325 saylı orderdə ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqana (və ya onun hüquq varisinə) müraciət etmədən, xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

42. Birinci instansiya məhkəməsi isə hazırkı ərizəni icraata qəbul edərək, mahiyyəti üzrə baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

44. Yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, ilk növbədə qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən ərizənin verilməsinin qanunla müəyyən edilmiş qaydasına riayət olunmalıdır. Əgər belə qaydalara riayət olunmamışdırsa bu ərizənin və ona əlavə olunmuş sənədləri geri qaytarılması üçün, geri qaytarılmadığı halda isə səhvən icraata qəbul edilibsə, bu halda ərizənin baxılmamış saxlanılması üçün əsasdır.

45. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının tələbinə əməl etməmiş, qeyd edilən ərizəni baxılmamış saxlamamış, ərizə əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu da yolverilməzdir.

46. Kollegiya izah edir ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair məhkəməyə müraciət etməmişdən əvvəl ərizəçi tərəfindən həmin sənədləri vermiş inzibati orqana (və ya onun hüquqi varisinə) müraciət olunmalıdır.

47. MPM-in 4-cü, 5-ci, 149-cu, 216-cı və 218-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir.

48. Lakin qeyd olunan nöqsanların apellyasiya icraatı zamanı aradan qaldırılması qeyrimümkün olmaqla, apellyasiya instansiyasının səlahiyyətinə aid deyil. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bu nöqsanları davam etdirməyərək, ərizənin baxılmamış saxlamaq qənaətinə gəlir.

49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2223/2024 nömrəli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.

50. Ərizəçiyə ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır.

51. Azərbaycan Respublikası MPM-nin 402.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2223/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar