Məhkəmə qərarları › İş №2(105)-1225/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1225/2021

18.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1225/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağali oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı, onun nümayəndəsi və vəkili X27 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-550/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-550/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır. Belə ki, qeyd edilən mülki iş üzrə məhkəmə tərəfindən uzun müddət araşdırma aparılmış, sonda məhkəmə nədənsə qərardad çıxararaq iş üzrə icraata xitam vermişdir. Qərardadda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə işin icraatına xitam vermişdir. Məhkəmə qərardadında nəyə görə və hansı əsasla bu mülki işin inzibati məhkəmədə baxılmalı olmasını əsaslandırmamışdır. Məhkəmə qərardadda qeyd edir ki, o, ilk öncə çıxarışın ləğv edilməsi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, reyestr xidməti qətnaməni icra etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmənin gəldiyi nəticə qanuna əsaslanmır, o, məhkəməyə çıxarış almaq üçün deyil, cavabdehlərin adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi üçün müraciət etmişdir, yəni vəzifəli şəxsin üzərinə vəzifə qoyulması tələbi olmadığına görə çıxarışın etibarsız hesab edilməsi əsaslı olduqda, iş rayon məhkəməsinə aiddir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X45 şikayətdə göstərilənlərə uyğun izahatlar verdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X59 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə işin icraatına xitam verərkən mülki işə ümumi məhkəmələrdə baxılmalı olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə 2/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2, 1/5 hissədə Cavabdeh3 və 2/5 hissədə Cavabdeh4 adlarına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə görə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)- 354/2012 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X23, X12, İsmayılova Könül Fikrət qızı, X25, X10 JN 2xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X17, X7, X18, Nəsirov Nurəddin Cəmov oğlunun, X11, X4 JN 5xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,20 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X28, X13, X29, X20, X30, X31, X14 JN 5xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,40 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X36, X24, X32, Talıbova Könül Muxtar qızı və X21 JN 5xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X3, X22, X5, X1, X2 JN 5xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X33, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 JN 5xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə İddiaçı satmalarına dair aralarında tərtib olunmuş alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(027)- 354/2012 saylı qərardadı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-354/2012 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, həmin qərardaddan cavabdehlərin verdikləri şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2027/2020 saylı qərardadı ilə təmin edilməmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə baxmayaraq, iddiaçı həmin qətnamə əsasında torpaq sahəsini öz adına rəsmiləşdirməmiş və torpaq sahəsinə dair çıxarış almamışdır. Lakin həmin müddət ərzində cavabdehlər mübahisəli torpaq sahəsinə dair çıxarış alaraq, torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. İddiaçı cavabdehlərin adına tərtib edilmiş çıxarışın qanunsuz olduğunu iddia edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı ilk öncə çıxarışın qanunsuz olduğundan ləğv edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, həmin orqan Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)- 354/2012 saylı qətnaməsini icra etməkdən və mübahisəli torpaq sahəsi üçün tərtib edilmiş çıxarışı ləğv etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçının şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-550/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar