Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1237/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı2, Cavabdeh: X2, Cavabdehin vəkili: X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı payın natura qaydasında bölünməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı payın natura qaydasında bölünməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi məhkəməyə müraciət edərək, Quba rayonu, Alpan kəndində ataları X5 məxsus olmuş və ondan miras qalmış fərdi yaşayış evinin naturada bölgüsü aparılaraq onlara məxsus payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, mərhum ataları İ.Ş.Əhmədov və anaları X6 ilə birgə nikahda olarkən Quba rayonu Aplan kəndində 2 otaq və 1 balkondan ibarət ev inşa etmişlər. Valideynlərinin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Mərhum ataları cavabdeh Güləbatın Əhmədovla ailə quraraq həmin evdə yaşamışlar. Ataları xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin ev cavabdehin istifadəsində qalmışdır. Cavabdehdən həmin evə onlarında paylarının müəyyən edilməsii tələb etmişlər, cavabdeh onlara atalarında qalan mirasdan pay verəcəyini desə də, indiyənədək bununla bağlı heç bir qanuna müvafiq tədbir görməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən heç bir sənəd əldə edilməmiş və sənədlərə hüquqi qiymət verilməmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1920/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən miras qalmış əmlakın bölünməsinə dair heç bir sənədin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Quba RİHB -nin Alpan İnzibatı Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-2000-ci illər üzrə Alpan kəndinə aid 8 №-li təsərrüfatbaşına kitabda vətəndaş X7 708 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 1993-cü ildən 1996-cı ilə kimi 0,06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Evi haqqında kitabda məlumat yoxdur. Həmin təsərrüfatın əlavə məlumatlar qrafasında “xx.xx.1996-cı il tarixli sovxozun 28 saylı əmrinə əsasən əlavə 0,06 ha torpaq verilib, imza” sözləri yazılmışdır. Alpan icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə Alpan kəndinə aid 2 №-li təsərrüfatbaşına kitabda vətəndaş İ.Ş.Əhmədov 143 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümümi sahəsi 70 kv. metr, o cümlədən yaşayış sahəsi 17,5 kv. metr olan 1997-ci ildə tikilmiş yaşayış evi və xüsusi mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan İnzibatı Ərazi Vahidi üzrə Nümayəndəliyinin xx xxxx 2004-cü il tarixli 728 saylı arayışında təsərrüfatbaşına kitablar vaxtında verilmədiyi üçün 1991-2000-ci illərə aid məlumatlar 1991-1995-ci illər üzrə kitablarda yazılmışdır. Sabir adına sovxozun 1992-1993-cü illərə aid əmr kitablarında vətəndaş İ.Ş.Əhmədova həyətyanı torpaq sahəsi verilməsi barədə məlumat aşkar edilməmişdir. Mülki Məcəlləyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.1, 213.2). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir (maddə 215.4). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.1-220.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıların iddia etdikləri daşınmaz əmlakla hər-hansı bir hüquqi bağlılıqları olmadığından onların cavabdehə qarşı belə bir iddia irəli sürmək hüquqları yoxdur. Məhkəmə həmçinin yuxarıda qeyd edilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə istinad edərək qeyd edir ki, bölünməsi tələb olunan fərdi yaşayış evi tərəflərin mülkiyyətində olmadığından ümumi mülkiyyət hesab olunmur, ona görə də iddiaçılar fərdi yaşayış evinin fiziki (naturada) bölügüsünü tələb edə bilməz. Belə ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyət sənədləri mövcud olmadığından iddiaçılar həmin fərdi yaşayış evinin mülkiyyətçiləri hesab edilə bilməzlər. İddiaçılar atalarının vəfatından sonra mübahisə predmeti olan fərdi yaşayış evinin ondan miras qaldığını iddia etsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Belə olan halda, mübahisə predmeti olan fərdi yaşayış evinin naturada bölgüsü mümkün deyildir. İddiaçılar özləri də məhkəmə baxışı zamanı cavabdehin faktiki yaşadığı fərdi yaşayış evinin özbaşına inşa edilmiş tikili olduğunu etiraf etmişlər. Qanunvericiliyin tələbinə görə iddiaçıların həmin fərdi yaşayış evi üzərində hüququnun yaranması üçün, fərdi yaşayış evinin planları və təsvirləri tərtib edilməli, həmin fərdi yaşayış evi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməli və fərdi yaşayış evinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası İddiaçı1 məhkəmə tərəfindən heç bir sənəd toplamaması və iddianın təmin edilməməsi barədə gətirdiyi dəlili qiymət verərək, hesab edir ki, bu dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mübahisə olunan əmlak miras kütləsinə daxil olması barədə tərəf heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-1920/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1237/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1237/2021
29.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver